Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın xoşməramlı mövqeyinə qarşı Ermənistandan məkrli qarşılıq; Nikol Paşinyan Fransa prezidentindən aldığı təlimatların icrasını davam etdirir
Rəsmi İrəvan növbəti dəfə gərginliyi körükləməyə çalışır. Azərbaycan dövləti diplomatik münasibətlər olmadığı halda, Ermənistanın baş naziri Nikol Paşinyana COP29-da iştirak dəvəti göndərir, Ermənistan tərəf isə sülh danışıqlarında iştirakdan belə boyun qaçırır. Bu, artıq iki ölkə arasındakı fərqi növbəti dəfə ortaya qoyur. Dövlətimizin başçısı da bugünlərdə rəsmi İrəvanın məkrli siyasətini açıq şəkildə ifadə etdi.
“Mahiyyət etibarilə real danışıqlar altı aydır - dekabr ayından başlayaraq gedir və o, xarici işlər nazirləri səviyyəsində həyata keçirilir. Müxtəlif ölkələrdə bir neçə görüş keçirilibdir. Sülh sazişinin mətninə gəldikdə, mənə xarici işlər naziri tərəfindən verilən məlumata görə, mətnin 80-90 faizi razılaşdırılıb. Ona görə də Ermənistan həmin o müddəanı və terminologiyanı oradan götürməyə razı oldu və beləliklə, normallaşma prosesində irəliləyiş baş verdi. Ancaq burada yenə də hazırda iki məsələ var. Birincisi, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir ki, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk Qrupu ləğv edilsin”.
“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışında Prezidenti İlham Əliyev belə deyib. Prezident deyib ki, sülh sənədinin mətni üzərində danışıqlar davam edir: “Deyə bilmərəm ki, xarici işlər nazirləri növbəti görüşü nə zaman keçirəcək? Bu gün mən daha az nikbinəm. Çünki bildiyiniz kimi, baş nazir Paşinyan mənimlə Britaniyada görüşməkdən imtina etdi. Bu, Britaniya hökumətinin təşəbbüsü idi. Təklif o idi ki, bizim aramızda belə bir görüş keçirilsin, həmin Oksford tədbiri çərçivəsində. Ermənistan tərəfi bu təklifi rədd etdi. Biz buna çox təəccübləndik, çünki dörd ay bundan əvvəl Kansler Şolts Münxen şəhərində bənzər bir görüş təşkil etdi. O, görüşdə iştirak edirdi, 5-6 dəqiqə ərzində bizimlə bir yerdə oldu, sonra otağı tərk etdi. Detallar bu idi. Belə bir format düşünülmüşdü ki, o, giriş sözündən sonra otağı tərk etsin. Baş nazir Paşinyan bundan imtina etdi. Yəni o, mənimlə danışmaq istəmirsə, hansı sülh sazişindən söhbət gedə bilər? O, Britaniyanın baş naziri ilə danışmaq istəmirsə, Londona və Oksforda niyə səfər edirdi? Yəni bir sıra məsələlərdə çox ciddi ziddiyyət var. Bir istiqamət mətndir - sülh sazişinin mətni, digəri isə, əlbəttə ki, dediyim kimi, Ermənistan konstitusiyasıdır. Ermənistan konstitusiyasında müstəqillik barədə müddəa var və orada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə var, təhdid var. Orada Ermənistanın və dırnaqarası "Dağlıq Qarabağ"ın birləşməsindən söhbət gedir. Yəni bu müddəa o konstitusiyada olduğu müddətdə sülh sazişi mümkün deyil".
Maraqlıdır ki, Prezidentin bu çıxışından bir neçə saat sonra Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub. Göründüyü kimi, Ermənistan hər vəchlə gərginliyin artmasına yönəlik cəhdlər edir. Son həftələrdə davamlı şəkildə guya sülh sazişini bir ay ərzində imzalamağa hazır olduğunu deyən Paşinyan özünə bir aylıq tətil verdi və bu dönəmdə London zirvəsi çərçivəsində Azərbaycan Prezidenti ilə görüş şansından da yararlanmaq istəmədi. Heç şübhəsiz ki, bu, Paşinyanın iradəsinə bağlı məsələ sayıla bilməz. Erməni baş nazir Böyük Britaniyada Fransa prezidenti ilə görüşdü. Bu fakt çox şeylər deyir. Ermənistana silahlar, ağır artilleriya göndərməsinə bəraət qazandırmağa çalışan Makrona indiki halda hər hansı sülh lazım deyil. Bu mənada Paşinyanın yenə də rəzil durumda Azərbaycan liderinin qarşısında oturması onun planlarını pozurdu. Məhz bundan sonra Kəlbəcər istiqamətindən tətiyin sıxılması da növbəti əməliyyatlara təhrik xarakterli planın tərkib hissəsi sayılmalıdır. Makron çox arzulayır ki, Azərbaycan əks-hücuma keçsin, Ermənistana növbəti zərbələr endirsin və bunun qarşılığında o da tərəflərin sülh əldə etməsi üçün vasitəçilərə ehtiyac yarandığı barədə iddialarını səsləndirsin, yenidən dövriyyəyə girsin, paralel şəkildə guya “Azərbaycanın yarada biləcəyi təhlükə”ni önləmək üçün Ermənistanı silahlandırsın. Bu planın həyata keçirilməsi Makrona həm də Rusiyanın, KTMT-nin Ermənistanı tək qoyduğu barədə “arqument” irəli sürməsi üçün çox lazımdır.
Ekspertlərin məsələ ilə bağlı maraqlı yanaşmaları var.
Arzu Nağıyev
Deputat Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, bir neçə gün öncə cənab prezident “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılışında önəmli məsələlərə toxundu: “Bunlardan birincisi həm Ermənistan, həm Azərbaycanın birgə müraciəti əsasında ATƏT-in Minsk Qrupunun ləğv edilməsi, digəri isə Ermənistan konstitusiyasına dəyişiklik edilməsi idi. Bildiyiniz kimi, 30 ilə yaxın bir müddətdə ATƏT-in Minsk Qrupu yaranma məqsədinə uyğun heç bir fəaliyyət göstərməyib. Bu müddət ərzində təşkilat gündəliyində olan tapşırıqları doğru yerinə yetirməmişdi. Azərbaycanın işğal altında olan torpaqlarını öz gücü ilə azad etməsi sözügedən təşkilatın heç bir işə yaramadığını düşünməyə əsas verir. Əlavə olaraq qeyd edim ki, bu təşkilatın tərkibinə daxil olan dövlətlər Ermənistanın dəstəkçiləridir. Ona görə də bu məsələdə heç bir şəffaflıqdan söz gedə bilməz. Zaman özü də bunu sübut etdi. İkinci məsələ isə Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının olmasıdır. Belə ki, burada olan bəzi müstəqillik haqda müddəalar Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdiddir. Əlbəttə ki, sülh bağlamaq istədiyiniz ölkəyə qarşı konstitusiyanızda ərazi iddiasının olması absurd məsələdir. Ona görə də bu məsələnin həlli sülhə gedən yolda önəmli addımlardan biri ola bilər”. A.Nağıyev bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın İlham Əliyevlə bir araya gəlməkdən imtina etməsinin kökündə də bu məsələnin durduğunu düşünür: “Ancaq rəsmi İravan başa düşməlidir ki, bu məsələ həll olmamış heç bir sülhdən söz gedə bilməz. Prosesin reallaşması üçün Ermənistan hakimiyyəti erməni cəmiyyətinə ideoloji təsir etməlidir. Biz dövlət olaraq hər zaman sülhün tərəfdarıyıq və hesab edirəm ki, Cənubi Qafqazda sülhü bərqərar etmək üçün heç bir dövlətin vasitəçiliyinə ehtiyacımız yoxdur”.
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı əmindir ki, Ermənistan sülh müqaviləsini imzalamaq istəmir: “Qəribə vəziyyət yaranıb: Paşinyan hər şeyə razılaşır, Prezident İlham Əliyevin işarə etdiyi kimi, hətta Azərbaycanın xoşlamadığı terminologiyadan da imtina edir. Amma müqaviləni imzalamaqdan yayınır. Görünür, ya özünün hansısa planları var, ya da xarici sifarişləri yerinə yetirir. Son müşahidələr göstərir ki, ABŞ sürətlə Ermənistana yerləşməyə başlayıb. Birgə hərbi təlimlər, amerikalı generalın, istisna deyil ki, generallarının erməni ordusunun rəhbərliyinə gətirilməsi və sair bu prosesin tərkib hissəsidir”. A.Nağı şübhə etmir ki, Ermənistanın məntiqsiz hərəkətlərinin “məntiqi” ABŞ-ın regiona gəlməsi üçün hazırlıq işlərinin görülməsindən ibarət ola bilər: “ABŞ rəhbərliyi, deyəsən, düşünür ki, Ermənistan Cənubi Qafqazda İsrailin Yaxın Şərqdə oynadığı rolu oynaya, vaxtaşırı ətraf ölkələrə "od püskürə" bilər. Bu, indi fantastik görünə bilər. Amma bu variantı da nəzərə almalı, hazır olmalıyıq. Ermənistanın əsas xüsusiyyəti parazitvarı həyat tərzidir, harasa yapışıb nəsə edə bilər, müstəqil mövcudluq təcrübəsi yoxdur".
Məhəmməd Əsədullazadə
Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Böyük Britaniyada Avropa Siyasi Birliyinin iclası fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın ikitərəfli görüşdən yayınması, İrəvanın Azərbaycanın təkliflərindən imtina etməsi və sülhdən yayınmasıdir: “Halbuki sənəd 90 faizə kimi razılaşdırılıb. Ermənistan konstitusiyasını dəyişməli və Minsk Qrupundan imtina etməlidir. Cənab prezident sadə təkliflər irəli sürüb. Amma Ermənistanın havadarı Fransa prosesi pozur”. M.Əsədullazadə şərti sərhədlərdəki təxribatı da təsadüfi saymır: “Ermənistanın ikitərəfli görüşdən yayınması ardınca Kəlbəcərdə atəşkəsi pozması ilə nəticələndi. Kəlbəcər istiqamətində Ermənistanın iddiaları var. Fransadan aldığı silahları buradan Azərbaycan istiqamətində yığıb. Bu istiqamətdə yeni silahlardan atəş açıb. Ermənistan Azərbaycana təzyiq edib, danışıqlarda güzəşt əldə etməyə çalışır. Nikol Paşinyana etibar etmək olmaz. Ermənistan Kəlbəcər istiqamətində atəşkəsi pozmaqla danışıqlarda güzəşt əldə etmək və sülhdən yayınmağa üstünlük verir. Bununla Azərbaycanın şərtlərini qəbul etmədiyini göstərir. Nəticədə bu proseslər Ermənistan üçün faciə ilə bitə bilər. İkitərəfli danışıqları pozan tərəf isə Ermənistandır. Qərb də bunu gördü”.
E.PAŞASOY,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ