Onlayn ictimai-siyasi qəzet
Ermənilərin Qarabağa qayıdışı məsələsi bağlanıb; ABŞ-da olan kəşfiyyat-analitik mərkəzi separatçıların ümidlərini dəfn etdi
“Rusiya kontingentinin Qarabağdan çıxmasının birinci səbəbi resurslarla bağlıdır. Bəli, bu, kiçik hərbi resursdır, ancaq başqa yerlərdə, o cümlədən Ukrayna cəbhəsində onlara hələ də ehtiyac var”. “Yeni Müsavat” xəbər verir ki, bunu ABŞ-dakı STRATFOR kəşfiyyat-analitik mərkəzinin analitiki Metyu Orr erməni mediasına açıqlamasında deyib.
Onun sözlərinə görə, ikinci daha vacib səbəb Rusiyanın Cənubi Qafqazda yeni strategiya çərçivəsində azərbaycanlılara nə qədər güvəndiyini və ikitərəfli münasibətlərin nə dərəcədə sıx olduğunu göstərməyə mümkün qədər hazır olduğunu göstərməkdir. “Bu, Rusiyanın Ermənistana yönəlmiş siqnalı idi. 2020-ci il (10 noyabr) sənədi reallaşmayandan sonra Moskvanın əvvəlki strategiyası tamamilə iflasa uğradı. Bundan sonra Moskva regionda bütünlüklə Azərbaycan və Türkiyə ilə sıx münasibətlərə əsaslanan strategiyaya üstünlük verdi”, - deyə ekspert vurğulayıb. “Beyin mərkəzi”nin analitiki ermənilərin kütləvi şəkildə Qarabağa qayıdışı yönündə çox böyük dəyişiklik görmür, onun fikrincə, bu məsələ praktik olaraq bağlanıb. “Ermənilər Qarabağa qayıtmaq istəsələr belə, onlar üçün xüsusi müdafiə mexanizmləri olmayacaq”, - Metyu Or əlavə edib.
Aprelin 5-də Brüsseldə keçirilən üçtərəfli görüşdə də Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen açıqladı ki, Qarabağı tərk edən ermənilər üçün 30 milyon avro ayrılıb. O, Xankəndi və ətraf ərazilərdən köçən erməniləri Ermənistan iqtisadiyyatına inteqrasiya etməyə çağırdı. Eyni mövqedən ABŞ dövlət katibi Entoni Blinken də çıxış etdi. Beləliklə, Qərb ermənilərin Qarabağa qayıdışının tərəfdarı olmadığını nümayiş etdirdi, onların Ermənistana adaptasiyasını dəstəklədi. Bunun ardınca rus hərbi kontigentinin regionu tərk etməsi bütün gözləntilərin üstündən xətt çəkdi və ermənilər çətin ki Qarabağa qayıtsınlar. Bu da daşnakçıların, revanşist güclərin, separatçı qüvvələrin, “artsax” ideyasını təbliğ edənlərin ümidlərini dəfn etdi. Beləliklə, həm Qərbin yanaşması, həm sülhməramlı qüvvələrin gedişi, həm Azərbaycanın diplomatik uğurları, ən əsası isə ermənilərin özlərinin Ağdərəyə, Xocavəndə qayıtmaq istəməmələri, hətta gedənlərin 10 mindən çoxunun Ermənistanı da tərk edərək başqa ölkələrə üz tutması revanşist dairələrin, kilsənin 200 illik sərsəm ideyalarını məhv etdi.
Asif Nərimanlı
Siyasi şərhçi Asif Nərimanlıya görə, hər iki tərəf - Rusiya və ABŞ anlayır ki, Qarabağda artıq vəziyyəti dəyişdirə bilməyəcəklər, “günah keçisi” axtarışı da bundan qaynaqlanır: “Sülhməramlıların çıxmasından "Rusiyanı etibarsızlaşdırmaq" üçün istifadə edən ABŞ-da, ümumilikdə Qərbdə narahatlıq yaradan digər məqam erməni əhalisinin geriyə qayıdışı üçün son imkanın da sıradan çıxmasıdır. Ermənilərin geri qayıtması praktiki olaraq çətin olsa da, sülhməramlıların Qarabağda qalması bu “qapını aralı” saxlamağa imkan verirdi və hər iki tərəf - Qərb və Rusiya “ermənilərin qayıtması” ideyasından Azərbaycana qarşı təzyiq məqsədilə istifadə edirdi. İndi bu “qapı” da bağlandı. Zaxarovanın “Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək şərti ilə geri qayıtmaq imkanı olmalıdır, Azərbaycanın bununla bağlı qəbul etdiyi reinteqrasiya proqramını "dəstəkləyirik" açıqlaması da ittihamlardan yayınmaq xarakteri daşıyır". Ekspert istisna etmir ki, bu prosesdə Qərb və Rusiyadan “erməni əhalisinə” verilən müxtəlif dəstək bəyanatları davam edəcək, hərçənd bu bəyanatların, fikirlərin Azərbaycan sərhədləri daxilində vəziyyətə təsir etməsi, yaxud nəyisə dəyişməsi imkanı artıq yoxdur.
Samir Əsədli
Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli hesab edir ki, ermənilərin Qarabağa qayıdışı üçün bütün bəhanələr, rıçaqlar əldən çıxdı. Onun fikrincə, bundan sonra öz yaşadığı evə gəlmək istəyən dinc erməni Azərbaycanın şərtlərini qəbul etməlidir: “İndi nə rus əsgəri onlara təminatçıdır, nə Fransa TIR-ları burada "blokada" şousunu davam etdirə bilər, nə ABŞ, nə Ermənistanın özü tələb edə bilməz ki, bu adamlar qeyd-şərtsiz qaytarılmalıdır. Çünki qeyd-şərtsiz tələbi irəli sürməklə onların vətəndaşlığı qəbul etmədən Qarabağda yaşamasının təmin edilməsi istənilirdi. Amma Azərbaycan dövləti konkret təkliflər səsləndirib: pasportumuzu al, vətəndaş ol, qanunlarımızla yaşa, o zaman hamı kimi eyni hüquqlara malik ol. Dünənə qədər ümid bəsləyirdilər ki, Rusiya, ya da Qərb Bakıya təzyiq etməklə onları geri qaytaracaq, separatçılar da Xankəndidəki binada oturub nağıllar danışacaqlar. Bitdi o dönəm. Qarabağda erməni mövzusu qapandı". Partiya funksionerini dünyanın dəyişdiyi, regionda yeni reallıqlar yarandığını, dəhlizlər, logistikalar, dənizlər uğrunda mübarizə getdiyini düşünür və deyir ki, Qarabağda erməni məsələsi böyük güclər üçün artıq “kart” olaraq əhəmiyyətini itirib: “İndi böyük geopolitik qarşıdurmalar, strateji müharibələr gedir. 30 il “erməni kartı" istifadə edildi, atıldı. Bunu ermənilər də dərk edirlər. İrəvanda olan hakimiyyət də anlayır ki, qayıdış, muxtariyyət kimi söhbətlər blefdir".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ