Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. Bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev “X” sosial şəbəkə hesabında paylaşıb.
Onun sözlərinə görə, Kiyevdə Ukraynanın xarici işlər nazirinin birinci müavini Andrey Sibiha ilə görüşüb. Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçiriləcək COP29-da iştirak etmək üçün Ukrayna Prezidenti Volodimir Zelenskiyə ünvanladığı dəvət məktubunu A.Sibiha təqdim edib.
Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə də belə bir dəvət göndərəcəkmi? Rusiya və Ukrayna prezidentlərinin Bakıda keçiriləcək beynəlxalq tədbirdə eyni anda iştirakı mümkündürmü? Dünyanın diqqətinin Azərbaycanda olduğu bir vaxtda paytaxt şəhərimiz beynəlxalq tədbirə ev sahibliyi etməklə yanaşı, Rusiya və Ukrayna dövlət başçıları üçün də dialoq məkanı ola, sülh danışıqlarına ev sahibliyi edə bilərmi?
Mövzu ilə bağlı Medianews.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib ki, Prezident İ.Əliyevin ukraynalı həmkarı V.Zelenskini noyabr ayında Bakıda keçiriləcək dünya əhəmiyyətli COP29 tədbirinə dəvət etməsi ilə bağlı məlumatı ölkəmizin Ukraynadakı səfirinin “X” hesabında yayılıb.
Millət vəkili bunun rəsmi məlumat olduğunu diqqətə çatdırıb: “İndi daha çox bu sual ətrafında düşünmək olar ki, bu görüşdə Rusiya prezidentinin iştirakı reallıqda baş verərsə, o zaman Putin və Zelenski görüşünün baş tutması nə dərəcə mümkündür? Düşünürəm ki, Vladimir Putin də həmin tədbirə dəvət alacaq. Çünki bizim qarşılıqlı müttəfiqlik münasibətlərimiz var. Azərbaycan Prezidenti İlham Əliyev də bu günlərdə Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada işgüzar səfərdə oldu. Bu həm də BAM-ın 50 illik yubileyinə təsadüf edib. Həmin görüş çərçivəsində bir daha təsdiq olundu ki, ikitərəfli münasibətlərimiz yüksək səviyyədədir. Bu baxımdan eyni məntiqlə söyləmək olar ki, Putinin də Azərbaycanda keçiriləcək beynəlxalq tədbirdə iştirakı labüd görünür. Beləliklə, unikal şərait yaranır. Müharibə edən iki dövlətin başçıları Azərbaycana gəliblərsə, nəticədə sülh danışıqları üçün əlverişli mühit yaranır”.
Deputat E.Nəsirov deyib ki, Prezident İlham Əliyevin bu sahədə də çox güclü təcrübəsi və potensialı var: “Rusiya ilə Türkiyə arasında münasibətlərin son dərəcə gərgin dönəmində Azərbaycan Prezidenti öz missiyanı ortaya qoyub, münasibətlərin normallaşmasına gətirib çıxaracaq addımlar ata bilib. Belə olduqda, düşünürəm ki, unikal bir şərait yaranar ki, Azərbaycan Prezidentin vasitəsi ilə Ukrayna və Rusiya liderlərinin görüşü keçirilsin. Bu görüş baş tutacağı təqdirdə sülh proseslərində böyük dəyişikliklərə gətirib çıxara biləcəyini də ehtimal etmək mümkündür”.
Millət vəkili noyabr ayına qədər xeyli müddətin olmasını da vurğulayıb. Deyib ki, əgər bu müddət ərzində Rusiya-Ukrayna münasibətlərində hansısa dəyişikliyin, dönüşün baş verməsi sözügedən prosesə təsir edə bilər: “Hər halda bu tədbirdə onların obyektiv və ya subyektiv səbəblərdən iştirak etmələrinin qarşısı alınmırsa, iştirakları mümkünsüz olsa, bu başqa bir məsələdir. Lakin hər iki tərəfin bu tədbirə qatılacağı təqdirdə doğrudan da sülh prosesi üçün çox ciddi töhfələrin verilməsi imkanı yaranır. Bir daha qeyd edirəm ki, Azərbaycan və onun lideri İlham Əliyevin bu sahədə çox böyük təcrübə var. Həmçinin peşəkar diplomat olaraq, o, bu prosesə ciddi töhfələr vermək imkanındadır”.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ