İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sülh addımı yox, hakimiyyəti qorumağa yönəlmiş hoqqabazlıq”-Deputatdan kəskin mövqe

 

“Mən təkcə son bir ayın içində 180 dərəcə mövqe dəyişikliyi sərgiləyən, yəni qərb ölkələrinə səfəri öncəsi bir şey deyən, oradan əliboş döndükdən sonra yenə sülhdən dəm vuran Ermənistan hakimiyyətinin nə dediyinə yox, nə etdiyinə diqqət yetirilməsinin tərəfdarıyam. Hətta dediklərinin içində müəyyən təşəbbüsləri var ki, həmən təşəbbüslər də onların qətiyyən sülhə hazır olmadıqlarını göstərir”.

Deputat Sahib Alıyev bu fikirləri Musavat.com-a Ermənistan hakimiyyətinin sülh bəyanatlarını şərh edərkən açıqlayıb. O qeyd edib ki, rəsmi İrəvanın, məsələn, silahların alınması və yoxlanılması üzərində qarşılıqlı nəzarət mexanizmi haqda sərsəmləməsinə diqqət yetirmək lazımdır: “Bunu mən elə-belə sərsəmləmə adlandırmadım. Və burada hətta ona da eyham vurmuram ki, savaşda uduzmuş işğalçı bir ölkənin belə təşəbbüs irəli sürməyə mənəvi haqqı yoxdur. Baxın, Paşinyan gözəl bilir ki, Azərbaycan hazırda özünün müdafiə potensialını Ermənistanın növbəti işğal cəhdinin qarşısını almaqdan daha çox, digər təhlükələrdən sığortalanmaq üçün gücləndirir”.

Millət vəkili Ermənistanın əlinin gücləndirilməsinə hesablanmış məkrli siyasətə də diqqət çəkdi: “Ermənistana ikinci Qarabağ savaşı zamanı da, ondan əvvəl də hərtərəfli dəstək verənlərin sərhədlərimiz boyunca keçirdikləri təlimləri, səsləndirdikləri hədələri onlar görür və bilirlər. Nə kordurlar, nə də kar. Eyni zamanda o təlim keçirənlərin, bizə hədə gələnlərin Ermənistan sərhəddinin toxunulmazlığını özlərinin nəinki qırmızı xətti, az qala səcdə yerinə çevirdiklərindən də xəbərdardırlar. Belə bir reallıq ortada ola-ola alınan silahlar üzərində qarşılıqlı nəzarət mexanizmindən danışmaq primitiv riyakarlıqdan başqa bir şey deyil”.

Paşinyanın yenidən “konstruktivliyinin tutmasına” gəldikdə isə, S.Aliyevin fikrincə, bunun iki səbəbi var:

 “O, bir tərəfdən ABŞ-dən Bayden administrasiyası dönəmindəki dəstəyi ala bilməyəcəyini görərək, sözlərinə yenidən çəki-düzən verir. Ən əsası isə məncə o, yeni konstitusiya və milli təhlükəsizlik strategiyasının hazırlanması haqda tapşırıq verməklə Rusiya və İranı şantaj edir. Paşinyan hər iki dövlətin Ermənistanda onun rəqibləri ilə keçirdikləri açıq və gizli görüşlərdən, həmən görüşlərdə ter-petrosyanlara, köçəryanlara, sərkisyanıara hansı təlimatların verildiyindən xəbərdardır. Ona görə də Azərbaycanla sülhün yolunu açacaq dəyişikliklərə gediləcəyinin anonsunu verməklə həmən dövlətləri rəqiblərinə hakimiyyətinin və demək ki, özünün təhləkükəsizliyini təhdid edəcək səviyyədə dəstək verməkdən çəkindirməyə çalışır. Çünki nə İranın, nə də Rusiyanın Azərbaycanla Ermənistan arasında sülh istədiyini gözəl bilir. Bir sözlə, mən Paşinyanın konstruktivlik təsiri bağışlayan son “ideoloji” açıqlamalarına sülhə doğru atılmış addım kimi yox, hakimiyyətinin qorunub saxlanmasına yönəlmiş növbəti hoqqabazlıq kimi yanaşıram”.

ELŞAD,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR