İnsanlara hürriyət, millətlərə istiqlal!

Somali Prezidentinin Azərbaycan səfəri - görüşlər keçirildi, sənədlər imzalandı

Azərbaycanın Somali ilə əməkdaşlığının inkişafında Türkiyə faktoru var

Fevralın 12-də Azərbaycanda səfərdə olan Somali Prezidenti Hasan Şeyx Mahmudun rəsmi qarşılanma mərasimi olub.

Daha sonra prezidentlərin təkbətək görüşü olub.

Azərbaycanla Somali arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun iştirakı ilə mübadiləsi mərasimi olub.

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Federativ Respublikası Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Somali Prezident Aparatının rəhbəri Abdihakim Mohamed Yusuf mübadilə ediblər.

“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Somalinin energetika və su resursları naziri Abdullahi Bidham Varsame mübadilə etdilər.

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Somalinin xarici işlər naziri Əhməd Moalim Fiqi mübadilə etdilər.

“Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Somalinin müdafiə naziri Əbdülkadir Mohamed Nur mübadilə etdilər.

ELMAN NƏSİROV.jpg (144 KB)

Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycan dövlətinin xarici siyasəti açıq siyasətdir: “Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu münasibətlərin qurulmasında maraqlıdır. Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. İkitərəfli münasibətlər yaxşı olanda çoxtərəfli münasibətlər inkişaf edir. Somali Federativ Respublikası ilə münasibətlərin inkişafı ilk növbədə Azərbaycanın milli maraqları kontekstində maraqlıdır. Belə ki, ölkəmizlə bağlı məsələlərin müzakirəsi zamanı digər dövlətlər kimi, BMT-də bir səsə malik olan Somalinin dəstəyi önəmli ola bilər. Somali dünya siyasətində xüsusi çəkiyə malik olmasa da, Azərbaycanın həllini gözlədiyi məsələlərlə bağlı mövqe bildirə bilər. Ermənistan sülh müqaviləsinin imzalanmasını uzadır, əleyhimizə dezinformasiya siyasəti aparır, silahlanır və s. Beynəlxalq aləmdə bu reallıqlar fonunda Azərbaycanı dəstəkləyən dövlətlərin sayının artması məqsədəuyğun olar. Bundan başqa, Somali ilə ticarət, iqtisadi əlaqələrin inkişafı ilə bağlı potensial var”.

E.Nəsirovun fikrincə, Somali ilə əlaqələrin potensialı böyükdür: “Somali ilə əməkdaşlığımız çoxtərəfli əlaqələr baxımından faydalıdır. Bu gün Azərbaycan 1200 adda hərbi təyinatlı məhsul istehsal edir. Somali Azərbaycandan silah-sursat ala bilər. Onu da qeyd etmək lazımdır ki, Afrika qitəsində Türkiyə faktoru ciddi rol oynayır. Xüsusilə Fransanı  Afrikadan qovulması fonunda Türkiyənin potensialı daha çox diqqət cəlb edir. Bu baxımdan Türk Dövlətləri Təşkilatının rolunu qeyd etmək lazımdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu istiqamətdəki fəaliyyəti diqqət cəlb edir. Bir sözlə, Azərbaycanın Somali ilə əməkdaşlığının inkişafında Türkiyə faktorunun rolu danılmazdır”. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR