İnsanlara hürriyət, millətlərə istiqlal!

SOS! Uşaq bu siropdan şok keçirdi - xəbərdarlıq

Parasetamol və nurofen haqda ziddiyyətli açıqlamalar; Pediatr: “Hələ də bilmirik, hansı ölkənin protokolu ilə işləyirik” 

Son zamanlar həm Qərbdə, həm də Rusiyada parasetamol və nurofen barədə müxtəlif ziddiyyətli məqalələr, açıqlamalar yayılır. Bu preparatların uşaqlarda kəskin vəziyyətlər yaratması və qaraciyərə toksiki təsiri barədə elmi sübutlar az deyil.  

Medicina.az xəbər verir ki, pandemiyadan başlayaraq zaman-zaman apteklərdən bəzi vacib dərmanlar, o cümlədən nurofen yoxa çıxır, sonra isə yenidən peyda olur. Bu dəfə nurofenin “qurbanı” 3 yaşlı uşaq olub. Qızdırması olan uşağa valideynləri aptekdən alınan çiyələk dadlı nurofen siropu verdikdən sonra onda kəskin qaşınma və səpmə ilə müşayiət olunan əks reaksiya baş verib. Uşaq təcili olaraq 1 saylı uşaq poliklinikasına aparılıb, orada əzələyə deksametazon inyeksiyası edilib. Lakin bu iynədən sonra vəziyyəti daha da pisləşib. Sonradan Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasına çatdırılan uşağa sistem köçürülüb və vəziyyət nəzarət altına alınıb. 

Valideyn bildirib ki, bir müddət apteklərdə nurofen yox idi və onlar həmişə alman apteklərindən almağa məcbur olublar. Bu dəfə isə yaxınlıqdakı aptekdə nurofen gördükləri üçün alıblar. Qutunun üzərində dərmanın çiyələk dadlı olduğu yazılıb. Məhz bu preparat uşağa kəskin reaksiya verib. 

Valideynlər apteklərə gətirilən nurofenlərin tərkibi və keyfiyyətindən şübhələnir. Ehtimallardan biri də məhz çiyələk əlavəsinin uşaqlarda allergiya yaratmasıdır. Çünki çiyələk özü allergendir. Apteklərdə bu dəfə yalnız çiyələkli nurofenlər satışa çıxarılıb. Standart, qatqısız nurofen isə hələ də yoxdur. 

Valideynin sözlərinə görə, uşaq hələ də tam sağalmayıb. Allerqoloqlar problemi həll edə bilmir. Uşağa sistem köçürüldükdə səpkilər azalır, amma sonra yenidən yaranır. 

Dr. Vaqif Qarayev - Onlayn rezervasiya edin, rəyləri oxuyun |  doktorsitesi.az

 Vaqif Qarayev 

Tanınmış pediatr Vaqif Qarayev mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Vaxtaşırı müxtəlif dərmanların ölümcül təsirləri barədə mediada məlumat verilir və çox vaxt bu, əsassız şou yaratmaq məqsədi daşıyır. Parasetamol Qərbin müalicə protokollarında uşaqlar üçün əsas seçim preparatıdır, yəni başqa dərmanların istifadəsi yolverilməzdir. Alternativ olaraq nurofen məsləhət görülür. Yəni dünyada "müalicə protokolu" deyilən bir anlayış var və bu, həkimlər üçün əsas qaydadır. Bizdə bu məsələ çox qarışıqdır - hələ də bilmirik, hansı ölkənin protokolu ilə işləyirik. Rusiya protokolu, Almaniya protokolu, ABŞ protokolu və s. var. Yəni hər bir ölkə özü üçün protokol hazırlayıb. Amma ümumi götürəndə görürsən ki, fərqli ölkələr olsa da, onların arasında razılaşdırılmış məqamlar kifayət qədər çoxdur. Parasetamolun qaraciyərə toksiki təsiri var. Amma bunun üçün pasiyent həftələrlə bu preparatı qəbul etməlidir ki, qaraciyərə zərər vursun. Halbuki praktikada belə olmur - sadəcə, qızdırma vaxtı 2-3 gün verilir və məsələ bitir. Konkret bu məsələyə gəlincə, görünür ki, çiyələkdən allergiya verib, amma ümumiyyətlə, bütün dərmanların allergik təsir göstərmə ehtimalı var. Ona görə də keyfiyyət məsələsi qabardılır ki, dərman preparatı mümkün qədər təmizlənsin, yan təsirləri və allergik təsirləri minimum olsun. Amma çiyələk tərkibli nurofen çox vaxt uşaqlara allergiya verir. Valideynin izahından da  görünür ki, dərman qəbulundan sonra səpkilər keçir, sonra isə yenidən qayıdır. Əgər səpki keçib-qayıdırsa, bu, birmənalı olaraq allergik səpkidir. Çünki digər səbəblərdən yaranan səpkilər, məsələn, infeksion səbəbli olanlar heç vaxt geri qayıtmır. Mənim müşahidəmə görə, çox güman ki, belə halların əksəriyyəti məhz preparatın təsiri ilə əlaqədar olur".  

Həkim daha bir diqqətçəkən məqama da toxunub: “Amma bu dərmanlar satışdan niyə yığışdırılır, sonra niyə yenidən peyda olur? Bu, təkcə nurofenlə bağlı deyil. Mövsüm xəstəlikləri zamanı bəzi preparatlar qəfil apteklərdən yoxa çıxır, bir neçə gündən sonra isə yenidən ortaya çıxır, amma daha yüksək qiymətə. Burada həkim heç nə edə bilmir. Həkim yalnız bazarda mövcud olan preparatın mövcudluğu ilə işləyir. Əgər dərman varsa, yazır, yoxdursa da yoxdur. Yəni bizdə bu məsələ bir az qarışıqdır və hələ də uzun-uzadı müzakirə mövzusudur. Nəticədə dərmanı yazan yenə də həkimdir. Dərman istehsalçısını, onu ölkəyə gətirəni, satan apteki heç kəs tanımır. Əhalinin tanıdığı həkimdir. Ona görə də hər hansı bir yan təsir və ya fəsad baş verəndə həkim günahlandırılır. Halbuki bu, düzgün yanaşma deyil. Çünki dərmanı həkim istehsal etmir, ölkəyə gətirmir, sadəcə, bazarda nə varsa, aptekdə mövcuddursa, onu yaza bilir. Mən valideynləri qınamıram. Uşağa verilən dərmandan problem yarananda təbii ki, valideyn etiraz etməlidir. Niyə hamı Alman aptekinə üstünlük verir, çünki çox keyfiyyətlidir. Bahalıdır, amma valideynlər növbəti fəsadla üzləşməmək üçün daha çox pul ödəyib, keyfiyyətli dərman almağa məcbur qalırlar". 

Afaq MİRAYİQ, 
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR