İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh sazişinə “ev sahibliyi” mübarizəsi yenə qızışdı

Şarl Mişelin, ondan əvvəl isə Cozep Borrelin narazılıq doğuran açıqlamaları fonunda Avropa İttifaqının obyektiv vasitəçiliyinə inanmaq olarmı? İrəvan Moskva formatı ilə bağlı körpüləri ona görə yandırır ki...

Son aylar Azərbaycan-Ermənistan münasibətlərində xüsusi gərginlik olmasa da, rəsmilər arasında danışıqlar dalana dirənib. “Yeni Müsavat” yada salır ki, Azərbaycan Prezidenti İlham Əliyev Qranadadakı sülh danışıqlarına getməmişdi, bunu Makronun üçtərəfli danışıqlara müdaxiləsi və Türkiyənin görüşlərdə iştirakına imkan verilməməsi ilə izah etmişdi.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə Vaşinqtondakı danışıqlara qatılmamışdı. ABŞ rəsmiləri bildirmişdilər ki, Azərbaycan Ermənistan ərazisindən dəhliz açmağa çalışsa, ABŞ buna qarşı çıxacaq, hətta Azərbaycana birbaşa dövlət yardımını qadağan edən “907-ci düzəliş”in bərpa oluna biləcəyi ilə bağı xəbərdarlıq etmişdilər. Ermənistan rəsmiləri də Moskvanın vasitəçiliyi ilə sülh danışıqlarına isti yanaşmırlar. 

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel isə "AzadlıqRadiosu"na verdiyi müsahibədə sülh müqaviləsinin ilin sonunadək imzalanıb-imzalanmayacağı haqda konkret fikir bildirməyib. “Məndən ötrü vacib olan nəticədir. Bilirsiniz ki, biz Azərbaycan və Ermənistanla qarşılıqlı inamın bərpası üçün çox yaxından işləmişik. Biz müəyyən irəliləyişə də nail olmuşuq və mən çox nikbinəm. Biz Avropa İttifaqında tərəflər arasında sülh sazişinin imzalanması üçün səy göstərməkdə qərarlıyıq”, - deyə o bildirib. “Yüksək səviyyədə Azərbaycan-Ermənistan danışıqlarının son ay ərzində dayanmasını, Azərbaycan tərəfinin Avropa İttifaqı və ABŞ-ın vasitəçiliyi ilə danışıqlardan imtinasını necə şərh edərdiniz” sualına Ş.Mişelin cavabı belə olub: “Dekabrın 11-də burada Azərbaycanın xarici işlər naziri ilə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi arasında görüş olub. Bu onu göstərir ki, biz hər iki tərəflə daimi kontaktdayıq. Yaxın günlərdə Ermənistanın xarici işlər naziri ilə də görüş olacaq. Biz səhnə arxasında çox fəalıq, həm Azərbaycan, həm də Ermənistanla irəliləyiş əldə olunması üçün ciddi iş aparırıq. Azərbaycan və Ermənistanın birgə açıqlaması həm də ona görə baş tutdu ki, qismən biz də bu işdə iştirak etdik, onlara bu məsələdə kömək etdik, açıqlamada yer alan məsələlərdə mövqelərini yaxınlaşdırmaq üçün onlara müəyyən təkliflər, ideyalar verdik. Biz sülh sazişinin imzalanması yönündə əlavə addımların atılması üzərində işləməyə davam edirik. Eləcə də Brüsseldə baş tuta biləcək görüşlərin təşkili üzərində işləyirik. Amma fikrimizcə, görüşlərin yeri məsələsindən nəticəsi daha vacibdir”. 

“Ermənistan Azərbaycanla danışıqlarda müəyyən ardıcıllığı təmin etməyə çalışır və Qərb platformalarında əldə olunan əvvəlki prosesləri nəzərə alaraq, İrəvanın onları eyni formatlarda davam etdirməsinə üstünlük verilir”. 

Bu barədə jurnalistlərə hakim fraksiyadan olan deputat, xarici əlaqələr komissiyasının rəhbəri Sarkis Xandanyan İrəvanın danışıqların təşkili ilə bağlı Moskvanın təkliflərinə necə baxması sualını cavablandırarkən deyib. Ş.Mişelin müsahibədə dediklərində hasil olunan qənaət budur ki, Brüssel yenidən təşəbbüsü ələ alıb. Aİ rəsmisi müsahibədə də ona çalışıb ki, iki ölkə arasında təmaslardan məlumatlı olduqlarını, necə deyərlər, “sülh danışıqlarının” onların nəzarətindən kənar olmadığı haqda əminlik yaratsın. Azərbaycan və Ermənistanın birgə açıqlamasının Avropa Birliyinin qismən iştirakını qeyd etməsi də buna sübutdur. Bəs Ş.Mişelin, eləcə də ondan əvvəl Cozep Borrelin Bakıda ciddi narazılıq doğuran açıqlamaları fonunda Brüsselin obyektiv vasitəçiliyinə inanmaq olarmı? Bu bir daha onu göstərir ki, sülh sazişinə “ev sahibliyi” etmək uğrunda gizli mübarizə davam etməkdədir...

Azad MƏSİYEV

Azad Məsiyev

Bu mürəkkəb şəraiti “Yeni Müsavat”a şərh edən Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin sözlərinə görə, Ermənistan-Azərbaycan arasında sülh danışıqları üç müstəvidə getməkdədir: “İrəvan isə onlardan biri - Moskva formatı ilə bağlı körpüləri yandırır və bu da Qərbdən ona verilən təlimatın yerinə yetirilməsidir. Ona görə ki, Paşinyanı iqtidara gətirən qüvvələr Nikolun əlini gücləndirmək niyyətindədirlər və bu səbəbdən Avropa Azərbaycana təzyiq etməkdədir. İki dövlət arasında sülh sazişi ilə bağlı moderatorluq edən mərkəz bitərəf olmalıdır, amma ABŞ və Avropa Birliyi tez-tez balansı pozur, obyektiv ola bilmirlər. Mən Rusiyanın vasitəçiliyi ilə sülh danışıqlarına üstünlük verərdim və bununla altılıq platforması inkişaf etmiş olardı. Çünki hazırda Ermənistan-Azərbaycan arasında sülh sənədinin imzalanması ilə bağlı uğur əldə etmək olmur, Cənubi Qafqaza müdaxilələr, region uğrunda mübarizə ümumi işə əngəl olur. Ona görə məsələ regional müstəviyə endirilməlidir”. Siyasi analitikin fikrincə, onu da unutmayaq ki, ermənilər sözünün üstündə dayanmırlar. Ekspert hesab edir ki, əgər Qərb və Rusiya masalarında problem varsa, ikitərəfli danışıqlar da mümkündür: “Vasitəçi yalnız ev sahibliyi edə bilər, üçüncü dövlətin müdaxiləsi olmamalıdır. Sazişin mətnini iki tərəf razılaşdırır və imzalayır, burada üçüncü tərəfin şərtləri ola bilməz. Bu baxımdan, əgər Ermənistan altılıq formatını qəbul etmirsə, Gürcüstan variantı realdır, çünki rəsmi Tiflis bu danışıqlarda tərəf deyil, regionda sabitlikdə maraqlıdır. Ümumiyyətlə, bu bölgənin inkişafı region dövlətlərinə bağlıdır, onlar daha çox sülh müqaviləsini istəyirlər”.

Asif Nərimanlı: Xankəndinə 40 ton unun göndərilməsi ilə ilk addım atıldı –  Qərb Xəbər

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlı isə deyir ki, Qərb platformalarındakı mövcud gündəlik Azərbaycanın maraqlarına uyğun gəlmir, lakin bundan davamlı şəkildə imtina da təzyiqləri aktuallaşdırır: “Bu baxımdan, Azərbaycan ikitərəfli formatı irəli sürməklə həm Qərbin "istəyinə uyğun" olaraq, Rusiyanın vasitəçiliyini arxa plana keçirir, həm də marağında olmayan gündəliyin müzakirəsindən yayınır. İstisna deyil ki, rəsmi Bakı Ceyms O’Braynın səfəri zamanı Vaşinqton, yaxud Brüssel formatında danışıqların davam etdirilməsi istəyinə qarşı ikitərəfli formatda irəliləməyi irəli sürüb. Azərbaycan əvvəldən ikitərəfli formatı dəstəkləyir, xüsusilə üçüncü tərəflər olmadığı təqdirdə iki ölkənin məsələləri həll etməsi perspektivi daha real görünür". Təhlilçi düşünür ki, sülh müqaviləsi ilə bağlı tərəflər arasında fikir ayrılıqları aradan qalxmayıb, yaxud fikir ayrılıqlarının olduğu məsələlər üzərində irəliləyişə nail olunmayıb: “Kommunikasiyanın necə açılması, sərhədin hansı prinsiplər əsasında delimitasiyası praktiki müstəvidə çətinliklərlə üzləşir. İkincisi, bölgədə maraqlı tərəflərin - Qərb və Rusiyanın ikitərəfli formatın uzunmüddətli davam etməsinə imkan verəcəyi ehtimalı azdır, xüsusilə iki tərəfdən birinin prosesə müdaxilə cəhdi digərini də aktivləşdirəcək və sülh danışıqları ətrafında maraq mübarizəsi kəskinləşəcək. Artıq Blinken Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərini danışıqlar üçün gözləyir. Rəsmi Bakı buna cavab verməsə də, İrəvan hazır olduğunu bəyan edib. Və Ermənistanda ikitərəfli danışıqlarla bağlı "şərt" də irəli sürülür, “beynəlxalq tərəfdaşları və danışıqlarda vasitəçilik etmək istəyi və məsuliyyətini ifadə edən tərəfləri Azərbaycana təzyiqləri artırmağa çağıracaq” təhdidi səslənir. Bu o deməkdir ki, Bakının ikitərəfli formatda danışıqlar istəyi hələ ki qəbul edilib və “ilk fürsətdə” Qərb vasitəçilərini oyuna daxil etməyə çalışacaqlar. Vaşinqtonun görüşün təşkilinə hazırlaşması Moskvanın da adekvat addımına zəmin yaradacaq".

Emil SALAMOĞLU 
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR