İnsanlara hürriyət, millətlərə istiqlal!

Su vulkanlarını araşdırmağın nəticəsi – müəllim, elmi işçi tutuldu, 3 nəfər zərər çəkdi  

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Eyvaz Orucalı oğlu Niftalıyev və Ramis Mürsəl oğlu Hümmətovun cinayət işi üzrə məhkəmə araşdırmaları aparılır.

Musavat.com xəbər verir ki, hakim qarşısına çıxarılan müttəhimlər elm və təhsil sahəsi üzrə vəzifəli şəxslərdir. Eyvaz Niftəliyev məktəbi müəllimi, Ramis Hümmətov isə Müdafiə Sənayesi Nazirliyinin təbii ehtiyatlarla iş üzrə idarəsinin böyük elmi işçisidir. Onlar rüşvət almaqda, dələduzluq və digər ağır cinayətlərdə ittiham olunurlar.

Məhkəmə prosesində dövlət ittihamçısı Rauf Malışov ittiham aktını elan edib. Məlum olub ki, Eyvaz Niftəliyev Şamaxı rayonunda müəllim işləyib, əvvəllər dələduzluq cinayətinə görə məhkum olunub. Keçmiş müəllim ittiham üzrə özünü təqsirli bilib, Ramis Hümmətov isə ittihamı qəbul etməyib. Bildirib ki, ona qarşı verilən ittihamlar düzgün deyil: "Mənim heç vaxtım olmayıb. Bu işləri Eyvaz görüb. Hamını dolayıb, məni də yanına salmaq istəyir. Mənim yoldaşım da rəhmətə gedib, uşaqlarıma da özüm baxıram".

 Bundan sonra hakim məhkəmənin aparılması qaydasının müəyyən edilməsi üçün tərəflərin fikrini öyrənib. Dövlət ittihamçısı əvvəlcə zərərçəkmiş şəxslərin, daha sonra təqsirləndirilən və şahidlərin dindirilməsini təklif edib. Tərəflər təklifə etiraz etməyiblər. Hakimlər sübutların araşdırılması mərhələsində əvvəlcə zərərçəkmişlərin, daha sonra şahid və təqsirləndirilən şəxslərin dindirilməsi ilə məhkəmənin davam etdirilməsi barədə qərar qəbul ediblər.

İstintaq orqanı Eyvaz Niftəliyevə Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2 (təkrar dələduzluq törətmək), 178.2.3 (dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 195.2 (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə - eyni əməllər külli miqdarda ziyan vurduqda), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3-cü (külli miqdarda rüşvət alma və 313 (vəzifə saxtakarlığı) maddələri ilə, Ramis Hümmətova isə Məcəllənin 178.2.1, 178.2.2, 32.4, 178.2.3, 32.5, 178.2.4, 32.4, 29, 195.2, 32.5, 29, 195.2, 32.4, 308.2, 32.4, 313, 32.5, 313, 32.4, 311.3.3 ve 32.5, 311.3.3-cü maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə zərərçəkmiş qismində Azər Aslanov, Nuranə Şərafətova, Azər Məmmədov və Dövlət Sosial Müdafiə Fondu tanınıb. Eyvaz Niftaliyev barəsində həbs qətimkan, Ramis Hümmətovun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Eyvaz Niftəliyev su vulkanlarının tədqiqatının aparılması ilə bağlı şəxslərlə əmək müqaviləsi bağlayıb və bəzi işlər görmək istəyib. Amma sonradan zərərçəkmiş şəxslərdən aldığı pulları ələ keçirib. Proses iyulun 3-də davam etdiriləcək.

 

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR