İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Qazaxın 4 kəndi geri qaytarıldı - İlham Əliyevin NÖVBƏTİ ZƏFƏRİ

Xəbər verdiyimiz kimi Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.

Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub.

Belə ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

Bu, son illər Azərbaycanın əldə etdiyi uğurlardan biridir. Hadisə heç də Xankəndinin, Şuşanın, Xocalının alınmasından kiçik tarixi hadisə deyil. Azərbaycan əzəli yurdunu geri qaytardı.

4 qeyri-anklav kəndin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılması Azərbaycanın və Prezident İlham Əliyevin növbəti qələbəsidir.

44 günlük müharibədə qələbə, 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası, rusiyalı sülhməramlıların bölgədən çıxmasından sonra 4 qeyri-anklav kəndin qaytarılması Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış toplayan İlham Əliyevin xalqa növbəti hədiyyəsi və müjdədir.

Azərbaycanın 4 kəndini geri qaytarılması məsələsi heç də son günlərin hadisəsi deyil. Prezident İlham Əliyev özü də dediyi kimi, nəyi nə zaman etmək lazım olduğunu çox gözəl bilir. Elə bu kəndlər mövzusu də 2020-ci ildən  qaldırılmış, ətrafında müzakirələr aparılmış, daim gündəlikdə saxlanılmışdı.

Ermənistan tərəfi Qərbə sığınsa da, Fransadan kömək alsa da Azərbaycanın qarşısında dayana bilmədi. Azərbaycan dövləti haqqı olanı geri qaytardı.

Əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addımdır. Delitimasiyanın məhz bu istiqamətdən başlaması Azərbaycanın təkidi ilə oldu.

Azərbaycanın guya Ermənistana hücum etməyə hazırlaşması, Ermənistan ərazisində hərbi hədəflərin olmasına dair Fransa və digər Qərb dövlətlərinin propaqandası da bir daha ifşa olundu. Azərbaycan ABŞ və Aİ-nin bu məsələlərə müdaxiləsinə imkan vermədi, Ermənistan və Azərbaycan birgə qarşılıqlı anlaşma şəraitində dil tapıb məsələni həll etdilər.

Ona görə bəzi Qərb dövlətləri və neoimperialist dairələr nə qədər proseslərdən uzaq dayansalar, Cənubi Qafqazda sülh və əmin-amanlıq o qədər tez təmin olunacaq.

Azərbaycan Cənubi Qafqazda böyük gücdür və hər zaman sülhün tərəfindədir. Bizə müdaxilə edənlər regionda sülhü istəməyənlərdir. Onların da cavabı diplomatik yolla layiqincə verilir. Erməni xalqı və dövləti də yaxşı anlayır ki, onlar yalnız Azərbaycanla normal danışıqlar aparmaqla özlərini xilas edə bilərlər. Azərbaycan həmişə sülhdən yana olub. Bu gün də dəyişən bir şey yoxdur. Azərbaycan dövlətinin heç bir dövlətin ərazisində gözü yoxdur. Heç bir dövlətin ərazi bütövlüyünə qarşı deyil. Eyni zamanda öz ərazi bütövlüyümüzü də layiqincə qoruyur, haqqımız olanı geri almağı bilirik.

Bu da Azərbaycan dövlətinin və onun Ali Baş Komandanın növbəti Zəfəri, xalqa müjdəsi, hədiyyəsi oldu.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR