İnsanlara hürriyət, millətlərə istiqlal!

Sosial Tədqiqatlar Mərkəzi erməni cinayətlərini ifşa edir - Bakıda mühüm tədbir

Sosial Tədqiqatlar Mərkəzi "Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə" mövzusunda konfrans keçirir. Tədbirdə ölkə ictimaiyyətinin ən müxtəlif sahələrinin təmsilçiləri iştirak edirlər.

Konfransı giriş sözü ilə STM rəhbəri Zahid Oruc açdı. O öncəliklə Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatı itirən hər kəsin ruhunu bir dəqiqəlik sükutla tədbir iştirakçılarının yad etmələrini xahiş etdi. Daha sonra ermənilərin cinayətləri ilə əlaqədar 3 dəqiqəlik videoçarx nümayiş etdirildi.

Zahid Oruc çıxışına belə davam etdi: "Azərbaycan xalqına qarşı ermənilərin son 34 ildə törətdiyi müharibə cinayətlərinin külliyatını qısa videoçarxlara yerləşdirmək mümkün deyil. Gördüyünüz kadrlar onların kiçik bir hissəsidir. Hazırki tədbirdə məqsəd təcavüzkarlıq təqvimini mexaniki sıralamaq deyil, daha çox tariximizin qanlı səhifələrini ölkəmizi xaricdə hüquqi-siyasi mühakiməyə qalxanlara, eləcə də daxildə düşmənə humanizm təşviq edənlərə göstərməkdir.

Sizinlə birgə yaşadığımız son iki ili, 27 sentyabr-10 noyabr tarixini xaqlımız üçün yeni qurtuluş təqvimi kimi qeyd edərkən, parlaq Qələbəmizin ildönümü əvəzinə qarşınıza təəssüf ki, işğal dövrünün səhnələri ilə çıxmışıq. Azərbaycanın bir neçə yüzillik gələcəyini müəyyən edən dönüş salnaməsini, Zəfər təqvimini sonrakı nəsillərə ötürmək, siyasi-ideoloji proqramlara köçürmək vəzifəsini bir an belə unutmadan bizi dünya gündəminə çevirənlərə cavab verməliyik. Bəli, düşmənin məqsədi budur-xalqımızın senyabr müqəddəsliyinə zərbə vursun, milli gündəliyi Qələbə hadisəsindən çıxarsın, qurucu enerjisini xarici meydanlara yönəltsin.

2 oktyabrda erməni əsgərlərinin qətli ilə bağlı tirajlanan səhnələrin ətrafındakı ajiotaj da ilk növbədə, Qələbəmizə zərbə vurmağı hədəf alıb. Praqada böyük sülh müqaviləsinın imzalanmasına ümid yaradan danışıqlar, hərbi qələbəmizin siyasi-diplomatik masaya daşınmasına paralel olaraq, nifaqın qalmasına çalışan qüvvələrin də mütəşəkkliyi artıb. Sülh razılaşması yaxınlaşdıqca, həqiqi düşmənlərin də siması aydın görünür, çoxəsrlik müqanişədən qazananlar açıq səhnəyə çıxırlar.

Ermənistanın son 34 ildəki müharibə cinayətlərindən hakimiyyət təmsilçiləri burada danışacaqlar.Lakin bir həqiqət danılmazdır: Azərbaycan dövləti 2-ci Qarabağ müharibəsini beynəlxalq hüquqa və əsas qanunlara tam uyğun apardı.Ölkə rəhbəri 8 noyabr 2021-ci ildə Zəfər günündə xalqa müraciətində deyir, sitat: “biz beynəlxalq hüququ və müharibə qanunlarını pozmadıq. Ədalətli müharibə apardıq və düşməni döyüş meydanında məğlub etdik”. Savaşın 3-cü günü düşmən tərəfi ölkəmizi existensialist təhlükədə-ermənilərin varlığına son qoymaqda suçlandırmağa çalışdı, lakin sonra anladılar ki, gərək on minlərlə mülki insan məhv olsun ki, iddiaları özünü doğrultsun. Əvəzində 44 günlük müqəddəs müharibə əsil Nürmberq mühakiməsi oldu. Beynəlxalq ədalət məhkəməsinin və BMT-nin sifətini Azərbaycan ordusu xilas etdi.Ulu öndər Heydər Əliyev 1995-ci ildə xalqımız üçün ağır günlərdə bəyan edirdi ki, sıyqırıma görə başımızı aşağı salmayın, gələcək qələbənizə inanın!

Şübhəsiz, Ermənistan xalqımıza qarşı 1949-cu ilin Cenevrə Konvensiyasında cinayət sayılan bütün əməlləri törədib. Lakin ekranda gördüyünüz Göyçədən Zəngəzuradək deportasiyalara, Xocalıdan Gəncəyə, Bərdəyə vurulan raket zərbələrinə və son Edilli kütləvi məzarlığına qədər, heç birinə Haaqada hüquqi qiymət verilməyib.10 noyabrdan sonra dünya gördü ki, “qurucu millət” ələ keçirdiyi ərazilərdə son 30 ildə bir milyon ölüm minası əkib və hərbi məğlubiyyətlə də bəhrəsini görür. Minaların mülki insanların yaşadığı ərazilərdə, eləcə də yollarda, yaxud piyadalar əleyhinə basdırılmasına qarşı Human Rigts Watç-un 2011-ci ildə təsis etdiyi üzv dövlətlərlərdən ibarət koalisiyasından hələ heç bir reaksiya verilməyib. Eləcə də Roma statutuna qoşulmamaq, Beynəlxalq Cinayət Məhkəməsinin yurisdikasiyasına daxil olmamaq dövlətləri məsuliyyətdən azad etmir.Ona görə də Miloşeviçi məhkəməyə çəkənlər Koçaryan və Sarkisyan üçün də eyni tribunalı qura bilərdilər.

Ermənistanın milli məhkəmələrində bir nəfər də olsun Xocalı qatili mühakimə olunmayıb. Buna cəhd edən hakimiyyət və hakimləri dünya erməniliyi linç edərdi. Əksinə, onların son 30 ildəki hərbi qəhrəmanlarının çoxu millətimizə qarşı cinayət törədənlərdir. Ali Baş Komandan İlham Əliyev 16 avqust 2021-ci il çıxışında erməni siyasi-hərbi rəhbərlərinə üz tutaraq, “çıxarın o medalları, atın yerə, çünki siz artıq məğlub olmusunuz”, demişdi. İndi o adamlar nəinki xalqımızın, elə sadə ermənilərin də nifrətini qazanıblar. Haaqa tribunalı gərək o qəhrəmanlardan başlayardı, onda Rusiya-Ukrayna müharibəsində ədalətli münsif ola bilərdilər.

Ermənistan 2 oktyabrda mötəbərliyi rəsmən təsdiqlənməyən videoyazı üzərindən ölkəmizə qarşı qlobal kampaniyaya aparır və əkstəbliğatın coğrafiyası çox genişdir. ABŞ, Hindistan, Fransa, Kanada, Norveç, Yunanıstan, Litva, İrlandiya Xarici İşlər nazirlikləri, fransalı nazir Frank Rister, The National İnterest dərgisi, 45-dək amerikalı konqresmen, İspaniya parlamentinin üzvü Anton Reyno və Con İnyariti, Britaniyanın Ermənistandakı səfiri, amerikalı senator Aleks Padilya, Genosidi önləmə şəbəkəsi, Ursula fon der Layenin istefasını tələb edən qlobal chang.org platformasında başladılan petisiya, avropalı deputatlar Viola Taubadel, Tom Vanderisxe, Emmanuel Morel, Almaniya Ombudsmanı, ATƏT DTİB, Haaqada azərbaycanlı səfiri Niderland XİN-ə çağıran hökumət üzvləri, İspaniya Konqresi, britaniyalı jurnalist Emil Hesse, Bellingcat kəşfiyyat platfoması, kanadalı senator Leo Kusakos, Amerika senatının xarici əlaqələr komitəsi, Avropa parlamentində 17 nəfərlik dinləmə və Norveçin Ermənistandakı səfiri Helen Andersen ölkəmizi günahlandırma kampaniyasında iştirak edirlər.Bu aksiyaların məqsədlərini belə ümumiləşdirmək olar:

• Ermənistan böyük maliyyə yardımı istəyir və “Azərbaycan təhlükəsi” mifi əvəzsiz xarici siyasət alətidir.

• 34 ilin cinayətlərini ört-basdır etmək, mühakimədən yayınmaq və bir neçə hərbçinin öldürülməsi ilə keçmiş əməllərini unutdurmaq siyasəti yürüdür.

• Qarabağa təhlükəsizlik və müxtəlif hüquqi preferensiyalar qazandırmaq istəyir.

• Ermənistanı demokratiya adası kimi təqdim edərək, Qərb dəyərlərini bölüşən bir ölkəyə Rusiya ilə birgə olan Azərbaycanın hücumunu iddia edir, özünü isə Ukrayna obrazında Himars raketlərinə və silah yardımına ehtiyacı olan tərəf kimi göstərir.

• Ölkəmizi iqtisadi-siyasi sanksiyalarla maliyyə resurslarından, ordumuzu isə müasir silahlardan məhrum etməyə can atır. Ona görə də Cozef Borrelə verilən suallar “sizə Azərbaycan qazı gərəkdir, yoxsa, erməni qanı” şəklində idi. Göründüyü kimi, qlobal kampaniyaçılar avropalıların qışda donmasına razıdılar, təki Azərbaycan iqtisadi gəlirlərdən məhrum edilsin.

• Xüsusilə, yeni formalaşan Komando qüvvələrinin ətrafında neqativ fon yaratmağa, 2-ci Xüsusi Təyinatlıların yaranmasına yol verməmək məqsədi güdür.

• Bizi “Böyük qayıdış” ruhundan və kursundan yayındırmağa, qarşıdakı 30 ildə də enerjimizi və resurslarımızı yad proqramlara və qüvvələrə xərcləməyə vadar etmək istəyir.

• Qələbəmizin miqyasını kiçiltməyə, Zəfərimizin simvolu olan Ali Baş Komandanın güclü dövlət liderləri ilə münasibətlərinə xələl gətirməyə cəhd edir və sair.

Bu siyahını uzatmaq da olar. Gəlin unutmayaq ki, ötən il Ermənistanın Azərbaycana qarşı BMT-də "etnik nifrət yaymaq" ittihamı ilə dinləmələri gündəmə gəlmişdi. Ona görə də sərt və yumşaq gücü bir arada saxlamalıyıq. Ermənilər hərbi meydandakı ağır məğlubiyyəti informasiya məkanındakı üstünlüklə əvəzləyib, onu gələcəkdə silahlı məkana daşımağa çalışır. Təzyiqlərin gələcəkdə artması ehtimalı dövlətimizdən Hibrid Hücumlarla Mübarizə Mərkəzinin yaradılmasını tələb edir. 44 günlük müqəddəs müharibənin nəticələrinin beynəlxalq legitimliyi etibarlı dövlət statusumuzdan və hərbi cinayətlərə qarşı siyasətimizdən çox asılıdr.Beləliklə, biz nə etməliyik:

• İlk növbədə, I və II Qarabağ savaşını əhatə edən Müharibə Cinayətlərinin Cəzalandırılması Komissiyasının yaradılması vacibdir. Bu halda son 34 ilin hərbi cinayətlərini vahid platformada və siyasətdə birləşdirmək olar.

• İkincisi, Azərbaycan həqiqətlərinin yayılması işində Avropa təhlükəsizliyi reallıqlarını dərk edən və ölkəmizə rəğbəti olanların səfərbərliyi tələb olunur.Baxın, Avropa Komissiyasının prezidenti Ursula Fon der Layenə qarşı ləkələmə kampaniyası aparılır, bizsə sakitcə tamaşa edirik. Halbuki onun müdafiəsi iqtisadi-siyasi mənafelərimiz üçün çox gərəkdir.

• Üçüncüsü, Ukraynaya təkcə Amerikanın yardımlarının miqdarı 26 milyard dollar təşkil edir, iqtisadiyyatının xilası üçün 500 milyard yardım vəd olunub. Alqışlayırıq, lakin Zəngilanın bir kəndini tikmək üçün o dövlətlərin dəstəyi ilə beynəlxalq donor konfransları və fondlarının təşkili üçün dünya azərbaycanlılarının fəal kampaniyası yerinə düşər.

• Dördüncüsü, keçmiş köçkünlərə vurulan maddi ziyanların qiymətləndirilməsini tezləşdirərək, bir milyon insanın Ermənistana “evimin təzminatını ödə” aksiyası ciddi hüquqi-siyasi nəticə doğurar.

• Beşincisi, əgər düşmən tərəfinin 34 illik hərbi cinayətlərə görə təzminat ödəməyə imkanı yoxdursa, dünyada onun əvəzini torpaq və digər alternativ vasitələrlə tələb etmək nümunələri var. Zəngəzur dəhlizi xalqımıza qarşı edilən müharibə cinayətlərinin, vurulan mülki və iqtisadi ziyanların əvəzində tam Azərbaycanın istifadəsinə verilməlidir!

Əziz dostlar, yekunda xüsusi vurğulayaq ki, biz erməni hərbçilərinə, daha doğrusu məğlub zabit və əsgərlərə paytaxt Bakıda “Əsrin məhkəməsi”ni qurduq, nəticələrindən asılı olmayaraq, onlar o hökmlə yaşayacaqlar, lakin o hərbçilərə əmr verən siyasi və hərbi generalları cəzalandırmaq ən böyük vəzifədir. Əlbəttə, biz düşmənçiliyə son qoymaq istəyirik, lakin çevirdiyimiz səhifə gerçəkdən də sülhə xidmət etməlidir.Ona görə də dövlət başçısı yeni milli ideyamızı Bolqarıstanda, Ağdamda, yaxud Praqada eyni ahənglə dilə gətirir: biz doğma torpaqlarda əbədi yaşayacağıq! Bəli, bir daha müqəddəs Zəfər günlərində xalqımızın qırğın və faciələrə deyil, “Qələbəyə davam” etməsi üçün ölkə rəhbəri 27 sentyabr Dönüş və Döyüş günündə ilk şəhidimizin Ruh daşına söykənərək, strateji hədəfləri göstərdi, “gəlin and içək ki, müstəqilliyimizi əbədi qoruyacağıq” çağırışını səsləndirdi, onu millət və dövlət quruculuğunun gələcək devizinə çevirdi. Gəlin, biz də and içək, çünki Vətən və dövlət anddan başlayır".

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov isə bunları dedi: "Ali Baş Komandan dediyi kimi Azərbaycan öz haqlarını beynəlxalq məhkəmələrdə sona qədər müdafiə edəcək. Bütün materiallar Avropa Məhkəməsinə təqdim olunub. 2020-ci ilin oktyabrında ermənilərin müharibə cinayətləri barədə beynəlxalq məhkəmələrə çoxsaylı şikayətlər göndərilib. Biz beynəlxalq aləmdə işimizə davam edəcəyik. Bu prosesi bir an belə dayandırmayacağıq. Sonunda Azərbaycan olaraq, uğurlar qazanacağımıza inanırıq".

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov: "Azərbaycan və Ermənistan Cenevrə komissiyasına qoşulublar. Biz bu sənədlərə əməl etmişik. Ermənistan hər zaman bu sazişlə üzərinə götürdüyü öhdəlikləri pozub. Hazırda da minalar basdırdıqları ərazilərin xəritələrini vermirlər. Bununla beynəlxalq hüquq normalarını bütünlüklə pozurlar. Bu istiqamətdə qeyd olunan bütün məsələlərlə bağlı Azərbaycan Cinayət Məcəlləsində dəyişikliklərə ehtiyac var. Yaxınlarda Xocavənddə ermənilərin əsirlərə qarşı nə cür davrandıqlarını sübut edən kütləvi məzarlıq aşkar olundu. Bu cinayətlərinə görə ermənilərin cəzalandırılması istiqamətində sona qədər çalışmalıyıq. Ayrılan reqlamentə görə bütün məlumatları vermək çətindir. Amma kimin sualı olsa hər zaman ünvanlaya bilər".

Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bu mövzu ətrafında fikirlərinin olduqca çox olduğunu söylədi: "Azərbaycana qarşı daim beynəlxalq aləmdə ikilistandartlardan çıxış edilib. Xocalıda cinayət törədənlər bütün dünyaya məlum olduğu halda beynəlxalq aləmdə onları cəzalandırmaq üçün tədbir görülmür. Amma son günlərdə Azərbaycana aid olduğu sübut edilməyən bir video ilə bağlı az qala ölkəmizi soyqırım törətməkdə ittiham edirlər. Beynəlxalq aləm Azərbaycana qarşı törədilən cinayətlərin xronologiyasına diqqət ayırsalar yaxşı olardı. Burada nümayiş etdirilən videoçarxdakı erməni vəhşiliyini görən beynəlxalq aləm, dövlətlər nədənsə görməməzlikdən gəlirlər. Biz hər cür qəddarlığın şahidi olmuşuq. Niyə susurlar? Çünki ikilistandartlardan çıxış edirlər. Ermənilərin hərbçilərimizə qarşı törətdikləri vəhşiliklə bağlı videolar var. Hərbçimizin başını kəsirlər. Bir hərbçimizin əl-qolu bağlı vəziyyətdə başına avtomatın qundağı ilə çoxsaylı zərbələr endiriblər və onu qətlə yetiriblər. Erməni insandır, bizimki insan deyil? Erməni cinayətləri ilə əlaqədar mindən çox Baş Prokurorluqda cinayət işi başlanıb. 2020-ci ilin Vətən müharibəsində mülki əhaliyə qarşı ermənilərin törətdikləri cinayətlərdən hər kəs xəbərdardır. Həmin ilin iyulunda baş verən hadisələr də məlumdur. 11 oktyabrda mülki insanların hədəf alındığı Gəncədə ermənilərin törətdiyi daha bir  müharibə cinayətinin 2 ili tamam olur. Ermənistanın cinayətləri o qədərdir ki, saatlarla danışsaq yetməz. Sadəcə burada reqlamentə əməl edib fikirlərimi tamamlayıram".

Müdafiə Nazirliyinin Hərbi hissə komandirinin ideoloji iş və mənəvi -psixoloji təminat üzrə müavini, polkovnik Elşad Əbilov son 30 ildə Ermənistanın cinayətlərinin ən pik həddə çatdığını qeyd etdi: "Bu cinayətlərin başında ərazilərimizin işğalı, bir milyondan çox insanın məcburi köçkün həyatı yaşaması, on minlərlə vətəndaşımızın qətlə yetirilməsidir. Biz erməni əsirlərlə davranışda daim humanist mövqedən çıxış etmişik. Amma ermənilərdə bunu görmədik. Biz düşmənə sarsıdıcı zərbələr endirdik, hərbi cavab verdik, mülki insanlara zərər yetirmədik. Lakin onlar II Qarabağ savaşında hansı müharibə cinayətlərinə yol verdilər, hər kəs gördü. Bütün bu cinayətlərə Azərbaycan Ordusu layiqincə cavab verib, verməkdə də davam edir. Amma unutmayaq ki, belə bir qonşumuz varsa, müharibə cinayətləri ilə yenə də üzləşə bilərik. Hər şeyə hazırlıqlı olmalıyıq. Ərazi bütövlüyümüzə hansı bir dövlətdən tərəfindən müdaxilə olarsa, dərhal cavab veriləcək. Hansı dövlət olmasının fərqi yoxdur".

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova ömürboyu erməni cinayətlərinə şahidlik edildiyini bildirdi: "Başqasının ərazini işğal etmək ən böyük hərbi cinayətdir. Biz artıq Zəfər qazanmışıq. Ermənilər başlarına gələndən bir nəticə çıxarmırlar, dezinformasiya siyasətlərini də durmadan davam etdirirlər. Törətdikləri hərbi cinayətlərdən boyun qaçırmağa çalışırlar. Onlar üçün ən böyük resurs dünya erməniliyidir. Avropa Parlamentində son illərdə əleyhimizə verilən qətnamələrin ermənilərin təsiri ilə qəbul edildiyi məlumdur. Bunu sübut edən çoxsaylı faktlar da var. Biz Zəfər qazanmış Dövlətik. Amma hər an diqqətli olmalıyıq. Diqqətli olduğumuz məqamlardan biri də ermənilərin dezinformasiyalarıdır".

2020-ci il 17 oktyabr gecəsində ermənilərin Gəncəyə atdıqları raket zərbəsində zərərçəkən Gülçin Ağayeva çıxışında bunları dedi: "Bu terrorda zərərçəkənlər çox oldu. Amma buna hələ də hüquqi qiymət verilməyib. Çox xahiş edərdim sizlərdən, cinayəti törədənlərin layiqli şəkildə cəzalandırılmaları üçün sona qədər çalışılsın ".

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev çox vacib məqamlara toxunan çıxış etdi. Deputat bildirdi ki, bizim iqtisadiyyatımız və ordumuz ermənilərdən güclü olduğu üçün Vətən müharibəsində qalib gəldik.

Xocalıdan olan Gülsüm xanımın çıxışı hər kəsi təsirləndirdi. O ailə üzvlərinin Xocalı faciəsində ən ağır şəkildə erməni vəhşiliklərinin qurbanı olduqlarını bildirdi.

MCP sədri, deputat Razi Nurullayev dövlət səviyyəsində bu istiqamətdə uğurlu işlərin aparıldığını qeyd etdi: "Beynəlxalq səviyyəli hüquq şirkətlərini bu proseslərə cəlb edə bilərik. Buna maliyyə mənbələrimiz yetərincə çatır. Bu istiqamətdə də çalışmalıyıq".

AXP sədri, sabiq baş nazir Pənah Hüseyn: "Post-müharibə ifadəsini doğru hesab etmirəm. Çünki müharibə davam edir. Doğrudur, biz savaşda qalib gəlmişik. Amma informasiya savaşı davam edir. Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirirəm. Hörmətli Zahid müəllimin Mərkəzinin fəaliyyəti digər mərkəzlər var ki, fərqlidir, müsbət yöndə. Müxalifət düşərgəsi olsaq da, doğruları da demək lazımdır. Bu mövzu ilə bağlı hər kəs mövqeyini bildirməlidir, səssiz qalmamalıdır. Xüsusilə, ermənilərin son təxribatları ilə bağlı. Siyasi partiyaların roluna hər zaman diqqət ayrılmalıdır ".

Hüquq müdafiəçisi Novella Cəfəroğlu STM -nin hər zaman aktual məsələlərlə bağlı tədbirlər təşkil etdiyini söylədi: "Vacib işlər görmək lazımdır. Diaspora burada gücsüzdür. Avropada soydaşlarımızla işləməliyik. Avropaya təmsilçilər göndərməliyik. Avropada qəbul edilən Azərbaycanlılara xüsusi diqqət ayrılmalıdır".

Hüquq müdafiəçisi Çingiz Qənizadə də hüquqi yöndə çox vacib məsələlərdən söz açdı: "Beynəlxalq Cinayətlər Məhkəməsi BMT-nin qurumudur. Amma bu qurumun üzvü olan bəzi dövlətlər Cinayətlərin ratifikasiyasına bəzən fikir verirlər. Bu da təəssüf doğurmaya bilməz".

AĞ partiya başqanı Tural Abbaslı: "STM-ya təşəkkür edirik ki, belə bir mövzuya diqqət ayırıb. Bir videoya görə az qala Beynəlxalq aləmdə təklənmişik. Bu çox acınacaqlı haldır. Xocalı soyqırımını unudublar? Amerika səfirliyini burada oturub Baş Prokurorluq məlumat yaymamış bəyanat verir ki, bu cəlladlar cəzalandırılmalıdır. Həmin ölkənin səfiri XİN-ə çağrılmalı və nota verilməlidir. Beynəlxalq aləmdə ədalət ölüb. Beynəlxalq aləmdə bir tanınan şəxs tapa bilmirik ki, atdıqları tvitdə Xocalı soyqırımından bəhs etsin. Bu istiqamətdə işləməliyik. Bir Kasilyasın tviti dünyada trend oldu. Bir Kasilyas kimi məşhur insanlar dünyada tapmalıyıq. Belə aktual mövzuda iştirak edən hər kəsə təşəkkür edirəm ".

Deputat Elşad Mirbəşir gələcəkdə bu cür cinayətlərə yol verənlərin bir daha düşünmələrinin vacibliyinə toxundu.

Deputat Hikmət Babaoğlu daim dünyada ikistandartlardan Azərbaycan olaraq əziyyət çəkdiyimizi bildirdi və çıxışını daha çox bu istiqamətə yönəltdi.

Hüquqşünas alim, deputat Bəhruz Məhərrəmov bu tədbirin gələcəkdə önəminin çox olduğuna əminliyini ifadə etdi.

Cavanşir Abbaslı
Elçin Əkbər
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR