İnsanlara hürriyət, millətlərə istiqlal!

Stokholmda təhlükəsizlik fiaskosu: gizli Türkiyə dosyası unuduldu

İsveçin Baş naziri Ulf Kristerssonun Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüş üçün hazırlanmış dosyası Stokholma dönüşdə Arlanda hava limanında unudulub.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.

Verilən xəbərə görə, Qovluq tualetdə bir təmizlik işçisi tərəfindən tapılıb. Hadisə İsveç ictimaiyyətində geniş rezonans doğurub.

Baş nazir Ulf Kristersson 2022-ci ildə İsveçin NATO-ya üzvlüyünü müzakirə etmək üçün Ankaraya gəlmişdi. Onun xarici səfəri ilə bağlı dosyanın İsveçə dönüşdə itib getdiyi üzə çıxıb. Hadisə hökumət idarələri tərəfindən təsdiqlənib.

İsveç Dövlət İdarələrinin Təhlükəsizlik Departamenti sənədlərlə bağlı araşdırma başladıb. Departamentin rəhbəri Fredrik Agemark, “dosyada təhlükəsizlik baxımından məxfi məlumatların olmadığı müəyyənləşdirilib” deyib. O, buna görə də əlavə ziyan qiymətləndirilməsinə ehtiyac duyulmadığını bildirib.
SVT-nin Türkiyə müxbiri Tomas Thoren baş verənləri “çox bacarıqsızlıq” adlandıraraq, dosyanın unudulmasının ciddi təhlükəsizlik boşluğu yarada biləcəyini vurğulayıb.

Yerli Dagens Nyheter qəzetinin xəbərində isə qovluqdakı bəzi məlumatların gizlilik çərçivəsinə aid olduğu qeyd olunub. Məqalədə sənədlərin tamamilə açıq xarakter daşımadığı vurğulanıb. Təmizlik işçisi tərəfindən tapılan dosyanın hökumətə təhvil verildiyi bildirilib.

İsveç hökumət mənbələri açıqlayıb ki, nazirlərin xarici səfərləri üçün adətən xüsusi dosyalar hazırlanır. Bu dosyalarda ikitərəfli münasibətlərə və görüş mövzularının arxa planına dair məlumatlar, toplantı qeydləri və çıxış başlıqları ola bilər. Arlandada unudulan qovluğun isə Kristersson üçün hazırlanmış dosyanın bir nüsxəsi olduğu açıqlanıb. İtmiş dosyanın nə qədər müddət ərzində ortada qaldığı isə dəqiqləşdirilməyib.
Sweden Herald-a danışan, adının açıqlanmasını istəməyən Baş nazirlik Ofisi əməkdaşı, bu səhvi iş yükü və səfər hazırlıqları zamanı edilən bir laqeydlik kimi qiymətləndirib. Dosyanın məzmunu ilə bağlı detallı məlumat paylaşılmayıb.

Hadisəni “təhlükəsizlik fiaskosu” adlandıran İsveç mətbuatı, məsələnin polisə bildirilmədiyini yazıb. Hökumət rəsmiləri isə dosyanın təhlükəsizlik baxımından risk təşkil etmədiyini müdafiə ediblər. Polisə rəsmi müraciətin ciddi təhlükə olmadığı üçün edilmədiyi qeyd olunub.

Kristerssonun mətbuat katibi məsələ ilə bağlı açıqlamanın hökumət kanalları vasitəsilə ediləcəyini bildirib. Hadisənin necə nəticələnəcəyi hələlik məlum deyil.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR