Onlayn ictimai-siyasi qəzet
Bakı sülh danışıqlarında ATƏT-in gorbagor olmuş missiyasının ləğvini tələb edir, Ermənistan isə “bəlkə də qaytardılar” kimi utopik xülyalarla yaşadığı üçün razılaşmır...
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Ermənistanla sülh müqaviləsinin hansı şərtlərlə imzalana biləcəyi ilə bağlı rəsmi Bakının mövqeyini açıqlaması İrəvanda ciddi reaksiya doğurub.
Yada salaq ki, Elçin Əmirbəyov bildirib ki, Ermənistan konstitusiyası dəyişdirilməyənə qədər sülh müqaviləsinin imzalanması mümkün deyil. Digər problemli məsələ isə ATƏT-in Minsk Qrupunun ləğvinə Ermənistanın razılıq verməsidir. Bu bəyanatla əlaqədar factor.am saytı Ermənistan Xarici İşlər Nazirliyinə yazılı sorğu göndərib. Nazirlik konstitusiyaya dəyişikliklər prosesinin Ermənistanın daxili işi olması ilə bağlı əvvəlki mövqeyini sorğuya cavabında yenə təkrar edib. Minsk Qrupunun ləğvi məsələsi ilə bağlı deyilənlərə isə reaksiya bildirilməyib.
“Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, ATƏT-in Minsk Qrupunun hələ də rəsmən ləğv edilməməsinin arxasında Ermənistanın və məlum beynəlxalq dairələrin gizli planlarının olduğu bəllidir. İlk növbədə Minsk Qrupunun həmsədr ölkələri bu yolla bölgəmizə yenidən nüfuz edəcəklərinə ümidlərini itirmirlər. Ermənistan isə hələ də revanşist xəyalları ilə yaşadığı üçün keçmiş Dağlıq Qarabağ ətrafında münaqişənin nə vaxtsa yenidən başlayacağı və Minsk Qrupunun gərək olacağı ümidləri ilə ləğv edilməsinə tələsmir. Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, diqqəti sülh sazişinin imzalanmasına yönəltmək lazımdır, sazişdən sonra Minsk Qrupu öz-özünə ləğv ediləcək.
Prezident İlham Əliyev bu ilin fevralında Almaniyanın Münxen şəhərində ATƏT-in fəaliyyətdə olan sədri ilə görüş zamanı təşkilatın bu cür fəaliyyətsiz mexanizmlərinə diqqət çəkmişdi. Azərbaycan Prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda ATƏT-in Minsk Qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacibliyini bildirmişdi.
Arzuxan Əlizadə
AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Ermənistan ona havadarlıq edənlərin təhriki ilə revanşist addımlar atır: “Onlar "bəlkə də qaytardılar" xülyası ilə yaşayırlar. Ona görə ümidlidirlər ki, Minsk Qrupunu dirçəltmək olar. Əslində bu mexanizm çoxdan ləğv olunub. Çünki həmsədr ölkələr Ukrayna cəbhəsində fərqli səngələrdədirlər. Odur ki, bu qrupun bir araya gələrək fəaliyyət göstərməsi mümkün deyil. Üstəlik, onların üzərinə götürdüyü münaqişənin həllində vasitəçilik missiyasına artıq ehtiyac yoxdur - Qarabağın işğal olunması faktına Azərbaycan Ordusu son qoyub. O baxımdan Minsk Qrupunun ləğvi haqlı tələbimizdir və sülh danışıqlarında bu şərti irəli sürməyimiz yerindədir".
Partiya sədri vurğuladı ki, sadəcə, Ermənistanın yenidən silahlandırılması müşahidə olunur, bu azmış kimi, rəsmi İrəvan Azərbaycana qarşı ərazi iddialarından imtina məsələsini gündəmdən məqsədli şəkildə çıxarmağa çalışır, o cümlədən blokadada olan nəqliyyat kommunikasiyalarının açılması razılaşmasını arxa plana keçirməyə cəhd edir: "Bu da şübhəsiz ki, sülh müqaviləsinin yaxın zamanda imzalanmasını mümkünsüz edir. Əgər belə davam edəcəksə, o halda “Ermənistan” adlı qondarma dövlətin mövcudluğunu qoruyub saxlamaq problemi ilə üzləşəcəklər".
Ehtiram Mehdiyev
Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev isə bildirdi ki, Minsk Qrupunun ləğvi ilk növbədə ATƏT-in qərarı ilə olmalıdır: “Ermənistanın da buna razılıq verməsi mühümdür. Əslində etiraz da etməyiblər, amma susurlar. Görünür ki, Avropadakı tərəfdaşları onlara bu məsələdə razılıq verməməyi məsləhət görürlər. Xüsusən də həmsədr ölkələrin ikisi - Fransa və ABŞ açıq şəkildə Ermənistanı müdafiə edir, Makron Paşinyandan daha çox ermənilik edir, silah-sursat verməklə dəstəyi gücləndirirlər. Bu dövlətlər Minsk Qrupunda münaqişənin həlli üçün heç bir iş görmədilər, indi isə Ermənistana pıçıldayırlar ki, ləğvinə razılıq verməsin. Halbuki Minsk Qrupu çoxdan gorbagor olub və onun 30 illik səmərəsiz fəaliyyətindən sonra formal şəkildə mövcudluğu lüzumsuzdur”.
Partiya sədrinin müavini əlavə etdi ki, Rusiya da Minsk Qrupunun varlığında maraqlı deyil və bundan sonra həmsədr ölkələrin birgə toplantısı real görünmür: “Erməni məsələsində birləşməyi bacarsalar da, indi bölgədə şərtlər dəyişib. Əvvəla, Rusiya-Azərbaycan münasibətləri inkişafdadır. İkincisi, Ermənistan Rusiyanın şinelindən çıxmağa çalışır və ondan üz döndərir. Bu mənada Moskva erməni məsələsində ABŞ və Fransa ilə koordinasiyalı hərəkət etməyəcək. Bu ölkələr Ermənistanı Rusiyadan almağa çalışırlar. Bunun üçün Avropa Birliyinin mülki missiyası sərhədə göndərilir, silah-sursat verilir, birgə təlimlər keçirilir, bununla yanaşı, Ermənistan KTMT-nin "Kobalt-2024" təlimlərini boykot edir, Avroatlantik məkana inteqrasiya kursunu açıq göstərir... Belə olan halda, Rusiya, ABŞ və Fransa Minsk Qrupu formatında necə güclərini bir araya gətirə bilərlər? Axı həm Ukrayna böhranı onları ayırıb, həm də Ermənistanı Rusiyanın peykindən qoparmaq siyasəti yürüdülür. Onsuz da Lavrov bəyan edib ki, bu qrup ləğv edilib. O zaman Minsk Qrupunun olmadığını əminliklə deyə bilərik, yəni de-fakto yoxdur, qalır de-yure ləğvi..."
Qeyd edək ki, Minsk Qrupunun tarixi ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündən başlayır. Həmin görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunmuş, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilmişdi. 1994-cü il dekabrın 5-6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edilmiş, Minsk konfransına iki həmsədrin təyin olunması və Minsk Qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edilmişdi. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra isə 1995-1996-cı illər ərzində İsveç və Rusiya başçılıq ediblər. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər. 8 aprel 2022-ci ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında ATƏT-in Minsk Qrupunun ləğv edildiyini deyib.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ