İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh üçün “yol xəritəsi” hazırdır? - Bakının İrəvana göndərdiyi o məktub...

Artıq anons edildiyi kimi, qarşıdakı bir həftə ərzində, oktyabrın sonunadək Brüsseldə Azərbaycan, Ermənistan və Avropa İttifaqı rəhbərlərinin - İlham Əliyev, Nikol Paşinyan və Şarl Milşelin iştirakı ilə növbəti üçtərəfli görüşü gözlənilir.

Dünən - oktyabrın 23-də isə Tehranda 3+3 formatında XIN başçılarının (Azərbaycan, Türkiyə, İran, Rusiya, Ermənistan və Gürcüstan) görüşü keçirlməli idi. Amma artıq məlum olduğu kimi, rəsmi Tiflis bu görüşə qatılmadı və Tehran görüşü 3+2 formatında keçirildi. Xatırladaq ki, Gürcüstan Moskvada keçirilən ilk görüşə də qatılmamışdı. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 3+3 formatında birinci nazirlər görüşündə iştirak etmək məqsədilə İran İslam Respublikasına işgüzar səfərə yola düşüb. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, səfər çərçivəsində nazirin tədbirdə çıxışı, eləcə də ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub. Ermənistan XİN rəhbəri Ararat Mirzoyan da Tehran görüşünə qatılıb. Rəsmi İrəvanın budəfəki danışıqlarda nə dərəcədə konstruktiv olacağını demək çətindir. Hakim "Vətəndaş Müqaviləsi" partiyasından olan deputat, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Koçaryan deyib ki, Ermənistan Azərbaycanla danışıqlar üçün Rusiya platformasını boykot etmir. APA-nın xəbərinə görə, Koçaryan bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə yanaşı digər postsovet inteqrasiya strukturlarının üzvü olaraq qalır və tədbirlərdə iştirak edir. Erməni deputat bu gün Tehranda keçirilməsi planlaşdırılan 3+3 platformasında danışıqlara toxunub: "İrəvan regiondakı situasiyanın normallaşdırılması üçün daha aydın formulların əldə olunacağını gözləyir".

Azərbaycanın sülh təşəbbüslərinin qarşılığında Ermənistanın Fransa ilə silah müqaviləsi imzalaması isə təhlükəsizliyi təhdid edən addımdır. Məlum olduğu kimi, Ermənistanın müdafiə naziri Parisə səfər edib. Əslində bu, Qarabağla bağlı “həmsədr”, “vasitəçi” funksiyasını yarıtmaz şəkildə icra etmiş Fransanın adına növbəti qara ləkədir. Tərəflər sülhə gəlmək istərkən Fransa özünün “kiçik bacısı”na silahlar, zenik-raket kompleksləri satır...

Bakupost.az - Üzeyir Cəfərov polkovnik kimi hərbi xidmətə qayıtdı

Üzeyir Cəfərov: “28 ildən çox məsələni uzadan tərəflər yenə də hansısa qara planlar həyata keçirirlər”

Bu arada Ermənistan XİN başçısının müavini Vaan Kostanyan İrəvanın Bakıdan sülh razılaşması ilə bağlı təkliflər paketi aldığını söyləyib. “Biz Azərbaycan tərəfdən təkliflər almışıq. Ancaq hələ ki tərəfimizdən cavab göndərilməyib, müzakirələr davam edir”, - V.Kostanyan əlavə edib. Ermənistanın davranışları ortaya suallar çıxarır: Bakı və İrəvanın təklif mübadiləsi daha nə qədər çəkəcək, tərəflər yolun harasındadır? Tehran görüşü anlaşmanı yaxınlaşdıra bilərmi, yoxsa əksinə? Bakının məhz Brüssel görüşü ərəfəsi İrəvana təkliflər göndərməsi təsadüfdürmü? Bu suallar ətrafında ekspertlərimizin cavablarını aşağıda təqdim edəcəyik. Maraqlıdır ki, Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftəsonu bildirib ki, Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün “yol xəritəsi” hazırlanıb: “Vurğulamaq istərdim ki, mənimlə Azərbaycan Prezidenti arasında Brüsseldə keçirilən görüşlər zamanı Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə münasibətlərin normallaşdırılması üçün yol xəritəsi hazırlanıb. Bu, Qranadada imzalanan dördtərəfli bəyanatda da əksini tapıb”. Paşinyan hesab edir ki, tərəflərin bu “yol xəritəsi”nə sadiqliyi sülh prosesini sürətləndirəcək. Növbəti sual ortadadır: artıq Qranada sənədində də əksini tapdığı iddia olunan hansı “yol xəritəsi”dən söhbət gedir? Bu yerdə xatırladaq ki, Azərbaycan və Türkiyə prezidentləri Qranada sammitinə qatılmayıb. Belə bir durumda ABŞ və Avropa İttifaqı (Aİ) yetkililərinin oktyabrın 20-də Vaşinqtonda birgə sammit keçirməsi də diqqətçəkəndir. Sammitin yekunlarına dair qəbul edilən birgə bəyanatda deyilir ki, Ağ Ev və Aİ Ermənistanla Azərbaycan arasında davamlı sülhün təşviqinə sadiqdir. “Biz Ermənistan və Azərbaycan arasında suverenliyin, sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında davamlı sülhün təşviqinə sadiq qalırıq. Biz Azərbaycanı Dağlıq Qarabağda (keçmiş - red.) qalanların, eləcə də öz evlərinə qayıtmaq istəyənlərin hüquqlarını və təhlükəsizliyini təmin etməyə çağırırıq. Biz həmçinin bütün tərəfləri gücdən istifadə etməmək və onun tətbiqi ilə hədələmə prinsipinə əməl etməyə çağırırıq”, - bəyanatda vurğulanır. Birgə bəyanatın əhəmiyyəti də nəzərə alınmaqla sülh gözləntiləri maraqlıdır. İlin axırına kimi heç olmasa, çərçivə sənədi imzalamaq mümkün olacaqmı? Bütün bu və ya digər suallarla bağlı ekspertlərimizin maraqlı cavabları var.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, bu ayın sonuna kimi biz Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı ilə bağlı hələ çox müsbət fikirlər eşidəcəyik: “Amma şəxsi qənaətimə görə, belə sənəd heç ilin sonuna kimi də imzalanmayacaq. Ona görə ki, Moskva sülh sənədinin Rusiyadan kənarda imzalanmasını istəmir və o, buna hər vəchlə imkan verməmək üçün hərəkətlərini davam etdirəcək. Tehranda keçirilən görüşdə də bizim üçün hər hansı irəliləyişlərin olacağına ümid azdır. Tərəflər arasında hələ ki "yazışmalar" davam edir və bunun tez bir zamanda hansısa konkret nəticələrə gətirəcəyini də düşünmürəm".

Ü.Cəfərov qeyd etdi ki, ötən ilin sonunda imzalanması gözlənən sülh müqaviləsinin hələ indilərdə tərəflər arasında müzakirə olunması da durumla bağlı təsəvvür formalaşdırır: “Ən azından Ermənistan XİN başçısının müavini Vaan Kostanyan İrəvanın Bakıdan bu yaxınlarda sülh razılaşması ilə bağlı təkliflər paketi aldığını söyləyib. Deməli, hələ o paketdə nələrin olmasını ermənilər özləri, onlara havadarlıq edənlər öyrənəcək, öz "dahi təkliflərini" yazacaq və Azərbaycan tərəfinə qaytaracaq. Bu da böyük vaxt itkisi deməkdir. Hesab edirəm ki, bu minvalla tərəflər hələ uzun müddət “...görək kim kimi yordu” kimi anlaşmaqda çətinlik çəkəcəklər. Tehran görüşündə də Ermənistan və ona birbaşa və dolayısı havadarlıq edən tərəflər məsələnin uzanması üçün əllərindən gələni edəcəklər. Görüntü xatirinə yenə hansısa ikinci və ya üçüncü dərəcəli bir sənəd imzalanacaq ki, guya hansısa müzakirələr və razılaşmalar əldə olunub. Qarabağla bağlı nə qədər müzakirə aparmaq olar? Çox maraqlıdır ki, 28 ildən çox məsələni uzadan tərəflər yenə də hansısa qara planlar həyata keçirirlər ki, problem birdəfəlik öz həllini tapmasın. Vaxt isə gedir. Hələ qarşıda görüləsi xeyli vacib işlər var. Ərazi bütövlüyümüz həllini tapsa da, orada görüləsi işlərin yubadılması kənar qüvvələr tərəfindən Azərbaycana süni maneə yaradılmaqla davam etdirilir".

Koronavirusa yoluxan Sahib Məmmədov evə buraxılıb: "Xəstəxanlara çox ağır  xəstələr gəlir"

Sahib Məmmədov: “Ermənistan tərəfi hələ ki mövcud reallığı ya qəbul etmək istəmir, ya da etməyə hazır deyil”

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov bildirdi ki, müxtəlif formatlarda və müxtəlif yerlərdə görüşlərin keçirilməsini bütövlükdə müsbət hal hesab etmək olar: “Bununla belə, yaxın müddətdə planlaşdırılan görüşlərin Azərbaycanla Ermənistan arasında, məsələn, bu ilin sonunadək sülh müqaviləsinin bağlanmasına gətirəcəyini demək mümkün deyil. Azərbaycan tərəfindən göndərilən təkliflər Azərbaycan Prezidentinin və dövlətinin irəli sürdüyü əvvəlki şərtlərdən, təkliflərdən o qədər də fərqlənməyəcək. Bizim təkliflər beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq qarşılıqlı olaraq ərazi bütövlüyünün rəsmən tanınması, dövlət sərhədinin delimitasiya və demarkasıyası, Zəngəzur dəhlizində kommunikasiyanın bərpası və Azərbaycan nəqliyyat vasitələrinin, yüklərinin, vətəndaşların hər iki istiqamətdə maneəsiz gediş-gəlişinin təmin olunması ilə bağlıdır. Ermənistan isə antiterror tədbirlərindən sonra ritorikanı bir qədər dəyişsə də, yenə Qarabağdan köçən erməni mənşəli əhalinin müəyyən şərtlərlə geri qayıtmasını istəyir. Həmçinin hansısa muxtariyyət təklifləri irəli sürürlər. Əlbəttə, hər hansı muxtariyyətdən söhbət gedə bilməz və Azərbaycan Respublikasının Konstitusiyasında başqa bir muxtar qurumun (Naxçıvandan başqa) mövcudluğu nəzərdə tutulmur”.

S.Məmmədov qeyd etdi ki, erməni mənşəli əhali Azərbaycanda yaşayan bütün xalqlarla eyni hüquqlara malik olmaqla öz ana dilindən, mədəni sərvətlərindən istifadə hüququna malik olacaq: “Bu baxımdan düşünürəm ki, Ermənistan tərəfi hələ ki mövcud reallığı ya qəbul etmək istəmir, ya da etməyə hazır deyil. Ermənistan hakimiyyətinə belə qərarlar verməyə və Azərbaycanın təkliflərinə razılıq verərək sülh müqaviləsi bağlamasına həm də ölkədaxli siyasi vəziyyət o qədər də imkan vermir. Bununla belə, müzakirə olunan bütün məsələlərə dair razılıq əldə edilməsə də, bir neçə məsələ üzrə ümumi prinsipləri müəyyən edən çərçivə sənədi imzalana bilər. Əlbəttə, əgər Ermənistanı təsir altında saxlayan dövlətlər də buna razılıq verərlərsə...” Ekpertimiz əlavə etdi ki, çərçivə sənədi hələ tam sülh müqaviləsi demək deyil: “O, yalnız bir neçə sahədə sonrakı danışıqların çərçivəsini müəyyən edə bilər. Həmçinin belə müqavilə olsa belə, həllini tapmayan məsələlər bu çərçivə sənədindən kənarda qalacaq. Hər halda, belə sənəd olarsa, bu, özlüyündə irəliyə atılmış bir addım sayıla bilər”.

Yazı çapa hazırlanarkən Tehran görüşünün nəticələri barədə rəsmi məlumat yayılmamışdı. Əslində qeyri-adi nəticəyə də ümid etmək olmaz. Ermənistanın sifariş icra etdiyini hər kəs bilir, bu mənada Qərbin əlində oyuncağa çevrilmiş bu ölkənin İran paytaxtında ciddi qərara imza atacağını düşünmək yanlışlıq olardı...

E.PAŞASOY,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR