İnsanlara hürriyət, millətlərə istiqlal!

Suda batanı xilas etmək istəyənlər mütləq oxusun - bu səhvlər baha başa gəlir

Novxanı-Pirşağı yolunun kənarındakı ictimai çimərlikdə baş verən faciə bir daha göstərdi ki, dənizdə təhlükə anında verilən qərarlar təkcə boğulanın deyil, xilas etmək istəyənin də həyatına son qoya bilər.

Musavat.com xəbər verir ki, 16 yaşlı iki yeniyetməni - Sənan Şamayevi və Əli Cabbarovu xilas etməyə çalışan 2003-cü il təvəllüdlü müddətdən artıq xidmət edən hərbçi Rəvan Əliyev həyatını itirib. Qəhrəmanlıq edən MAXE Sənanı dənizdən çıxarmağı bacarsa da, Əlini xilas etməyə çalışarkən özü də suda batıb. Hər iki nəfərin meyiti artıq sudan çıxarılıb.

Peşəkar xilasedicilər bildirirlər ki, əksər hallarda insanların instinktiv reaksiyası - dərhal suya atılıb boğulanı çıxarmaq cəhdi - ölüm riski ilə nəticələnir. Əsas səbəb isə boğulan şəxsin panik vəziyyətdə olmasıdır. Boğulan insan xilas edilmək əvəzinə ətrafdakı adamları da suyun altına çəkə bilər. Fiziki təzyiq, dırmaşma instinkti və qorxu hissi səbəbindən xilasedici belə onunla birlikdə boğula bilər. Novxanıda baş verən faciə də bunun bariz nümunəsidir.

Fövqəladə Hallar Nazirliyi və digər mütəxəssislərin tövsiyələrinə görə, boğulma halında ilk növbədə əgər peşəkar üzgüçü və ya təlim keçmiş şəxs deyilsinizsə, birbaşa yaxınlaşmaq olmaz. Mümkün olduqda boğulana ip, qamış, şar, qurtarma dairəsi və ya digər üzən əşya atmaq tövsiyə olunur. Əgər suya girməyiniz mütləqdirsə, boğulanın arxasından yaxınlaşmağa çalışın - üzbəüz olduqda sizi tutub aşağı çəkə bilər. Boğulanın şüuru yerində deyilsə və müqavimət göstərmirsə, onu çənəsindən və başından dəstəkləyərək sahilə doğru çəkmək lazımdır. Həmçinin suya girməzdən öncə mütləq kənarda kimisə xəbərdar etmək və yardım çağırmaq da vacibdir.

Rəvan Əliyev bir gənc olaraq fədakarlıq edib. Onun cəsarəti mübahisə mövzusu deyil. Amma bu hadisə bir daha göstərdi ki, cəsarətlə yanaşı, təhlükəsiz davranış bilikləri də həyati əhəmiyyət daşıyır. Azərbaycanda da sahilboyu rayonlarda yaşayan əhali və gənclər arasında bu sahədə maarifləndirmə kampaniyalarının aparılmasına böyük ehtiyac var.

Qeyd edək ki, bu ilin yay mövsümü başlayandan bəri artıq 20-dən çox şəxs müxtəlif çimərliklərdə boğularaq həyatını itirib. Mütəxəssislər hər gün xəbərdarlıq etsələr də, təəssüf ki, təcrübə göstərir: nə qədər ki, ictimaiyyət düzgün davranış qaydalarını öyrənməyəcək, faciələrin qarşısını almaq mümkün olmayacaq.

AQSİN.jpeg (80 KB)

Aqşin Əlili 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, polkovnik-leytenant Aqşin Əlili “Yeni Müsavat”a açıqlamasında bildirib ki, zərərçəkmiş yaxındadırsa, ona uzun taxta parçası, ağac budağı, köynək, kəmər və ya dəsmal uzadılmalı, xilas edən şəxsin özü isə möhkəm bir yerdən tutaraq həmin əşyanı dartmalıdır:  “Batan şəxs uzaqdadırsa, ona iplə bağlanmış hər hansı batmayan əşya atmaq olar. Bu cəhdlər baş tutmadıqda, yalnız üzməyi bacardığınız halda suya girə bilərsiniz.

Boğulan insan hər şeydən tutmağa cəhd etdiyi üçün sizi də batıra bilər. Bu səbəbdən, ona mütləq arxa tərəfdən yaxınlaşıb saçı, paltarının yaxalığı və ya qoltuqaltı nahiyəsindən tutun. Zərərçəkmişin üzünu suyun səthindən yuxarıda saxlayıb sahilə tərəf üzün, sudan çıxan kimi dərhal ətrafda olan insanlardan “Təcili yardım” çağırılmasını istəyin. Zərərçəkmişin həyat əlamətləri (huş, tənəffüs və nəbz) yoxdursa, dərhal otuzun ikiyə (30:2) nisbətində ürəyin qapalı masajı və süni tənəffüsü həyata keçirin. Bu tədbirləri həyat əlamətləri yaranmasa belə, 30 dəqiqə ərzində davam etdirmək lazımdır.

Zərərçəkmişin ürək-tənəffüs fəaliyyəti varsa, cəld hərəkətlə sağ dizi yerə qoymalı, onu üzü aşağı olmaqla dizdən bükülmüş sol ayağınızın üzərinə aşırın. Əlinizlə onun kürəyinin arasındakı sahəyə təzyiq edin. Ağız boşluğunu yad cismlərdən təmizləyin. İki barmaqla dil kökünə təzyiq edib qusma refleksi yaradaraq tənəffüs yollarından suyun xaric olmasına çalışın".

Onun sözlərinə görə,  vəziyyəti stabilləşdikdən sonra zərərçəkmişi nəm paltarlardan azad etməli, bədənini qurulayıb isti ədyal və ya paltarla örtməli,  içməyə isti maye verilməlidir. Zərərçəkmişin vəziyyəti yaxşı olsa belə, o, mütləq həkim tərəfindən müayinə olunmalıdır.

Qeyd edək ki, paytaxtın Sabunçu rayonunda yerləşən Pirşağı çimərliyində ötən gün 2 nəfər suda batıb. Dünən saat 20 radələrində Pirşağı çimərliyində İmişli rayon sakini 2017-ci il təvəllüdlü Arif Aqil oğlu Rüstəmov və Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Rüfət Adil oğlu Cabbarov suda çimərkən boğulublar. Onların meyiti sudan çıxarılıb.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2025

30 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR