İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh müqaviləsini əngəlləmək üçün terror aktları törədilə bilər - Politoloq


"İki proqnozlaşdırılan gərginlik ola bilər. Bunlardan biri sərhədlərdə təxribatlar, digəri isə Ermənistanın daxilində ictimai-siyasi vəziyyətin gərginləşməsidir. Hətta Ermənistan siyasi rəhbərliyinə qarşı müəyyən terror hadisələri də ola bilər. Bu heç də təsadüfi deyil. Çünki erməni tarixi terror hadisələrilə zəngindir və bu xalqın terrorla əlaqəli xeyli ənənələri var".


Bu fikirləri Bakupost.az -a politoloq Oqtay Qasımov ermənilərin son günlərdə intensiv şəkildə atəşkəsi pozması ilə bağlı danışarkən qeyd edib.
Politoloq hesab edir ki, bölgədə maraqları olan ölkələr burada sabitliyin yaranmasını istəmirlər:


"Erməni silahlı qüvvələri tərəfindən mütəmadi olaraq atəşkəsin pozulması və zaman-zaman təxribatlara əl atılması halları da az deyil. Praqa görüşünə qədər, ondan sonra da onların dinc dayanmaq istəmədiyini görürük. Çünki Azərbaycanla Ermənistanın münasibətlərin normallaşmasını istəməyən dövlətlər var ki, onlar sabitliyin bərqərar olunmasında maraqlı deyillər. Onların təsiri nəticəsində bu cür təxribatlar olacaq. Rusiya hesab edir ki, Brüsseldə başlayan format və Praqda atılan addımlar onun maraqlarına uyğun deyil. Rusiya oyundan kənar qalıb, guya geopolitik intriqalar baş verir və onun iştirakı olmadan bu proses irəliyə gedə bilməz. Ona görə Rusiya əlindəki imkanlardan istifadə edərək, o cümlədən Ermənistandakı müxalifət tərəfdarları vasitəsilə həm sərhəddlərdə, həm də daxildə müəyyən təxribatlar həyata keçirərək prosesi əngəlləməyə çalışır".

Politoloq hesab edir ki, İran da bölgədə gərginliyin qalmasında maraqlıdır və Ermənistanı dəstəkləyir:

"İran Zəngəzur dəhlizinin açılmasını birmənalı şəkildə qəbul etmək istəmir. Bu baxımdan İran da prosesin əngəllənməsində maraqlıdır və onun da Ermənistana müəyyən təsiri var. Ona görə də həm Ermənistanda daxili siyasi vəziyyət müəyyən qədər gərginləşə, həm də sərhədlərdə bu cür təxribat hallarının şahidi ola bilərik. Lakin düşünürəm ki, Ermənistan hakimiyyətinin iradəsi olsa, bu əngəlləri aşa və konstruktiv mövqe sərgiləyə bilsə, o zaman proses irəliyə doğru gedə bilər. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Ermənistan sürətlə və konstruktiv şəkildə proseslərdə iştirak etsin, bir neçə ay ərzində əldə olunan razılaşmalar həyata keçirilsin. Bununla da iki ölkə arasında sülh müqaviləsi imzalansın. Əgər Ermənistan bizim sərhədlərimizə ağır silahları və kütləvi dağıntılara, itkilərə səbəb ola biləcək uzaqmənzilli raketlər, artilleriya sistemləri yerləşdirib, ərazi bütövlüyümüzə təhdid yaradacaqsa, təbii ki, Azərbaycan beynəlxalq hüquqa söykənərək təhdidləri aradan qaldırmaq imkanına malikdir. Elə təxribatlar olacaqsa, Azərbaycan tam legitim imkanlar əldə edəcək və Ermənistana sərt tədbirlərlə cavab verəcək".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR