Onlayn ictimai-siyasi qəzet
Ünlü müğənni Mustafa Cecelinin məşhurlaşdırdığı müğənni Şöhrət Məmmədovun avtomobil sürərkən əllərini sükandan çəkməsini, musiqi alətində nəsə ifa etməsini əks etdirən videoya görə cərimələnməsi adamı düşündürür. Fikirləşirsən ki, Alimpaşa müəllim demişkən, bunlar niyə belə edirlər, niyə belə olmalıdır.
Yox də, nə məcburdur ki, maşın sürə-sürə sintezator çalasan? Təb gəlib, beyninə bir melodiya dolub, bunu dərhal çalmasan, unuda bilərsənsə, variant var, çək avtomobili yolun sağına, musiqi alətində çal, telefonla da qeyd al, sonra zümzümə edə-edə sür get.
Yaxşı tutaq ki, ərindin, bunu etmədin, ta etdiyin bu qayda pozuntusunu niyə videoya çəkirsən?
Bəlkə lap bu videonun şəxsi arxiv üçün çəkilməsi vacib imiş, bunu da keçək, bəs niyə onu yayırsan, həm özün, öz hərəkətin haqqında iş verirsən, həm də gənclərə pis örnək olursan? Sabah onlar da sənin kimi sükan arxasında hoqqa çıxaracaqlar. (Göründüyü kimi, müəllif “hoqqa verəcəklər” trendinə qoşulmadı, çünki o ifadə yanlışdır, hoqqanı (fokusu) vermək olmur, çıxarmaq olur).
Allahdan, belə hərəkətlər yol polislərinin işini xeyi asanlaşdırıb. Daha yollarda patrulluq etməyə, bənzər qayda pozuntusi törədənləri izləməyə, onlarla mübahisə etməyə ehtiyac yoxdur, çoxu harada nə qələt qırırlarsa, hoqqabazlıq edirlərsə, çəkib qoyurlar internetə, olur daşdan keçən dəlil-sübut. Heş kimi dara-bara sala, “bu montajdır” deyə bilməz. Özün çəkmisən, özün yaymısan. Sosial şəbəkələri izləmək kifayət edir ki, hər gün xeyli sürücü belə haqq-hesablara görə cərimələnsin.
Bundan qabaq avtomobili saatda 180-lə (yüz həştad yox, yüz səksən) idarə edən və bu maşının spidometrinin şəklini çəkib sosial mediada paylaşan, daha sonra saytlarda fenomen olan qadın sürücü də cərimələnmişdi. Düzdür, xanım sürətli maşın sürərək özünü “bomba oğlan” kimi göstərənlərə babat dərs vermişdi, amma DYP rəsmiləri bu faktı başqa cür, qayda pozuntusu kimi qeydə aldılar.
Halbuki məsələyə at çapan, Beyrəklə güləşən Banuçiçək, Çənlibelə qalxıb Koroğlu ilə gender bərabərliyi davası edən Nigar, aynalı tüfəngi əlinə alıb at belinə qalxan Həcər prizmasından baxmaq olardı. Fəxr etmək olardı ki, bax, qədimlərdə elə igid, cəsur qadınlarımız olub, indi də avtomobili 180-lə sürən qadınlarımız var. O gün də bir qadın müğənninin sükan arxasında ilan oynatdığını, mahnı oxuya-oxuya ilanla söhbət etdiyini göstərən video yayılmışdı. Amma deyəsən, onu hələ cərimələməyiblər. Bəlkə də ilanın qorxusundan müğənniyə yaxınlaşmırlar.
Yeri gəlmişkən, son illərdə qadın sürücülərin kişi sürücülərdən daha bir üstünlüyü üzə çıxıb. Kişilər sükan arxasında onlar kimi telefonda mesaj yaza, danışa, ilan oynada bilmirlər. Maşallah, tfu-tfu (yaxşı mənada), göz dəyməsin...
Bəzən isə yollarda qayda pozanları özləri yox, başqa avtomobillərdəki videoregistratorlar çəkir. O gün bir video paylaşmışdılar. Biri qoşa xətti kəsib qarşıdan gələn avtomobilin yoluna çıxır, məlum olur ki, qarşısındakı qabağından yeməyən, “Gelandevagen” sürən biridir və buna yol vermək fikrində deyil. Ona görə də hamıdan ağıllı tərpənib qabağa düşmək istəyən sürücü məcbur olur ki, maşınını bir xeyli dal-dalı sürsün, çünki “Qalik”ə toxunsa, öz ucuz maşınının daha ucuz qiymətə satdırılacağını bilir.
Bu ibrətamiz hadisəni isə tıxacda duran avtomobilin videocihazı çəkmiş, sonra da sürücü onu yaymışdı. Hər gün bir qism qayda pozucusu da belə çəkilişlərin güdazına gedir. Amma bu trendi inkişaf etdirmək lazımdır. Qoy DYP hər sürücüyə videoregistrator alıb bağışlasın. Səyyari radar kimi bir şey olar. Hamı bir-birinə nəzarət edər, başqalarının qayda pozuntularını çəkər. Sürücülərin üçdə biri çəkilənləri lazımi kompüterlərə ötürsə, kifayətdir. Nəticədə həm dövlət büdcəsinə əlavə vəsait cəlb olunar, həm də bu minvalla qayda pozuntuları azalar, bəlkə də sıfırın üstünə düşər.
Düzdür, bunun adını el arasında “işverənlik” qoyacaqlar, amma başın salamatlığı, yol hərəkətinin təhlükəsizliyi daha önəmlidir, nəinki ağzıqara gədələrin qoyduğu ad. Əslində belə adamların özlərinə qarşı qayda pozuntusu olanda, nəticədə onlara ziyan dəyəndə DYP-ni “alın, bu görüntülərə baxın, qəza yerində müşahidə kamerası vardı, ona da baxın” deyə bezar edirlər.
Uzun sözün kəsəsi, sovet dövründəki ibarə ilə desək, yollarda qayda-qanun yaratmaq işinə hamı töhfə verməlidir.
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ