Onlayn ictimai-siyasi qəzet
Psixoloji dram janrında lentə alınan “Spinozanın tanrısı” filminin təqdimat mərasimi baş tutub.
Musavat.com xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutan qala gecəsinə sənət adamları, jurnalistlər qatılıb.
Filmdə Xalq artisti Vidadi Həsənov, Əməkdar artist Hüsniyyə Mürvətova, Elşən Rüstəmov, həmçinin gənc və istedadlı aktyorlar Türkay Cəfərli, Lalə Süleymanova, Fidan Bayram və başqaları rol alıblar.
Filmin çəkiliş və aktyor heyəti nümayişdən öncə qırmızı xalıya keçərək qonaqlarla foto çəkdirib.
Film psixoloji triller janrındadır və tammetrajlıdır. Filmin quruluşçu rejissoru Cavid Təvəkkül, ssenari müəllifi və baş prodüseri Rəsul Allahverdiyevdir.
Bərq, gənc və istedadlı fotoqrafdır. Öz işləri ilə peşəsində ciddi səviyyələrə gəlib. Gənc oğlanın həyatında hər şey öz axarı ilə getdiyi günlərin birində o, qəribə yuxu görür və həyəcan içində oyanır. Yuxusu ilə bağlı çox güvəndiyi mediator dostu Günaya danışmaq üçün onun ofisinə gedərkən, həmin yuxuda gördüyü qız ilə yenidən qarşılaşır. Sonralar Fəza olduğu aydınlaşan bu qız, müxtəlif yerlərdə Bərqin önünə çıxır, yuxularına girir. Bu yuxular, qarabasmalar oğlanın ruh halına ciddi təsirlər edir. Çevrəsindəkilər, yaxınları ona əllərindən gəldiyi qədər kömək etməyə, Bərqi bu psixoloji burulğandan çıxarmağa çalışırlar. Bir müddət sonra aydın olur ki, o, Fəza ilə həqiqətən illər əvvəl qarşılaşıb və tanışdır. Beləliklə, ikili yenidən əlaqə yaradır, danışırlar və bu münasibət dərin sevgiyə çevrilir. Hadisələrin sonluğu isə tamam başqa nəticələrə və gözlənilməz, dramatik gerçəklərin aydınlaşmasına aparır.
Könül İbrahim
Musavat.com
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ