İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şükür ki, Şuşada yaşamaq qismət oldu”

Şuşada toy edəcək Vətən müharibəsi qəhrəmanından təsirli sözlər

4 il öncə bu günlər Azərbaycan tarixinə möhtəşəm Zəfərlə yazıldı. Vətən müharibəsindəki qələbəmiz xalqımıza 30 il gözlədiyi duyğuları yaşatdı. Qəhrəmanlar sayəsində işğal altında olan Qarabağ azad edildi,  Azərbaycan xalqı və dövləti hələ uzun illər danışılacaq möhtəşəm qələbəyə şahidlik etdi. 

Qarabağın baş tacı Şuşa şəhəri isə 28 il 6 ay sonra, 2020-ci ilin 8 noyabrında işğaldan azad olundu.

Şanlı Azərbaycan Ordusunun bu möhtəşəm zəfər xəbərini, Prezident, Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciətində elan etdi:

“Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!

Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq".

Sabah Zəfər tariximizin 4-cü ili tamam olur. “Yeni Müsavat” qəzetinin əməkdaşı Vətən müharibəsinin qəhrəmanlarından biri ilə, Ülvi Rüstəmli əlaqə saxlayıb. Qarabağ qazisi qələbənin 4-cü ilində müharibə günlərini belə xatırlayır: “Vətən müharibəsində iştirak edəndə 24 yaşım var idi. Bakıda yaşayırdım. Əslən qarabağlı, şuşalıyam. Oktyabrın ayın 1-də Şuşa Hərbi Komissarlığından könüllü müharibəyə yollandım. Öncə bizi Füzuliyə apardılar, oradan da Qaraxanbəyli istiqamətində döyüşlərə qatıldıq. Oktyabrın 18-də ermənilərin minomyot atəşi nəticəsində yaralandım, kəllə-beyin travması aldım. Yaralı halda məni Xocavənd hospitalına apardılar. İki həftəlik müalicədən sonra Norcuyev Surxayın taboru ilə yenidən döyüşlərə qatıldım. Allah rəhmət eləsin! Xocavəndin Tuğ kəndindən döyüşə-döyüşə Şuşanın kəndlərinə çatdıq. İsa bulağının alt tərəfindəki meşəlikdən başlayaraq Şuşaya yol aldıq. Müharibənin son günləri idi. Şuşaya yaxınlaşmışdıq. O anları indiyə qədər sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. Özüm şuşalıyam deyə mənim üçün o günləri xatırlamaq ikiqat çətindir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Qəhrəmanımız hazırda Şuşada yaşayır və işləyir: “Çox şükür ki, artıq Şuşada yaşamaq qismət oldu. 7-8 ay öncə işləməyə gəlmişdim. Şuşalılar üçün tikilən yaşayış binasında komendant köməkçisi işləyirəm. Evim 10-15 gündən sonra hazır olacaq, ailəmiz də o zaman köçəcək, inşallah. Yaxın aylarda evlənəcəm. Toyumu Şuşada keçirəcəm”. 

Ülvi Rüstəmli “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub. 

Yeri gəlmişkən, Zəfər parkının ərazisində 8 Noyabr - Zəfər gününü əks etdirən memorial abidə ucaldılıb. Parkın girişində 44 tağ elementindən istifadə edilib. Tağlar Qələbəyə aparan rəmzi yolun başlanğıcını tərənnüm edir. İnşası davam edən tağın hündürlüyü 44 metr, eni isə 22 metrdir. Memorial abidə Zəfər gününü və sarsılmaz birliyi təcəssüm etdirəcək. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınıb. Zəfər muzeyinə park ərazisindən iki istiqamətdə giriş olacaq. Sahəsi 9 min 200 kvadratmetr olan muzeyin yan divarında Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan əsgər və zabitlərin adları qeyd ediləcək. Ziyarətçilər muzeyi gəzdikdən sonra park hissəsinə daxil ola biləcəklər. Zəfər parkında həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılacaq. Parkın sonunda Azadlıq Bayrağı meydanının inşası da nəzərdə tutulur. Yaddaş bağçası parkın son hissəsində yaradılacaq. Bu hissəyə enən cığır hündür haşiyəli çiçək və yaşıllıqlarla əhatə olunacaq. Yaddaş bağçasının ətrafında istirahət guşələri yaradılacaq, oturacaqlar qoyulacaq. Su hövzəsinin mərkəzində isə Azərbaycan Bayrağı dalğalanacaq.

Yazını hazırladı:  Nigar HƏSƏNLİ






ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR