Onlayn ictimai-siyasi qəzet
O, hər iki valideynini sovet-alman müharibəsində itirib. Bir neçə ay qohumlarının himayəsində qaldıqdan sonra 3 yaşlı Pyotr Volınski uşaq evinə verilib. Uşaqlığı kimsəsiz və çətin keçsə də Volınski gələcək həyatını qurmaq üçün bütün çətinliklərə dözüb, təhsilinə xüsusi diqqət ayırıb, xüsusilə tibb elminə böyük maraq göstərib. Müəllimləri də gələcəkdə onun tanınmış bir həkim olacağına şübhə etməyiblər. Bəli, həqiqətən də Volınski gələcəkdə tanınmış bir şəxsə çevrilib, amma tanınmış həkim kimi yox, SSRİ-nin rəsmi olaraq ilk terrorçusu kimi...
1939-cu ildə Krasnodarda anadan olan Volınski orta təhsilini başa vurduqdan sonra dövlət xətti ilə Stavropolda orta ixtisas hərbi məktəbinə göndərilib. Ancaq o, burada təhsilini yarımçıq qoyaraq həkim olmaq arzusunu reallaşdırmaq üçün sənədlərini Kuban Tibb İnstitutuna verib, qəbul imtahanlarından yüksək bal toplayaraq tələbə adını qazanıb.
İnstitutu bitirdikdən sonra həkim-terapevt kimi Volınskinin təyinatı Krasnodara verilib. O, yaxşı mütəxəssis kimi tanınıb, müalicə etdiyi xəstələr tez bir zamanda şəfa tapıb. Amma bununla yanaşı onun haqqında Krasnodar Səhiyyə İdarəsinə tez-tez şikayətlər də daxil olub. Şikayətlərdə göstərilib ki, Volınski xəstələrə fiziki təzyiq göstərir, cəza tədbiri olaraq onların barmaqlarını yandırır. Nəhayət, ardı-arası kəsilməyən şikayətlərdən sonra onun həkim kimi fəaliyyətinə rəsmi qadağa qoyulub və işdən çıxarılıb. Əsas kimi Volınskinin müayinəsinin nəticələri göstərilib. Belə ki, psixoterapevt professor Xromov Volınskiyə şizofreniya diaqnozu qoyub. Bununla da Volınskinin həkimlik karyerasına birdəfəlik son qoyulub.
Həkimlikdən uzaqlaşdırıldıqdan sonra Volınski çox çətinliklə iş tapıb. Belə ki, istənilən bir müəssisədə işə düzələrkən sağlamlıq haqqında arayışın təqdim edilməsi vacib sayılıb ki, bu da Volınski üçün problem yaradıb. Nəhayət, uzun-uzadı axtarışlardan sonra o, tikintidə fəhlə işinə düzələ bilib. Volınski yeni kollektivdə də qeyri-adi hərəkətləri və davranışı ilə fərqlənib və çox keçməmiş onu işdən azad ediblər.
Boyunun balaca olması (160 sm) Volınskidə kəskin natamamlıq kompleksi yaradıb. Ona elə gəlib ki, hündürboylu insanlar ondan qisas almağa çalışırlar. O, bu daxili qorxunu keçirərkən əvvəlcə özü qisas almağı qərarlaşdırıb. Beləliklə, Volınski kiçik bir partlayıcı qurğu düzəldərək, ona şizofreniya diaqnozunu qoyan professor Xromovun mənzilinin giriş qapısının çöl tərəfindəki hissəsinə yerləşdirib. Təsadüf nəticəsində professorun mənzilinə gələn dostları qurğunu aşkar ediblər və zərərsizləşdiriblər. Xromov bu məsələni çox da qabartmayıb.
Daha sonra Volınski onu işdən çıxardıqlarına görə şəhər rəhbərliyindən qisas almağı planlaşdırıb. Krasnodarın kinoteatrlarından birində yeni filmin təqdimatı keçiriləndə Volınski öyrənib ki, şəhər rəhbərliyi də tədbirdə iştirak edəcək. O, kiçik bir çamadana partlayıcı yerləşdirərək kinoteatra gedib. Lakin dəvətnaməsi olmadığından onu təqdimata buraxmayıblar.
Volınskinin psixoloji durumunda problemlər günü-gündən böyüyüb və o, bu cür psixoloji gərginliyin içərisində növbəti bir cinayətin planlarını cızıb və “uğurla” həyata keçirib...
İyunun 14-də səhər saat 08.30 radələrində Krasnodarda “Gertsen küçəsi - Radiozavod” xətti ilə işləyən “LAZ-695” markalı 1 nömrəli avtobusdakı partlayışın səsi bütün şəhərdə eşidilib. Adətən səhər saatlarında bu marşrutdan daha çox tələbələr və radiozavodun işçiləri istifadə ediblər və bu ərəfədə avtobusda həmişə sıxlıq müşahidə olunub. Avtobusda 89 nəfər sərnişin olub. Partlayış nəticəsində 10 nəfər yerindəcə həlak olub, 5 nəfər isə xəstəxanada dünyasını dəyişib. Digər sərnişinlərin hamısı müxtəlif dərəcələrdə bədən xəsarətləri alıblar.
Hadisə ilə bağlı dərhal cinayət işi açılıb, əməliyyat-axtarış qrupu yaradılıb. Şahidlərin ifadəsinə əsasən partlayış törədənin ehtimal edildiyi şəxsin fotorobotu hazırlanıb. Bir sutka keçdikdən sonra Krasnodarın mərkəzi avtovağzalında Volınski şübhəli şəxs qismində saxlanılıb. O, istintaqa verdiyi ilk ifadədə törətdiyi əməli etiraf edib. Belə ki, Volınski 8.20 dəqiqədə avtobusa minib. İçərisində partlayıcı maddə olan çamadanı avtobusun yanacaq çəninin yaxınlığına qoyub və növbəti dayanacaqda düşüb. Bir neçə dəqiqədən sonra Turgenev küçəsində hərəkətdə olan avtobusda güclü partlayış baş verib. Partlayışdan sonra Volınski hadisə yerinə getmək, yaralılara ilk tibbi yardım göstərmək istəyib. Yollar milislər tərəfindən bağlandığından Volınski həkimlik “missiya”sını yerinə yetirə bilməyib.
Avtobusun partladılması ilə bağlı istintaqı Krasnodar diyar Dövlət Təhlükəsizliyi İdarəsinin əməkdaşları aparıb. Volınskinin mənzilində axtarış aparılan zaman partlayıcı maddələr, onları çamadanlara yerləşdirmək və bağlamaq üçün xüsusi qurğular aşkar edilib. Daha sonra mənzildən avtobusu partlatdığı partlayıcı maddənin tərkibinin nələrdən ibarət olduğunu əks etdirən siyahı, siyahıda göstərilənlərə sərf etdiyi pulun məbləğinin qeydləri də tapılıb.
Məhkəmə prosesində tibbi ekspertiza Volınskinin ruhi xəstə olduğunu təsdiqləyib və o, məhkəmə tərəfindən məcburi şəkildə Smolenskdəki qapalı psixiatriya xəstəxanasına göndərilib.
Volınskinin sonrakı taleyi müəmmalı qalıb. Hadisəni araşdıran jurnalist Eduard Safronov yazılarının birində qeyd edib ki, Volınski Smolenskdən sonra Krasnodardakı psixiatriya xəstəxanasına yerləşdirilib və 2000-ci illərin əvvəllərində bu xəstəxanada vəfat edib.
1971-ci ilin iyun ayında Krasnodarda baş verən hadisəyə qədər SSRİ-də partlayışlar, səbəbi məlum olmayan qəzalar, silsilə qətllər baş verib, amma həmin hadisələr terror aktı kimi qiymətləndirilməyib. Məhz Volınskinin tərətdiyi bu cinayət SSRİ-də ilk dəfə olaraq terror aktı kimi rəsmiləşdirilib. Nə vaxtsa müəllimlərinin söylədiyi kimi Volınski SSRİ-də tanınmış bir şəxsə çevrilib, ilk terrorçu kimi...
İlham Cəmiloğlu, Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ