Onlayn ictimai-siyasi qəzet
Oktyabrın 11-də Nobel Sülh mükafatı öz sahibini tapmalıdır. Mükafat Nobel komitəsi tərəfindən hər il Osloda təqdim olunur. Laureatların müəyyən edilməsi qaydası Nobel Fondu tərəfindən müəyyənləşdirilir. Nüfuzlu mükafata əsas namizədlər arasında BMT-nin Fələstin Qaçqınlar Agentliyi (UNRWA), Beynəlxalq Ədalət Məhkəməsi və BMT-nin Baş katibi Antonio Quterreş də var. Papa Fransisk də mükafata namizəd olub. Ukrayna prezidenti Vladimir Zelenskinin bu mükafata namizədliyi yəqin ki, lətifədir, amma 286 namizəd arasında niyə o da olmasın ki? Gərək, Netanyahunun da adını yazaydılar...
Guya Azərbaycan xalqının düşməni olan Mixail Qorbaçov Nobel Sülh mükafatını haqq etmişdimi? Yüz dəfə “yox!” Qorbaçovun yarıtmaz siyasəti sayəsində SSRİ böyük bir düşmənçilik yuvasına çevrildi. Hər tərəf-Qarabağ, Fərqanə, Tiflis, Şimali Qafqaz qan ağlayırdı, hər yerdə göz yaşları axırdı. Amma o yaramaza himayəsi ilə yaranan Qarabağ probleminin ən qızğın vaxtında -1990-ci ildə Nobel Sülh mükafatı verdilər. Ədalətsiz idi. Nobel Sülh mükafatının özünün müəyyən etdiyi kriteriyalar var. Tapın, oxuyun. Heç birinin Qorbaçovun fəaliyyəti ilə yaxın-uzaqdan əlaqəsi yox idi. Demək, bu mükafatda xidmət yox, siyasət ön sıraya çıxır...
Ötən il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın namizədliyi irəli sürülmüşdü, bu il adı var ya yox, bilmirəm. Ankarada Türk Dövlətləri Təşkilatının zirvə görüşündə bu təklif verilmişdi. Macarıstan da Ukrayna üzrə danışıqlara vasitəçilik etdiyinə görə Ərdoğanın Nobel Sülh mükafatına namizədliyinin irəli sürülməsini təklif etmişdi. Türkiyə Prezidenti bu il də dəfələrlə Putin və Zelenskini danışıqlar masasında oturmağa çağırıb və vasitəçiliyə hazır olduğunu bəyan edib. Qərblə Rusiya arasında həbsdə olanların avqustda mübadiləsində də əsas rolu Ərdoğan Türkiyəsi üstlənmişdi. Bunlar bilinən faktlardır, diplomatik cəbhədə açıqlanmayan səylər əlbəttə ki, daha çoxdur...Amma o da aydındır ki, müstəqil mövqeyinə görə Ərdoğana bu mükafatı verməzlər.
Hələ 2021-ci ili yayında- “Nobel həftəsi” başlayanda yazmışdım ki, Nobel Sülh mükafatının həmin il məhz Azərbaycan Prezidenti İlham Əliyevə verilməsi lazımdır. Niyə İlham Əliyev verilməsinin zəruriliyini də anlaşılan dildə izah etmişdim. İllərdir “Cənubi Qafqazda təminatlı sülhə ehtiyac var” deyən dünya dövlətləri, BMT, digər beynəlxalq təşkilatlar deyildimi? “Əgər Qarabağ problemi həll olunmasa, status-kvo əbədi qala bilməz” deyən də onlar idi. Ağızucu olsa da, “qaçqınları, məcburi köçkünlərin yurd-yuvalarına qaytarmaq vacibdir, bu insan haqlarıdır” deyənlər də onlar idi. Regionda 30 ildən bəri davam edən işğal böyük ölçüdə sonunclandımı? O torpaqlara artıq həyat qayıdıb, tikilir-qurulur. İnsan haqları demirdilərmi? Yüz minlərlə insanın öz doğma torpağında yaşamaq haqqı bərpa olunub. Təkcə müharibə edən iki ölkədə deyil, bütün Qafqazda təminatlı sülh üçün ilk dəfə böyük imkanlar yaranıb. İlham Əliyev bu müharibənin tez və daha az itkisiz bitməsi üçün bacardığı hər şeyi etdiyini də kimsə dana bilməz.
Müharibədən keçən müddətdə də bütün dünya görür ki, Prezident Əliyevin fəaliyyəti, açıqlamaları yenə də sülhə xidmətdir, ədalətə, birgəyaşayışa, əməkdaşlığa çağırışdır. Prezident İlham Əliyev müharibədən keçən 4 ildə də sülhün təmin olunması üçün təşəbbüsləri davam etdirir. Ukraynada müharibənin dayandırılması ilə bağlı səyləri də bura əlavə edilməlidir. O da aydındır ki, Azərbaycanın enerji siyasəti də bölgədə sülhün möhkəmlənməsinə xidmət edir.
Azərbaycan Prezidentinin neokolonializmə qarşı mübarizədə ölkələrin və təşkilatların səylərini fəal şəkildə dəstəklədiyini də yaddan çıxarmaq olmaz. Bakı Təşəbbüs Qrupu 10-a yaxın beynəlxalq konfrans təşkil edib. Onlardan 3-cü BMT-nin Nyu-York, Cenevrə və Vyana qərargahlarında, biri Türkiyənin İstanbul şəhərində, digərləri isə paytaxtımızda təşkil olunub və bu proses davam da edəcək. Azərbaycanın dekolonizasiya istiqamətində atdığı addımlar, müstəmləkəçilikdən azad olmağa çalışan xalqlara əvəzsiz dəstəyini təəssüf ki, dünya “görmək istəmir”. Əslində, Prezident Əliyevin birbaşa nəzarəti altında aparılan bu proses beynəlxalq səviyyədə qiymətləndirməyi haqq edir, amma Fransa kimi ölkələr bu cür bəşəri dəyərlərə qarşıdırlar.
Prezidentin oktyabrın 4-də Cəbrayıldakı çıxışında da sülhə qarşı olan güclərə mesaj verib. Dövlət başçısı deyib ki, Ermənistan bir tərəfdən sülhdən danışır, digər tərəfdən genişmiqyaslı silahlanma aparır. “Silahları da kim verir onlara? Fransa və onun kimi anti-Azərbaycan ölkələr. O silahlar nə üçün onlara pulsuz verilir? Yəni dediyim kimi şəhər-kəndlərimizi yenə də bax, bu vəziyyətə salmaq üçün. Nə qədər çalışsalar da, heç nə alınmayacaq. Ancaq bu gün Cənubi Qafqazı rahat buraxsınlar, əl çəksinlər, getsinlər öz işləri ilə məşğul olsunlar, öz problemləri ilə məşğul olsunlar, öz qanlı keçmişlərini yusunlar, öz günahlarını yumağa çalışsınlar” deyə, Prezident bildirib.
İlham Əliyev bir daha “regionda sülhə qarşı olanlarla mübarizədə varam” deyir…Sülhə qarşı olanların sifarişi ilə Nobel Sülh mükafatı verilməsi isə absurddur, amma bu günümüzün reallığıdır…
Nazim SABİROĞLU,
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ