İnsanlara hürriyət, millətlərə istiqlal!

“Stratfor” da Ermənistanı Azərbaycanla qorxutdu - ABŞ nə istəyir...

Murad Sadəddinov: “Qərb çalışır ki, bizi oyuna çəksin və ölkəmizi Zəngəzur dəhlizini açmaq adı ilə guya Ermənistan ərazisini işğal etməkdə suçlasın”

Azərbaycan ən yüksək səviyyədə Ermənistanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, bu mövzuda özəlliklə Qərb mediasında erməni ağzı ilə ölkəmiz əleyhinə spekulyasiyalar davam edir. Guya Bakı Zəngəzur dəhlizini zorla təmin etmək üçün Ermənistanın cənubunu ələ keçirə bilər.

Xatırladaq ki, az öncə ABŞ-ın “Politico” nəşri dövlət katibi Entoni Blinkenə istinadən belə bir hökm vermişdi. Doğrudur, Dövlət Departamenti qəzetin iddialarını təkzib etdi. Ancaq kifayət qədər arqumentli şəkildə də yox. Şübhələr qaldı.

Bu dəfə isə Amerikanın nüfuzlu “beyin mərkəz”lərindən sayılan “Stratfor” strateji kəşfiyyat analitik mərkəzi fərqlənib.

Qurumun hazırladığı təhlildə deyilir ki, Bakı çox güman ki, Ermənistanı sazişlə razılaşmağa məcbur etmək üçün nisbətən kiçik ərazi müdaxilələrinə və sərhədyanı əraziləri atəşə tutmağa gedəcək. Məqalədə “Politiko”nun təkzib edilən məlum iddiası ilə bağlı bildirilir ki, bu bəyanatlar Ermənistanın Avropa Birliyinə yeni təyin olunmuş səfiri Tiqran Balayanın oktyabrın 8-də Azərbaycanın Ermənistana bir neçə həftə ərzində müdaxiləsi ilə bağlı “təhlükə”nin olduğunu söyləməsindən sonraya təsadüf edir: “Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Fransanın Ermənistana hərbi yardım göndərmək qərarı Parisi Ermənistanla hər hansı yeni münaqişəyə görə məsuliyyət daşıyacaq tərəfə çevirir. Hər iki bəyanat Qərb paytaxtlarında Ermənistan və Azərbaycan arasında gələcək hərbi qarşıdurmanın mümkünlüyü ilə bağlı narahatlığı artırıb, baxmayaraq ki, Azərbaycan sentyabrda beynəlxalq səviyyədə tanınmış ərazilərini geri qaytarıb”.

Analizdə iddia edilir ki, İlham Əliyev “ermənilərin rahat yaşaması üçün” Zəngəzur dəhlizi ilə bağlı öhdəliyi yerinə yetirməsini tələb edib, hətta buna görə Ermənistanı ərazi bütövlüyünü tanımamaqla hədələyib. Müəlliflərin fikrincə, 17 oktyabrda N.Paşinyan Brüsseldə ölkəsinin Qərbə istiqamətləndiyini açıq bildirib: “Bundan istifadə edən Bakı Rusiya, Türkiyə və İranın Ermənistana təzyiqini təmin edəcək. Dinc yolla razılaşma və Zəngəzur dəhlizinin istifadəyə verilməsi hələ də mümkün deyil. Bununla belə, Azərbaycanın tezliklə güc tətbiq edə biləcəyi ilə bağlı qorxular artır, çünki görünür ki, sülh və ya sərhədlərin demarkasiyası ilə bağlı ciddi danışıqlar aparılmır”.

Təhlildə həmçinin deyilir: “Beynəlxalq səviyyədə tanınmış sərhədləri bərpa etdikdən sonra Azərbaycanın növbəti məqsədi Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizi ilə eksklavı olan Naxçıvanla tranzitə başlamaqdır. Azərbaycan eksterritorial dəhlizdən bir çox səbəblərə görə istifadə etmək istəyir, ilk növbədə hədəfi eksklavına çıxışı asanlaşdırmaq və ucuzlaşdırmaq, Transxəzər və ya Orta dəhliz deyilən və Türkiyə ilə Şərq-Qərb ticarəti üçün birbaşa marşrutdan istifadə etməklə Naxçıvanın iqtisadiyyatını yaxşılaşdırmaqdır. Bu məqsədin bir hissəsi olaraq, Bakı marşrut boyunca minimal yoxlamaların olmasını, ən azı yalnız Azərbaycan və onun eksklavı arasında (digər bazarlara aid deyil) daşınan mallar üçün heç bir tarif və ya tranzit rüsumunun olmamasını istəyir. Məqsədinə çatmaq üçün Azərbaycan çoxsaylı tədbirlər görür, o cümlədən İran ərazisindən keçməklə alternativ tranzit marşrutunun inkişaf etdirilməsi ilə hədələyir ki, Ermənistan bu razılaşmaya razılıq verməyə məcbur olsun”.

“Stratfor” 2020-ci il 10 noyabr bəyanatının 9-cu bəndinə - Zəngəzur yolunun Rusiya FTX-sinin nəzarətində olmasına da toxunub və iddia edib ki, artıq o saziş qüvvədən düşüb və Ermənistan buna razı olmayacaq. Bununla belə, analitiklər hesab edir ki, dünyanın başının qarışıq olduğu (Ukrayna və İsrail nəzərdə tutulur - red.) indiki vaxtda Azərbaycanın Zəngəzur dəhlizini hərbi müdaxilə ilə açmaq şansı yaranıb.

Sonda “beyin mərkəzi” vurğulayır ki, Azərbaycanın “işğalı nəticəsində” Ermənistanla daha bir genişmiqyaslı müharibə 2020-ci ildəkindən də amansız ola bilər.

Yəni yenə müharibə ssenarisi. Görəsən, belə yazı-təhlillərin arxasındakı hədəf nədir? ABŞ Azərbaycandan və bölgədən nə istəyir? Daha bir qanlı müharibə, Rusiyaya qarşı “ikinci cəbhə”mi?

Kim nə deyirsə desin, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir” – Murad  Sadəddinov - GlobalInfo.az

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, “Stratfor” ABŞ-ın rəsmi mövqeyini əks etdirən qurum deyil. O, sadəcə, tanınmış qeyri-hökumət təşkilatıdır: "Azərbaycana qarşı Qərbin bəzi dairələrinin apardığı siyasətə oxşar münasibəti bu təşkilat öz analitik yazısından ortaya qoyur. Azərbaycan işğalda olan ərazilərini bərpa edəndən və ardınca suverenliyini tam bərpa edəndən sonra bir çox beynəlxalq mərkəzlər Azərbaycana qarşı münasibətlərində öz iç üzlərini daha çılpaq şəkildə ortaya qoydular. Onlardan biri də belə görünür ki, “Stratfor” Mərkəzidir. Amerikada erməni diasporasının güclü olduğu, təsir imkanlarının geniş olduğu bəllidir. Azərbaycana qarşı qərəzli, əsassız yazıların, təhlillərin ortaya çıxmasında bu amil rol oynayır. "Stratfor"un təhlilinin qərəzli olduğunu “Azərbaycan öz işğalçı siyasətində” fikri birmənalı təsdiqləyir. Bu, fikir analitik materialın ya ermənilər, ya da ermənilərin təsiri altında olan şəxslər tərəfindən hazırlandığına şübhə yeri qoymur. “Stratfor”un əməkdaşları ABŞ-ın mövqeyini çox gözəl bilirlər, eləcə də BMT-nin 1993-cü ildə qəbul etdiyi məlum 4 qətnamədən də xəbərdardırlar, onu da bilirlər ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edib, başqa ölkənin ərazisində müharibə aparmayıb. Lakin bütün bunları bilə-bilə reallıqları təhrif edən, qərəzli təhlil hazırlayıblar. Ona görə də əminliklə söyləyə bilərik ki, burada ermənilərin rolu olub".

Politoloqun sözlərinə görə, Azərbaycanın Zəngəzur dəhlizinin açılması üçün hərbi güc tətbiq etməyəcəyi ən yüksək səviyyədə bəyan edilsə də, “Starfor” kimi təşkilatlar və onların arxasında dayanan güclər yenə də gərginlikdə, hərbi toqquşmada maraqlı olduqlarını nümayiş etdirirlər: "Məqsəd Azərbaycanı sıxışdırmaqla anti-Rusiya mövqeyinə cəlb etməkdir. Başqa bir məqsəd bölgədə yenidən müharibəni alovlandırmaq və Rusiyanı bölgədə yeni bir müharibə bataqlığına çəkməkdir. Qərb çalışır ki, bizi oyuna çəksin və bizi Zəngəzur dəhlizini açmaq adı ilə guya Ermənistan ərazisini işğal etməkdə suçlasın. Azərbaycan isə artıq bəyan edib ki, biz Zəngəzura güc yolu ilə getmək niyyətində deyilik. Həmçinin Azərbaycan Zəngəzur dəhlizinə paralel olaraq Şərqi Zəngəzur yolunun tikintisi ilə bağlı işlərə başlayıb. Bu yol İrandan keçəcək. Ona görə də əminliklə söyləmək olar ki, "Stratfor"un təhlilindəki fikirlər feykdir".    

Etibar SEYİDAĞA,

“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR