İnsanlara hürriyət, millətlərə istiqlal!

“SOCAR Türkiyə”nin qarşısında aksiya keçənlərin əsl məqsədi- ŞƏRH

“Azərbaycanın beynəlxalq münasibətlər sistemində günü-gündən rolunun artması, regionda söz sahibinə çevrilməsi və bu prosesdə qardaş Türkiyə ilə birgə sinxron fəaliyyət göstərməsi Azərbaycanı sevməyən bəzi qüvvələri narahat edir. Biz 44 günlük müharibədə də, sonrakı dövrdə də bu ölkələri tanımışıq”.

Bu fikirləri Musavat.com-a millət vəkili Hikmət Babaoğlu bildirib.

Millət vəkili vurğulayıb ki, İstanbulda “SOCAR-Türkiyə”nin qarşısında aksiya keçirənlər, Azərbaycanı İsrailə neft satmaqda günahlandıranlar da məhz təşkilatlanmaların əməli kimi ortaya çıxır: “Bu prosesdə Türkiyədə yaradılmış xüsusi qruplaşmalardan istifadə olunur ki, bu da iranmənşəli qruplaşdırmalar hesab olunmalıdır. Azərbaycanın yaratdığı yeni reallıqlardan, Türkiyə-Azərbaycan münasibətləri və Türkiyə-Azərbaycan üzərindən Orta Asiyaya doğru uzanan strateji coğrafiyada yeni perspektivli əməkdaşlığın mövcud olmasından, eyni zamanda kommunikasiyaların açılmasından olduqca narahat olan bu qruplaşmalar Türkiyə-Azərbaycan münasibətlərini korlamaq istəyirlər. Onlar Türkiyə ictimaiyyətində Azərbaycana olan rəğbəti neytrallaşdırmaq üçün tədbirlər həyata keçirirlər. Türkiyədə müsəlman təəssübkeşliyinin olması məlumdur. Bu, Azərbaycanda da var və bunu Fələstin simpatiyası üzərindən Azərbaycan və Türkiyəyə qarşı çevirməyə çalışırlar”.

babaoqlu_210320.jpg (57 KB)

H.Babaoğlu xatırladıb ki, Azərbaycan və Türkiyə hər zaman Fələstini dəstəkləyib:

“Fələstin ərazisində İsrail və Fələstin dövlətinin yaradılması ilə bağlı BMT-nin qəbul etdiyi qərarı hər zaman dəstəkləmişik. Azərbaycan bu mövqedən heç zaman çəkilməyib. İndi isə Türkiyə-Azərbaycan münasibətləri tarixinin ən yüksək, strateji müttəfiqlik səviyyəsinə çatıb, “Şuşa bəyannaməsi” imzalanıb. Belə olan halda Türkiyə cəmiyyətinə Azərbaycanı İsrail tərəfdaşı kimi göstərməyə çalışmaqla iki dövlət arasında münasibətləri korlamağa çalışırlar. Ancaq bu, mümkün deyil. Hər kəs bu cür əsası olmayan piketlərin arxasında kimin dayandığını bilir. Böyük mənada Türkiyə ictimai rəyi hadisənin nə üçün baş verdiyindən xəbərdardır. Azərbaycanın İsrailə neft satması məsələsinə gəlincə, heç bir neft ixrac edən ölkə beynəlxalq neft bazarına məhsul çıxararkən onu konkret ölkəyə satmır, trayderlərə satır. Onlar da aldıqları neftin hansı şəkildə kimə satdıqlarına özləri müəyyən edirlər. Görünən odur ki, bu cür aksiyalar təşkil etmək üçün beynəlxalq bazarın bu prinsipini manipulyasiya etməyə çalışırlar. Lakin bu cür piketlər Türkiyə-Azərbaycan münasibətlərinə əsla zərər vura bilməz”.

Siyasi şərhçi Azər Hüseynov isə Musavat.com-a açıqlamasında deyib ki, İsrailin son dövrlər Fələstində icra etdiyi hərbi əməliyyatlar nəticəsində Qəzzada, xüsusilə Rəfahda minlərlə mülki şəxsin, xüsusi ilə də qadın və uşaqların ölümü dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Hətta İsrailin əsas müttəfiqi olan ABŞ-la belə müharibənin davam etdirilməsində mövqeləri tam olaraq üst-üstə düşmür:

“Bu məsələdə, yəni Yaxın Şərqdə sülhün yaranması istiqamətində Türkiyə öz diplomatik imkanlarından maksimum istifadə etməyə çalışır:

 “Çıxışlarının birində Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev də Qəzzada yaşanan insanlıq faciəsi haqqında danışmış, beynəlxalq hüququn çox zaman işləksizliyini bəzi dövlətlərin mövqeləri ilə bağlamışdı. Xüsusi ilə “Dəmir Yumruğu” misal gətirmişdi. Hər halda SOCAR ətrafında ortaya gələn məsələlər də son zamanlar ümumi gərginliklə bağlıdır”.

8d443ab8114e7a20a5f93b3f85133243.jpg (27 KB)

SOCAR-ın son açıqlamasını şərh edən A.Hüseynov qeyd edib ki, SOCAR-ın İsrailə neft-qaz satmaması ilə bağlı bəyanatı ortalıqda yaranan gərginliyi azalda bilər: “Hər halda bu bəyanatın verilməsi Azərbaycan-Türkiyə əlaqələrinin də inkişafına, eləcə də regionda mövqemizin açıqlanmasına yardım edə bilər. Bütün beynəlxalq konfiqurasiyaları nəzərə alaraq belə problemlərin ortaya çıxmasının qarşısını almaq üçün müvafiq qurumlarımızın daha çevik və daha operativ fəaliyyət göstərməsi lazımdır”.

Qeyd edək ki, “SOCAR Türkiyə” mətbuata açıqlamasında bildirib ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Türkiyə” şirkəti tərəfindən İsrailə xam neftin satışının həyata keçirilməsi ilə bağlı ittihamlar həqiqəti əks etdirmir. “Son vaxtlar regionda baş verən geosiyasi dəyişikliklər fonunda “SOCAR Türkiyə” və qrup şirkətləri bir müddətdir bəzi təxribatçılar tərəfindən həm sosial şəbəkələr üzərindən, həm də fiziki hərəkətlərlə hücuma məruz qalıb. Bu təxribatçı qruplar guya İsrailə xam neft satdığımıza dair əsassız ittihamlar irəli sürərək sosial şəbəkələrdə təxribat xarakterli paylaşımlar edir, eyni zamanda, şirkət binasına əməkdaşlarımızın təhlükəsizliyini təhlükə altına qoyaraq hücumlar edirlər. İstanbuldakı Baş ofisimizə 12 mart, 29 may, 31 may və 2 iyun tarixlərində, Bursadakı "Bursagaz" ofis binamıza isə 24 may tarixində həyata keçirilən və şiddət səviyyəsi artan təxribatçı hərəkətlərin davam etdirilməsi şirkətimizin işçilərinin həyat təhlükəsizliyi üçün təhlükə yaradır.

Ana şirkətimiz olan Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın irəli sürdüyü vizyona uyğun olaraq, biz bütün fəaliyyətimizi beynəlxalq biznes müqavilələri çərçivəsində həyata keçiririk. Bu kontekstdə SOCAR-ın hazırda İsrailə xam neft satması ilə bağlı iddialar əsassızdır və məqsədyönlü şəkildə ictimaiyyəti çaşdırmaqdır. Qlobal neft bazarının özünəməxsus xüsusiyyətləri var və hasil edilən xam neft ticarət şirkətləri tərəfindən satılır”, - açıqlamada deyilir.

Qeyd edilib ki, SOCAR-ın təchizatçı şirkətlərin xam nefti hansı ölkələrə göndərdiklərinə və ya ondan hansı məqsədlər üçün istifadə etdiklərinə nəzarət etmək və ya müdaxilə etmək imkanı yoxdur: “Bu çərçivədə SOCAR digər neft şirkətləri kimi, tədarük etdiyi məhsulların ticarətini müvafiq şirkətlərlə ticarət əlaqələri çərçivəsində həyata keçirir.

“SOCAR Türkiyə” olaraq sərmayələrimiz və əməkdaşlığımız Türkiyə ilə Azərbaycan arasındakı möhkəm qardaşlıq və dostluq bağları, strateji müttəfiqlik və xalqlarımızın qarşılıqlı maraqları əsasında formalaşır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR