İnsanlara hürriyət, millətlərə istiqlal!

SSRI-nin baş seysmoloqunun təşəbbüsü – Stalin Nikiforovun təklifini vacib sayıb

 

Seysmoqraf adlı bir ölçü cihazı var. Seysmologiyada bütün növ seysmik dalğaları aşkar və qeyd etmək üçün məhz bu cihazdan istifadə edilir. Cihaz ilk dəfə eramızın 132-ci ilində Çində Çjan Xen tərəfindən kəşf edilib. Bu fakt onu göstərir ki, hələ əsrlər əvvəl məmləkətlərdə seysmoloji duruma nəzarət vacib məsələlərdən biri sayılıb. Hazırda bu sahədə kifayət qədər müasir texnologiyalardan istifadə olunur və bütün dövlətlərdə  seysmologiya ilə bağlı institutlar, mərkəzlər və digər müvafiq qurumlar fəaliyyət göstərir.

SSRİ-də də bu məsələ ölkənin yarandığı ilk illərdən diqqət mərkəzində olub. Bu məqsədlə 1928-ci ildə SSRİ Elmlər Akademiyasında Seysmologiya İnstitutu yaradılıb. Qurumun yaradılmasının əsas təşəbbüskarlarından biri və institutun ilk direktoru Pavel Hikiforov olub. Əvvəllər bu qurum akademiyada sektor, şöbə və mərkəz kimi fəaliyyət göstərib. Məhz Nikiforov Seysmologiya İnstitutunun yaradılmasının vacibliyini Mərkəzi Komitə rəhbərliyinə anlatmağı bacarıb. Amma bu məsələ ona heç də asan başa gəlməyib.

Həmin ərəfədə SSRİ Elmlər Akademiyasına geoloq-alim Aleksandr Karpinski rəhbərlik edib (akademiyanın ilk prezidenti). Karpinski həm siyasi elitada, həm də alimlər arasında böyük nüfuza sahib olub. Seysmologiya İnstitutunun yaradılması ilə bağlı Nikoforovla Karpinskinin uzun sürən müzakirələri, fikir mübadilələri gərginliklə müşayiət olunub. Karpinski belə bir institutun yaradılmasının tərəfdarı olub. Ancaq bu instituta nə qədər vəsait lazım olduğunu müəyyənləşdirəndə Hikiforovun ttəşəbbüsünü rədd edib, büdcədən həmin vəsaitin ayrılacağını mümkünsüz sayıb.

Nəhayət, bu məsələ SSRİ Xalq Komissarlı Sovetinin sədri (baş nazir)  Aleksey Rıkovun yanında müzakirəyə çıxarılıb. Bu müzakirələr heç bir nəticə verməyib. Ümumiyyətlə, Rıkov elm və təhsil sahəsi ilə bağlı çox da anlayışlı şəxs olmayıb və həmin ərəfədə o, siyasi qruplaşmalarda fəal iştirak edərək böyük intiraqalar yaradıb. Sözsüz ki, belə bir məqamda Rıkov üçün hansısa bir institutun yaradılması çox da maraqlı görünməyib. Bunu anlayan Karpinski baş nazirə fikrini bildirməkdən çəkinməyib:

  • Hər halda biz partiya rəhbərliyi ilə də məsləhətləşməliyik. Akademiya ilə bağlı həllini gözləyən digər məsələlər də var. Yəqin ki, yoldaş Stalin bizi qəbul edər, dinləyər.

Akademiya prezidentinin bu fikri Rıkovun xoşuna gəlməyib:

  • Hər kiçik məsələ üçün Stalinin yanına qaçmaq lazım deyil. Siz akademiyanın prezidentisiniz, bu məsələni də siz həll etməlisiniz. Gedin, ölçün-biçin, strukturu və lazım olacaq vəsaiti müəyyənləşdirin, yazılı şəkildə bizə göndərin. Sonrasına baxarıq...

Bu cür qeyri-müəyyən cavab nə Karpinskini, nə də Nikiforovu qane etməyib. Bir neçə gündən sonra onlar Mərkəzi İcraiyyə Komitəsinin üzvü Vyaçeslav Molotovun köməkliyi ilə Stalinin qəbuluna düşə biliblər.

Rıkovdan fərqli olaraq Stalin alimləri mehribanlıqla qarşılayıb və diqqətlə dinləyib. Ancaq görüşün ilk dəqiqlərində o, Kaprinskidən yanındakı şəxsin kim olduğunu soruşub. Akademiyanın prezidenti Nikiforovu Fizika-riyaziyyat İnstitutunun seysmologiya şöbəsinin müdiri, Leninqrad Dövlət Universitetinin geofizika  kafedrasının müdiri kimi təqdim etdikdən sonra zarafatla daha bir vəzifəsini də təqdim edib:

  • Yoldaş Stalin, Nikiforov həm də SSRİ-nin baş seysmoloqudur.

Alimlərlə sovet liderinin görüşü iki saatdan artıq çəkib. Akademiyanın problemləri müzakirə edilib. Akademiyanın Leninqraddan Moskvaya köçürülməsi əsas müzakirə mövzularından biri olub. Qeyd edək ki, SSRİ Elmlər Akademiyası 1934-cü ildə Leninqraddan Moskvaya köçürülüb. Seysmologiya İnstitutunun yaradılması haqqında müzakirələr aparılanda Nikiforov sovet liderinə bu elmi qurumun zəruriliyini tam başa sala bilib. Stalin kabinetdə var-gəl edərək qərarını bildirib:

  • Bu olduqca vacibdir. Lazım olan bütün sənədləri hazırlayın.

Beləliklə, 1928-ci ildə SSRİ Elmlər Akademiyasında Seysmologiya İnstitutu fəaliyyətə başlayıb və həmin institutun ilk direktoru Nikiforov təyin edilib. O, bu vəzifədə ömrünün sonuna, 1944-cü ilə qədər işləyib.

Pavel Nikiforov 1884-cü ildə Sankt-Peterburqda anadan olub. Həmin şəhərdə universiteti bitirib. Ali təhsilini başa vurduqdan sonra o, Leninqradda Mərkəzi Seysmologiya Komissiyasında elmi katib, SSRİ Elmlər Akademiyasının Seysmoloji Mərkəzində baş mütəxəssis, Fizika-riyaziyyat İnstitutunun seysmologiya şöbəsində müdir, Leninqrad Dövlət Universitetinin geofizika kafedrasında müdir, 1928-ci ildən isə Seysmologiya İnstitutunun direktoru işləyib.

Nikiforovun elmi fəaliyyətində yeni növ seysmoqrafın ixtirası xüsusi yer tutub. Bununla yanaşı o, instituta rəhbərlik etdiyi illərdə Krımda, Orta Asiyada və Qafqazda regional seysmik mərkəzlərin yaradılmasına nail olub. Həmçinin Nikiforov 1935-ci ildə ilk dəfə olaraq SSRİ ərazisinin seysmik xəritəsini hazırlayıb.

Nikiforov həm elmi ictimaiyyət, həm də siyasi elitada əsl ziyalı kimi tanınıb. O, 1944-cü ildə vəfat edib, Moskvada, Novodeviçye qəbiristanlığında dəfn olunub.

İlham Cəmiloğlu, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR