İnsanlara hürriyət, millətlərə istiqlal!

Şouxanada saxta çarxla tovlama və havlama...

 

Hər şeyin şouya çevrildiyi günlərə gəlib çıxmışıq. Bernard Şou dirilib gəlsə, indiki şoumenlər kimi şou ssenariləri yaza bilməz. Nələr var, nələr.

14 fevral – sevgililər günündə yayılan bir sıra videoların şou, reklam, PR səciyyəli olduğunu biləndə şou çıxardanın əbu-əcdadını xatırlayanlar çox oldu. Amma bu, onların vecinəydimi? Əsla! Əsas odur ki, adları çəkilsin, mövcudluqlarından çox adam xəbər tutsun.

Heç demə, o boyda evakuatorun belinə orta qiymətli, sedan növlü avtomobil yüklətdirən, maşının böyrünə “Aytac bizi heşkim ayırammıjax” yazdıran və küçəbəküçə gəzdirən şəxs hansısa romantik gədə deyilmiş, avtomobil salonuymuş. Allah qoymasa bu, unikal, orijinal və düşük üsulla avtomobil satışını intensivləşdirmək istəyirmiş.

Ta kreativlik necə olur? Bax, belə. Ertəsi gün həmin salona 1234 müştəri gedib və hərəsi həmin avtomobildən bir dənə alıb gediblər. Ayın 15-də şəhərdəki tıxacın səbəbi bu imiş – o reklamdan sonra birdən-birə şəhərdə maşınların sayı kəskin şəkildə artıb.

Sevən gəncin öz sevgilisinə karton qutularda, türkün sözü, bantlarla “pakovka” etdiyi avtomobili bağışlaması və qızın sevindiyindən yerində soncuqlaması epizodu da reklam xarakterli şou imiş. Əslində o “sevgililər”in ikisi də bloqermiş və qəsdləri bu video ilə baxış sayını artırmaq, 3-5 manat pul-para qazanmaqmış.

İsətinlən reklam çarxının məqsədi, söz yox, insanları tovlamaq, yönəltmək, aldatmaqdır, amma belə şeylər lap biabırçılıqdır. Bu, başqalarının hissləri oynamaqdır, ortaya nifaq alması atmaqdır. Allah bilir, yuxarıdakı çarxları izləyən və onun real görüntü olduğuna inanan nə qədər nişanlı qız öz gələcək ərinə zəng edib, link atıb, deyib: “Bax, gözünə su ver, camaat istədiyinə maşın alır, sən başımı bir buket güllə, bir flakon parfümlə aldadırsan”.

Hələ ola bilər ki, o videoçarxları görəndən sonra nişanını qaytaranlar da olub.

İndi də Rəfaellə Coşqunun konsertindən öncə baş verən “qısqanclıq səhnəsi”nin quraşdırılmış məzhəkə olduğu ortaya çıxıb. Əslində bu çarx yeni yayılanda şəkkak dostlar dərhal dedilər, inanmayın, ola bilər, bu, konsertin populyarlığını artırmaq məqsədilə bilərəkdən təşkil edilmiş səhnədir. Dedilər və 5 dəqiqə çəkmədi, təsdiqləndi ki, bəli, məhz elədir.

Bu kreativ şou idimi? Xeyr. Bu, qanqaraçılıq idi. “Bir cavan kişinin konsert zalına məşuqəsi ilə gedərkən qısqanc qadın tərəfindən yaxalanması” boyu bəlkə də maraqlıydı, amma qətiyyən gülməli deyil. Hətta bu, qısqanc xanımlar üçün siqnaldır: əgər kişi konsertə, tamaşaya, futbola baxmağa tək gedirsə, inanmayın, yəqin ki, tək getmir, izləyin, ifşa edin. Bu, kişi azadlığının məhdudlaşdırılması prosesinin başlanğıcı demək olacaq və bunun babalı ssenarist Müşviq Abbasovun boynunda qalacaq.

Tərs kimi, reklam xarakterli şou olmayan heç nə qalmayıb. Telekanallar şouxanadır. Hamısında süni şəkildə quraşdırılmış məzhəkələr gedir. Hələ öz kanallarında göstərməklə qalmır, sosial şəbəkələrdə də paylaşırlar və 10 ildir sırf belə səfehliklərə görə televizora baxmayan adamların da qabağına çıxır. Anlaşılan, bizi zorla öz şoularına baxdırırlar. Qurtuluş yoxdur.

Musa, Təranə və Qumralın iştirakı ilə telekanallarda çıxarılan məzhəkələr serialı davam edir. Aysunun ərindən boşanıb-boşanmadığına dair 1 aydan çoxdur bitməyən söz-söhbət artıq gecələr adamın yuxusuna girir, bir də görürsən ki, saqqalı ərin yaxasından yapışmısan və deyirsən: “Vicdansız, utanmırsanmı, gül kimi qızı bir uşaqla atıb getmisən?” O da deyir, sənin nə borcunadır, ala. Tutaşırsız. Diksinib ayılırsan və fikirləşirsən ki, gerçəkdən mənim nəyimə lazımdır.

Amma elə deyil. Şoular həyatımıza girib. “Xoşunuz gəlmir, baxmayın” söhbətinin də yeri yoxdur. Mümkünsüzləşib.

İndi o müğənnilərin “hav-hav-hav” deyə mahnı oxuması nə deməkdir? Bu, nə şoudur? Xalqın qarşısına çıxan, özünə sənətçi deyən kəs qapı itinin (lap olsun çoban köpəyinin) səsini çıxarmaqdan heç utanmazmı? Manıs olanda nə olar, xalq əylənsin və şöhrət artsın deyə studiyada özünü o günlərə qoymaq lazımdırmı? Vallahi, tendensiyanın özü əndişə doğurur. Çox çəkməz, müğənnilər və artistlər studiyada dombalaq aşacaqlar.

Hətta böyük ehtimalla yaxın vaxtlarda bəzi sənətçilər studiyada bir-birinin şalvarını aşağı dartacaq, sonra dalaşacaqlar. Camaat elə biləcək ki, şalvarçəkmə söhbəti ciddidir, deyəcəklər, bax, dalaşdılar da, bir-birini vurdular. Amma sonra məlum olacaq ki, bunlar reklam xarakterli şoudur, öncədən ssenariləşdirilib. (Bu, ideya kimi qəbul edilməsin).

Nə etmək olar, beyin bu cür işləyir. Kreativliyimiz bu qədərdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR