Onlayn ictimai-siyasi qəzet
“Dəfələrlə qeyd etdiyimiz kimi Ermənistan rəsmilərin bəyanatları, açıqlamaları ilə əməlləri üst-üstə düşmür. Ermənistan hakimiyyətinin taktikası belədir ki, özünü dünyaya sülhün tərəfdarı kimi, Azərbaycanı isə sülh əleyhinə olan dövlət kimi təqdim etsin. Ermənistan zaman-zaman bunu da edir”.
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov bunu Musavat.com-a açıqlamasında rəsmi İrəvanın qeyri-konstruktiv davranışlarından bəhs edərkən deyib.
O qeyd edib ki, erməni rəsmilərin fərqli açıqlamalar verdikləri halda, sonradan BMT kürsüsündən başqa çıxışlar etdikləri də unudulmayıb:
“Müharibə cinayətlərində təqsirləndilən şəxslərin məhkəməsinin sonunu gözləmədən qlobal kampaniyaya start veriblər. Erməni lobbisi Avropa İttifaqı Parlamentindən növbəti qətnaməni də aldı. Beynəlxalq məhkəmələrdən iddiaların qarşılıqlı geri çəkilməsində ilk növbədə Ermənistan maraqlı olmalıdır. Çünki bizim Ermənistanın təcavüzünün nəticələri ilə bağlı bu dövlətin siyasi, hüquqi və maddi məsuliyyəti ilə bağlı daha çox istiqamətlər üzrə iddialar vermək imkanımız var və bunu da edirik”.
S.Məmmədov bildirib ki, Aİ-nin müşahidə missiyası əslində sülh proseslərinə mane olur: “Çünki onların əsl missiyası müşahidə aparmaq deyil, Azərbaycanın “günahlarını” sənədləşdirməkdir. Ermənistanın şərti sərhəd xəttindəki silahlı provokasiyalarına verilən bütün cavablarımız bu bədnam missiya tərəfindən cavab tədbiri kimi deyil, Ermənistana sərf edən şəkildə sənədləşdilir. Delimitasiya və demarkasiya ilə bağlı məsələ tezliklə həll oluna bilməz. Bu proses uzun çəkəcək. Demarkasiya olunmuş hissələr çox azdır və bu, o deməkdir ki, onların təklifi ilə razılaşsaq, “missiya” uzun illər ərazilərdə qalmaqda davam edəcək”.
STM icraçı direktoru vurğulayıb ki, Ermənistan rəsmilərinin saxta sülhpərvər bəyanatları fonunda bu ölkədə müharibə ritorikası və revanş tədbirləri artmaqdadır:
“Ermənistan ordusu ağır hücum silahları ilə təchiz edilməklə yanaşı, həm də müasir texnologiyaların, o cümlədən süni intellektin orduda tətbiqi istiqamətində ciddi işlər həyata keçirir. Hərbi təlimlər, hərbi mükəlləfiyyəti olanların döyüş bacarıqlarının artırılmasına yönələn təlimlər və toplantılar Ermənistanın müharibəyə hazırlığından xəbər verir. Sadəcə, onlar hələlik gözləmə mövqeyindədir. Səbəb də beynəlxalq münasibətlərdə hərc-mərclik və qeyri-müəyyənliyin olması, həmçinin Ermənistan ordusunun Azərbaycan ordusuna nisbətdə bütün göstəricilər üzrə dəfələrlə geridə olmasıdır. Ona görə sülh bəyanatları verməklə status-kvonu saxlayırlar. Əlbəttə, şəraitdən asılı olaraq Ermənistan müharibə ritorikasını azalda və sülh proseslərində real addımlar atmağa başlaya bilər”.
E.Paşasoy,
Musavat.com
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ