İnsanlara hürriyət, millətlərə istiqlal!

Stalin rejiminin ən təhlükəli komitə sədri – o, “şəxsi türmə”yə də sahib olub

Onun 1917-ci il fevral və oktyabr inqilablarında fəal iştirakı gələcək karyerasında böyük rol oynayıb. Cəmi üçillik təhsili olmasına baxmayaraq, Matvey Şkirtyatov Mərkəzi Komitədə yüksək vəzifələr tutub. Vəzifəsi ilə yanaşı, Şkiryatova Stalin tərəfindən xüsusi səlahiyyətlər də verilib.

1883-cü ildə Tulada anadan olan Şkiryatov ibtidai təhsil aldıqdan sonra ilk əmək fəaliyyətinə dərzi köməkçisi kimi başlayıb. Ancaq çox keçməmiş əli işə yatmadığından onu dərzi sexindən uzaqlaşdırıblar. Tulada özünə iş tapmayan Şkiryatov Moskvaya üz tutub, bir müddət işsiz qalıb, zirzəmilərdə yaşayıb və boş vaxtının çoxluğundan bolşevik hərəkatına qoşulub.

MATVEY.jpg (34 KB)

Şkiryatov qısa müddət ərzində inqilabi proseslərdə fərqlənib, siyasi fəaliyyətinə görə bir neçə dəfə həbs edilib. Lenin onun bolşevik hərəkatındakı fəaliyyətini yüksək qiymətləndirib, məhz onun təşəbbüsü ilə Şkiryatov 1921-ci ildə Mərkəzi Komitədə işə qəbul olunub. 1923-1934-cü illərdə Mərkəzi Komitənin Rəyasət Heyətinin üzvü olub. 1934-cü ildə ona daha bir məsul vəzifə həvalə edilib. O, Mərkəzi Komitədə Partiya Kollegiyasının katibi vəzifəsinə seçilib. 1939-cu ildə Mərkəzi Komitə yanında Partiya Nəzarəti Komitəsinin sədr müavini vəzifəsinə təyin olunan Şkiryatov 1952-ci ildə həmin komitənin sədri olub.

Uzun illər SSRİ-nin yüksək vəzifəli kommunistlərinin üzərində partiya nəzarəti funksiyasını həyata keçirən Şkiryatov özünü maksimum kölgədə saxlamağa çalışıb. Stalin tərəfindən xüsusi səlahiyyətlər alan komitə sədri “NKVD” rəhbərləri qədər “cəlladlıq” imkanına malik olub.

Şkirtyatov Stalinin ən yaxın adamlarından biri sayılıb. “Böyük təmizlik” və repressiya illərində o, “NKVD” ilə bərabər səviyyədə işləyib. Repressiya siyahıları Stalinə təqdim olunmazdan əvvəl onun nəzarətindən keçib. Bununla yanaşı, Matvey Şkiryatov özü də repressiya siyahıları hazırlayıb və bu siyahılardakı say “NKVD” siyahılarındakı saylardan heç də az olmayıb.

Şkiryatov şəhərin ətrafında Mərkəzi Komitənin balansında olan tikililərin birini şəxsi türməyə çevrib. O, məhz bu “türmə”də partiyaya qarşı çıxanları sorğu-suala tutub, onlara şəxsən özü işgəncə verib. Bu “şəxsi türmə” haqqında Stalinin də məlumatı olub. Ancaq o, bunu Şkiryatova yasaq etməyib.

Müasirlərinin söylədiklərinə görə, Şkiryatov Stalin üçün çox “sərfəli” kadr sayılıb. Çünki o, Stalinin şəxsi və ümumi tapşırıqlarını düşünmədən, müzakirə etmədən, sonrakı aqibətinin necə olacağının fərqinə varmadan icra edib. Bu cür tapşırıqlardan biri də Kremldə böyük nüfuza sahib olan, Stalinin ən yaxın silahdaşlarından biri sayılan Vyaçeslav Molotovun həyat yoldaşının həbs edilməsi olub. Stalin məhz SSRİ balıq sənayesi komissarı (naziri) Polina Jemçujinanı Şkiryatovun təqdimatı əsasında həbs etdirib.

MATVEY SON.jpg (35 KB)

Zaman-zaman Şkiryatov ölkənin bütün bölgələrində söz sahiblərindən birinə çevrilib. Müttəfiq respublikalarda onun fikirləri Stalinin fikirləri kimi qəbul olunub. Şkiryatov bölgələrə ezamiyyətləri zamanı bütün çıxışlarında Stalindən sitat gətirək qarşıya qoyduğu tapşırıqların Stalin tərəfindən verilməsi təəssüratını yaradıb.

Şkiryatov 1939-cu ildə Stalinin 60 illik yubileyi münasibətilə mətbuatda çıxışı ilə də yadda qalıb. Yaltaqcasına yazılmış həmin məqalədə bu sətirlər də yer alıb:

“...İosif Vissarionoviç Stalin olduqca humanist və mərhəmətli bir dövlət başçısıdır. O, hətta əks-inqilabçıları, sovet hökumətinə qarşı çıxanları da bağışlayaraq onlara yol göstərməyi özünün ən ümdə vəzifəsi sayır...”

Bu məqalədən sonra Kreml dəhlizlərində Şkiryatov haqqında lətifələr də qoşulub. Amma lətifələr öz yerində, Şkiryatov bu məqaləyə görə “Lenin” ordeni ilə təltif olunub.

Şkiryatov Kreml qruplaşmalarında Georgi Malenkovun ətrafında olub. Stalinin vəfatından sonra Nikita Xruşovun hakimiyyəti zəbt etməsi, həmçinin Malenkovu da sıxışdırması Şkiryatovda narahatlıq doğurub. Digər tərəfdən, Beriyanın həbs edilməsi, Stalinin komandasının dağıdılması Şkiryatov üçün yaxşı heç nə vəd etməyib.

Real həbs təhlükəsindən yayınmaq üçün komitə sədri 1954-cü ildə könüllü ərizə yazaraq bütün vəzifələrindən azad olunmasını xahiş edib. O cümlədən Siyasi Büro üzvlüyündən də xaric olunması ilə bağlı büro üzvlərinə müraciət edib. Onun ərizəsi və müraciətinə müsbət cavab verilməyib. Xruşov Mərkəzi Komitə yanında Partiya Nəzarəti Komitəsinin fəaliyyətini araşdırmaq üçün xüsusi komissiya yaradıb. Araşdırma zamanı kifayət qədər qanun pozuntuları, vəzifədən sui-istifadə, yeyinti, ən başlıcası isə vəzifə səlahiyyətlərini aşma faktları aşkar olunub.

Komissiyanın yekun rəyi ilə tanış olmaq Şkiryatova qismət olmayıb. O, 18 yanvar 1954-cü ildə, 70 yaşında ürəktutmadan vəfat edib. Ölümü komitə sədrini həbsdən xilas edib.

İlham Cəmiloğlu,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR