Onlayn ictimai-siyasi qəzet
Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqının gizli qurultayı keçiriləcək.
Musavat.com-a daxil olan məlumata görə, bu ilin oktyabrında keçiriləcəyi nəzərdə tutulan qurultayın anidən 22 iyula keçirilməsinin səbəbi haqda müxtəlif iddialar yayılıb.
Məlumata əsasən, bu gün gizli şəkildə keçiriləcək qurultayın kiçik konfrans formasında təşkil olunması nəzərdə tutulub və əksər teatr xadimləri bu məsələdən xəbərsizdir, tədbirə dəvət almayıblar ki, bunun da səbəbi var. Belə ki, "razılaşmaya" əsasən, hazırda İttifaqın sədri vəzifələrini icra edən Xalq artisti Hacı İsmayılov quruma müvəqqəti sədr seçiləcək, sonra isə onu Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə əvəz edəcək. Bu "razılaşmaya" etiraz edə biləcək teatr xadimləri məhz bu səbəbdən qurultaya dəvət almayıb.
Xatırladaq ki, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Azərpaşa Nemətov ötən ilin 9 aprelində vəfat edib. İttifaqın nizamnaməsinə əsasən, İdarə Heyətinə sədr seçkisi 5 ildən bir keçirilir.
Qurultayla bağlı suallara cavab tapmaq məqsədilə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri vəzifələrini icra edən Xalq artisti Hacı İsmayılovla əlaqə saxladıq.
Xalq artisti Musavat.com-a açıqlamasında bildirdi ki, bu gün saat 12-də Azərbaycan Teatr Xadimləri İttifaqının konfransı başlayacaq:
"Hansısa qurultaydan söhbət getmir. Sədr və sədrin müavinləri səsvermə ilə seçiləcək. Konfransda Teatr Xadimləri İttifaqının üzvləri, qonaqlar iştirak edəcək. Konfrans tam açıq formada baş tutacaq. Mehriban Ələkbərzadə işlədiyim teatrın baş rejissorudur. Çox istedadlı rejissordur. Mənim ona böyük hörmətim var, onun da mənə. Məsləhət olar, onu seçərlər, məsləhət olar, məni seçərlər. Bu, konfransın gedişindən, səsvermədən asılı olacaq.
Doğrudur, oktyabrda qurultay keçirməyi nəzərdə tuturduq. Ancaq teatr mövsümü bitib. Sentyabrın 1-də parlament seçkisi keçiriləcək. Sonra isə COP29 beynəlxalq tədbiri keçiriləcək. Bu səbəblərlə bağlı məsləhət oldu ki, konfransı tez keçirək. Konfrans 2 hissədən ibarət olacaq. Birinci hissədən sonra fasilə verəcəyik, ikinci hissədə sədr, onun müavinləri seçiləcək. İdarə Heyəti seçiləcək".
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ