İnsanlara hürriyət, millətlərə istiqlal!

Ştatların müftəxorları, müftəxorların ştatları

Tramp əmi ilə Mask qardaş Amerikanı necə qarışdırıbsa, ortalıq toz-duman olub.

“Amerika” deyərkən, bəzi həmkarlarımız kimi, yanlış olaraq Amerika Birləşmiş Ştatlarını nəzərdə tutmuram, söhbət Şimali Amerika materikindən, Amerika qitəsidən, Mərkəzi Amerika arxipelaqından gedir.

O tərəfdə Kanada, bu tərəfdə Meksika çaşıb qalıb, Kuba və Venesuela hərbi müdaxiləyə görə narahatdır, Panama kanaldan yana rəncidədir, Kosta-Rika ABŞ-dən qovulan miqrantları qəbul edib-yola salmaq məsələsi sarıdan qayğılıdır. Ekvador bananlarının əlində qalacağından qorxur, Kolumbiya ton-ton kokaini necə edəcəyini bilmir. Hələlik bircə Paraqvayla Uruqvay sakitdir, amma Tramp hər an onlara da “vay-vay” dedirdə bilər.

Amerika Birləşmiş Ştatlarının özündə isə Trampdan çox, Maskdan yanıqlıdırlar. Tramp onun süniləşməkdə olan zəkasına yel, qoluna bel verib, o da qaza-qaza gedir.

Dünən xəbər vardı ki, dövlət məmurları Maskın tələblərinə məhəl qoymur. Mask onlardan nə iş gördüklərinə dair hesabat istəyir, onlar da təxminən belə deyirlər: “Who are you?” (“Sən kimsən?”).

İndi Mask onlara kim olduğunu başa salmalıdır. Hələlik o, Vəzirovun 1988-ci ildə parlamentdə Nəcəf Nəcəfovun “sən kimsən” sualına döş nişanını göstərib, “mən deputatam” deyə cavab verdiyi kimi edir, deyir, mən prezidentin müşaviriyəm, Hökumətin Effektivliyi Departamentinin də rəhbəriyəm.

Amma qısaca DOGE adlanan qurum birdən-ikiyə evdə bişməyib, qonşudan da gəlməyib deyə amerikalı məmurlar Maskın tələblərinə hind qozu qoymurlar.

Allah tərəfi, Mask bu tələbi dədəsinin xeyri və ya 5-10 milyard qabağa düşmək üçün eləmir. O, üçüncü dünya ölkələrindədir, məmurları işdən çıxarır, ixtisara salır, yerlərini başqalarına, daha çox arzulayan və pul verənlərə satırlar. Trampın və Maskın elə dərdi yoxdur. Namxuda, yeni komandanın çoxu milyarderdir, ən kasıbı milyonçudur.

Maskın istədiyi budur ki, Amerikanın bir-birinə birləşmiş ştatlarında müftəyeyənlər zümrəsi olmasın. Tramgil şübhələnib ki, yüzminlərlə məmur heç bir iş görüb-eləmirlər, eləcə, işə gəlib-gedir, laqqırtı vurur, saat 5 olan kimi lüks avtomobillərinə minib lüks apartamentlərinə dağılışırlar, ayda da şotland parametrləri ilə götürsək, bir ətək dollar alıb xərcləyirlər.

Anlaşılan budur ki, Birləşmiş Ştatlarda sovetin axır vaxtlarının idarə, müəssisə və təsərrüfatlarında olduğu kimi ştatların şişirdilməsi gerçəyi var.

İndiki cavanlar bilməz, o vaxtlar elə olurdu ki, bəzi ucqar təsərrüfatlarda bir aqronom tapılmadığı halda bərkgedən, rayon mərkəzinə yaxın sovxozlarda 7 aqronom, 6 mühasib, 5 iqtisadçı, 2 direktor müavini, 3 mühəndis, 2 təsərrüfat müdiri, 2 anbardar, 10-15 vahid də sair işçilər olurdu. Ali təhsil almış adamların hamısı yerləşməliydi axı. Yoxsa Qorbaçova, Zimyaninə, Solomentsevə, Dolgixə, Dobrıninə, “Pravda” qəzetinə şikayət məktubu yazır, zəhlətökənlik edirdilər. Onlar da məktubu geri göndərir, tələb edirdilər ki, ixtisaslı kadrlara iş verin. Tərs kimi, o vaxt şikayət edənləri tutub iş vermək söhbəti yox idi.

Beləcə, pullu təsərrüfat və müəssisələrdə “idarə işçiləri” adlandırılan xüsusi kasta əmələ gəlmişdi. Müftəxorların ştatları gündən-günə artırdı. İnsafən, bu zümrəyə daxil olan adamlar da əziyyət çəkirdilər: səhər saat 9-da idarəyə, qaraja gəlir, tabelə qol çəkir, bir stəkan (bəzən iki) çay içir, sonra tabelin ikinci qrafasına qol çəkir, saat 10-da qayıdırdılar evlərinə. Ayın sonunda isə maaşlarını alır, hökumətin dalınca danışa-danışa (“zəlil olsun belə hökuməti, maaşları artırmır”, “quru yurdda qalsın belə dövləti”) gedirdilər halal maaşlarını xərcləməyə.

Axırda onlar deyən oldu, sovet hökuməti zəlil və zəbun oldu, sovet dövləti də dağıldı. Sonradan mən o adamların bəzilərini başqa cür danışan gördüm, cəbhəçilərə deyirdilər ki, gül kimi dövləti dağıtdınız. Hərçənd güman ki, o dövləti işləyib-eləmədən maaş alanlar və tikinti-quruculuq işlərinə ayrılan vəsaitləri basıb yeyənlər dağıtmışdı. Yadımdadır, Şabran şəhərinin dənizə tərəf, Güləmli kəndinə yaxın hissəsində bir dəyirmanı 10 il idi tikib başa gətirə bilmirdilər. 7 direktor, 8 tikinti briqadası dəyişmişdilər, hamısı gəlir, ayrılan pulu yeyir, gedirdilər. O dəyirman eləcə də qaldı, axırda müstəqillik dövründə kimsə quruca karkasını alıb özəlləşdirdi, tikdi, bitirdi.

İndi Mask istəyir ki, onun ölkəsinin axırı sovet sovxozlarının aqibəti kimi olmasın. Ancaq işə baxın ki, bu işə mane olanlar Ağ Evdə çalışanlar da daxil olmaqla respublikaçılardır - yəni Trampın partiyasının üzvləri.

Müftəxorlarla və talançılarla çətindir. Onlar Marks adına sovxozda necəydilərsə, Maskın ölkəsində də elədirlər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR