İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh yoxdur, amma ortada 4 ölkənin sənədi var - Bəs Bakının seçimi?!

Azərbaycan, Ermənistan, Rusiya və ABŞ sülh müqaviləsi ilə bağlı mətnləri təqdim ediblər, lakin ilin sonuna sayılı günlər qalır və ekspertlər hesab edirlər ki, sülh sazişinin imzalanması görünmür – bəyanatın bu bəndləri icra olunmasa...

Azərbaycan sülh yolu ilə nizamlanma haqqında saziş layihəsi hazırlayıb və onu Ermənistana təqdim edib. “Yeni Müsavat” yada salır ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında açıqlamışdı. Azərbaycan hesab edir ki, ilin sonunadək danışıqların üçüncü raundu keçiriləcək.

“Azərbaycan beş əsas prinsip əsasında müqavilə layihəsini hazırlayıb Ermənistan tərəfinə təqdim etdi. Bundan sonra danışıqların iki raundu baş tutub. Azərbaycan tərəfdən üçüncü şərhlər paketi artıq Ermənistan tərəfinə təqdim olunub və hesab edirik ki, bu ilin sonuna kimi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların üçüncü raundunun keçirilməsi mümkündür”, - deyə Bayramov vurğulamışdı.

Ermənistanın XİN başçısı Ararat Mirzoyan isə ilin sonuna qədər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin yekun variantını işləyib hazırlamağın mümkün olacağından əmin deyil. Bu barədə o, dekabrın 7-də ölkə parlamentində çıxışında bildirib: “Sülhün bərqərar edilməsi və ya münasibətlərin nizamlanması fəal mərhələdədir və davam edir. Yeni redaksiyadakı sənəd dövriyyədədir. Biz hazırda Azərbaycanın növbəti təkliflərini aldıq, öz növbəti təkliflərimizi təqdim edəcəyik. Təəssüf ki, tərəflərin bir çox məsələlərlə bağlı yanaşmaları hələ bir-birindən çox uzaqdır, amma danışıqlar da təmas nöqtələri tapmaq üçün aparılır”. Hazırda ilin sonuna qədər xarici işlər nazirləri səviyyəsində görüş planlaşdırılmayıb. “Amma təxmin edirəm ki, ilin sonuna qədər daha bir görüşümüz olacaq”, deyə o əlavə edib.

Beləliklə, Azərbaycan Ermənistana 5 prinsip əsasında sülh müqavilə mətni verib. Martda Rusiya tərəflərə sülh sazişi ilə bağlı layihə təqdim edib. Ermənistan tərəfi isə deyib ki, onlar da Azərbaycana müqavilə mətni veriblər və cavab gözləyirlər. Vaşinqtonun da sülh təklifini bura əlavə etsək, demək ortada indilikdə 4 sülh müqaviləsi təklifi var. Yada salaq ki, Rusiya prezidenti Vladimir Putin oktyabrın 27-də “Valday klubu”nun iclasında çıxışı zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasından söz açıb və “Vaşinqton variantı”nı gündəmə gətirib. Erməni politoloqlar da sülhün Vaşinqton və Moskva variantlarının olduğunu, guya Ermənistan rəhbərinin “Vaşinqton variantı”nı imzalamağa razılaşdığını, “Moskva variantı”nın ermənilərin maraqlarına uyğun olmadığını iddia edirlər.

Hazırda “Moskva, yoxsa ABŞ variantı” sualı Ermənistandan daha çox Bakını maraqlandırmalıdır. Çünki hər iki variant özlüyündə Bakı üçün təhlükəli tezislər ehtiva edir. Sülh modelinin ABŞ variantı Putinin də dediyi kimi, Azərbaycanın Qarabağ üzərində tam suverenliyinin tanınmasını əks etdirir. Yəni Ermənistan Qarabağı Azərbaycan ərazisi olaraq tanıyır. Lakin bu o demək deyil ki, İrəvan status tələbindən imtina edir. Əksinə, belə bir güzəştə gedərək Vaşinqtonun bu istiqamətdə dəstəyini daha çox qazanacaq və bu zaman Vaşinqton ermənilərə statusun verilməsi istiqamətində Bakıya təzyiqləri artıra bilər. O da vurğulanır ki, Bakı indiki məqamda prosesi bir qədər uzatmalı, ən azından Ukrayna-Rusiya müharibəsində Kremlin zəifləməsini, eyni zamanda ABŞ-ın beynəlxalq vəziyyətə uyğun olaraq prosesə baxış bucağını dəyişməyini gözləməlidir. Bəs, bizim siyasətçilər, analitiklər necə düşünürlər? Sülh müqaviləsinin bağlanması prosesi uzun illər acı bağırsaq kimi uzana bilərmi? Bakı Vaşinqton, yoxsa Moskva variantına gedəcək?

Dövlət şəhid və qazi ailələri üçün heç nəyi əsirgəməməlidir” – Arzuxan  Əlizadə – Yenicag.Az

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, sülh mətnində “rus variantı” bizim üçün heç bir halda məqbul sayıla bilməz: “Çünki orada ”status"a gələcəkdə baxılması nəzərdə tutulur. Bakı isə “status” mövzusuna nöqtə qoyub və ermənilərə hər hansı muxtariyyət verilməyəcək. O səbəbdən Amerika variantı mümkün ola bilər. Azərbaycan 5 bəndlik təklif irəli sürüb və bunun üzərində dayanılmalıdır. Sadəcə, əvvəldən də proqnozlaşdırırdıq ki, ilin sonuna qədər sülh müqaviləsinin imzalanması görünmür, qısa zamanda reallaşacağını da hesab etmirəm. Ermənistan da həvəsli deyil, Rusiya da məsələnin uzanması və gərginliyin qalmasında maraqlıdırlar. Çünki bu, onun bölgədə mövcudluğunu təmin edir. Belə olan halda sülh müqaviləsi imzalanması problemlidir. İndiki vəziyyətdə Azərbaycan diplomatik danışıqları gücləndirməklə yanaşı öz mövqeyini, gücünü göstərməlidir".

AMİP sədri qeyd etdi ki, İrəvan sülh müqaviləsinə getsə, məğlub vəziyyətə düşəcəklər: “Onlar Qarabağla bağlı güzəştə getməli olacaqlar. Bunu anlayırlar. Ona görə ümid edirlər ki, zamanı uzatdıqca bəlkə regionda şərtlər dəyişər, onların xeyrinə hansısa proseslər başlanar, erməni ordusu silahlanar və müqavimət göstərər. Ancaq bütün bunlar əbəsdir, onlar reallığı görürlər, heç bir dövlət Ermənistanı əvvəlki kimi müdafiə etməyəcək. O baxımdan sülhün alternativi yoxdur və bunu Paşinyan komandası da dərk edir”.

Analitik Elxan Şahinoğlunun sözlərinə görə, Kreml sahibi Vladimir Putinin təlimatıyla onun mətbuat katibi Dmitri Peskov patronunun diliylə “Rusiya İlham Əliyev və Nikol Paşinyan arasında görüşün keçirilməsinə kömək etməyə hazırdır” təklifini səsləndirib. “Putinin məqsədi vasitəçilikdə Brüsseli qabaqlamaqdır. İl ərzində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə 4 görüş keçirilib, 5-cisi noyabrda nəzərdə tutulmuşdu, olmadı, dekabra təxirə salındı. Ancaq Paşinyanın ”görüşdə Fransa prezidenti Emmanuel Makron da iştirak etsin" tələbi Brüssel görüşünü sual altına qoyub. Bundan istifadə edən Kreml təşəbbüsü ələ almağa çalışır. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya dəvət edilməsinin səbəblərindən biri də bu idi. Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında Azərbaycan və Ermənistan liderlərinin ilin sonuna qədər görüşə biləcəyini istisna etmədiyini söylədi, ancaq məkan göstərmədi. Lavrovun Bayramovla görüşünün ardından Kreml məkan yerini göstərdi: “Görüş Rusiyada keçirilsin”. Amma Rusiya ərazisindəki görüş və müzakirələr heç vaxt Azərbaycanın xeyrinə olmayıb",- deyə politoloq düşünür.

Yeganə Hacıyeva: "Qarşıdakı 3 il ərzində nəzarətimizdə olmayan..."

Yeganə Hacıyeva

Siyasi ekspert Yeganə Hacıyevanın sözlərinə görə, Azərbaycan bu məsələdə stabil mövqe nümayiş etdirir: “Məsələ burasındadır ki, 44 günlük müharibədən sonra indiyə qədər olan aralıq müddətdə Azərbaycanın sülh sazişi ilə bağlı baxışları dəyişməyib. Bizim 5 baza prinsipimiz var. Bunu da vasitəçilik edən tərəflər qəbul edib. Bir vaxtlar hətta Avropa Birliyinin nümayəndəsi də Ermənistana daha ciddi təkliflərlə çıxış etməyi məsləhət görmüşdü. Rusiyanın isə tam fərqli yanaşması var. Həmin ölkə bu sülh sazişinin imzalanmasını özünün Cənubi Qafqaz maraqları ilə uzlaşdırmağa çalışır. Bütün təkliflərini də bunun ətrafında verir”.

Y.Hacıyevanın fikrincə, ən əsası da budur ki, ortada olan heç bir təklifdə Qarabağın statusu ilə bağlı müddəa yoxdur: “Yalnız Rusiyanın planında status məsələsinin müzakirəsinin gələcək illərə saxlanması təklifi mövcuddur. Ortada necə sənəd olsa belə, Azərbaycan öz təkliflərinin üzərində duracaq. İlin sonuna qədər saziş imzalanmasa, bu, yeni şərtləri formalaşdıracaq. Ancaq indiyə qədər zəruri olan əsas addımlar bu istiqamətdə atılmayıb. Rusiya isə dolayı yollarla prosesi sabotaj edib. Vardanyanı ora göndərmək, Qarabağın təbii ehtiyatlarının talanında iştirak, rus adı ilə yeni təsissatlar yaratmaq, ermənilərin kütləvi etiraz aksiyasını təşkil etmək və başqa əməlləri bura aid edə bilərik. Fransa və Rusiyanın dəstəyi ilə Ermənistan sazişi imzalamaqdan yayınmaq yolunu seçib. Əslində, bu vəziyyət Rusiyanın özünə də sərf etmir. Kommunikasiyaların açılması Rusiya üçün ciddi iqtisadi dividendlər vəd edirdi. Ancaq biz görürük ki, Ermənistan bundan da yayınır. Belə olan təqdirdə, Azərbaycan da Ermənistanla Qarabağı birləşdirən yolu tam nəzarətə götürəcək. Artıq bu prosesə start verilib. Ermənistan Zəngəzurla bağlı məcburən güzəştə getməlidir. Başqa yolu qalmır. Ancaq ilin sonuna sayılı günlər qalır. Bu müddətdə sülh sazişi ilə bağlı hansısa addımların atılacağını gözləməyə də dəyməz. Çünki biz üfüqdə həmin işartıları görmürük. Ermənistan ilk növbədə imza atdığı bəyanatın 4 və 9-cu bəndlərini yerinə yetirməlidir. Bunu etmədən, heç bir sülh sazişindən söhbət gedə bilməz”.

Emil SALAMOĞLU 
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR