Onlayn ictimai-siyasi qəzet
Ermənistan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Ermənistan Azərbaycana sərhədyanı ərazidə demarkasiya komissiyasının iclasını keçirməyi təklif edib. Açıqlamada Ermənistanın Azərbaycanla münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində səylər göstərdiyi qeyd olunub.
Prezident İlham Əliyev noyabrın 22-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokertini qəbul edərkən bildirib ki, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün artıq hər hansı əngəl yoxdur.
Atlas Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında qeyd edib ki, Ermənistanla danışıqlarda vasitəçiyə ehtiyac yoxdur. Politoloqun fikrincə, Brüssel, Vaşinqton və ya Moskvaya getməkdənsə, birbaşa danışıqları sürətləndirmək lazımdır: “Görüşlər ya sərhəddə, ya da Gürcüstanda davam edə bilər. Hər iki variantı reallaşdırmaq mümkündür. Hətta hər iki ölkənin nümayəndələrindən- hüquqşünaslar, diplomatlardan ibarət komissiya və ya qrup da yaratmaq olar. Sülh sazişinin mətni üzərində iş, sərhədlərin müəyyənləşdirilməsi, dəhliz məsələsi və s. məsələlər bu yolla müzakirə oluna bilər. Məhz bu halda sülh sazişinin imzalanması sürətlənər. Əks halda, proses uzanacaq. Birbaşa təmaslar olmalıdır. Xatırladım ki, vaxtilə Heydər Əliyev də Köçəryan da 2000-ci illərin əvvəllərində Naxçıvanda görüşmüşdü. Bu təcrübəyə qayıtmaq olar. Vasitəçilərin öz maraqları var- bölgədə möhkəmlənmək istəyirlər. Buna görə də vasitəçiyə ehtiyac yoxdur. Prezident İlham Əliyev də hesab edir ki, məsələni vasitəçi olmadan da həll etmək olar”.
Nigar HƏSƏNLİ,
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ