İnsanlara hürriyət, millətlərə istiqlal!

Son uçuşdan son mənzilə - REPORTAJ

Bu gün Azərbaycan xalqı faciəvi təyyarə qəzasında həyatını itirən pilotları və təyyarə bələdçisini son mənzilə yola saldı.

Öncə Heydər Əliyev Beynəlxalq Aeroportunda vida mərasimi keçirildi. Mərhum aviasiya işçiləri hava limanında anıldılar. Vida mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edib, ekipaj üzvlərinin ailələrinə və yaxınlarına başsağlığı veriblər. Daha sonra cənazələr Fəxri Xiyabana yola salındı.

Cəsarətli qərar verib, qəhrəmanlıq göstərərək onlarla insanın həyatını xilas edən səma şahinlərini torpağa tapşırmaq üçün.

Ailə üzvləri, iş yoldaşları soyuq qış günündə, boz havada göz yaşları içində əzizləri ilə son dəfə vidalaşdılar.
Məzarlıqda Azərbaycan xalqının tolerantlığı növbəti dəfə sübut olundu. Pravoslav pilotlar üçün litiya mərasimi keçirildi.

Ekipajın hər üç üzvü üçün dualar səsləndi. Kimi azərbaycanca, kimi rusca. Bütün duaların məğzi eyni deyilmi? Ruhu şad olsun!

Bu gün Fəxri Xiyabanda hər zamankı kimi yaşıl deyil, mavi rəngli uniformalılar daha çox idi. Bir səmaya baxırdılar, bir də səmaya bir daha qalxmayacaq yoldaşlarının fotolarına. Üzlərdə donuq ifadə, buz tutmuş əllərdə al qızılgüllər, göz yaşlarını gizlətməyə çalışan pilotlar, stüardessalar...Son dəfə vida etmək üçün, son borclarını yerinə yetirmək üçün gəlmişdilər.

Vidadan sonra qısamüddətli də olsa, ayaqüstü xatirələri paylaşmağa macal tapdılar. Nitqi kimi özü də gözəl xanım aviasiya üçün bu itkinin nə qədər ağır olduğunu qəhərlənərək dilə gətirdi. Pilotlardan biri "Özünüzü ələ alın, biz bir ailəyik!" dedi və yollarına davam etdilər.

Siz bizim də ailəmizsiniz, əziz pilot!

İqor Kşnyakin, Aleksandr Kalyaninov, Hökümə Əliyeva artıq bizim də ailəmizin üzvüdürlər. Bunu Fəxri Xiyabandakı izdiham da sübut edirdi. Tanıyan, tanımayan hər kəs "Onlar bizim qəhrəmanımızdır" deyirdi.
Bir ara qulağımıza alqış səsləri gəldi. Təyyarə ənənəsi-uğurlu eniş zamanı sərnişinlər əl çalırlar. Bu dəfə isə alqışlar son uçuşda sərnişinləri xilas edib özləri isə haqq dünyasına qovuşan, son mənzilə yola salınan İqor, Aleksandr və Hökümə üçün idi.

Hökümənin qardaşı isə bacısının məzarı başında ard-arda eyni cümləni işlətdi: "Bacımla fəxr edin!"
Azərbaycan xalqı və dövləti qəhrəman pilotları və stüardessası ilə fəxr edir! Azərbaycan Milli Qəhrəmanları ilə fəxr edir!

Allah rəhmət eləsin!

@@TVmusavat/104721@@

Nigar HƏSƏNLİ,
29 dekabr 2024-cü il
Fəxri Xiyaban
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR