İnsanlara hürriyət, millətlərə istiqlal!

SOCAR-ın Ukraynada “vurulması”nın səbəbi Azərbaycan qazıdır?

Ekspertin fikrincə, Azərbaycan qazının Rusiya kəmərləri ilə nəqlinin yeganə variantı mübadilə əməliyyatları şəklində ola bilər

Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərindən sonra Ukraynada Azərbaycanın Milli Neft Şirkəti olan SOCAR-a qarşı aparılan kampaniyanın səbəbləri barədə çoxsaylı versiyalar müzakirə olunmaqdadır. Ukraynada SOCAR-dan yanacaq almamaq çağırışları onu edənlər tərəfindən Putinin Bakıda yüksək səviyyədə qarşılanması ilə əsaslandırılmasına baxmayaraq, prosesdə başqa məqsədlərin olduğu da gündəmə gətirilir.

Bir sıra mənbələr iddia edir ki, Ukraynada Rusiyanın “Qazprom” şirkəti ilə SOCAR arasında imzalanan anlaşma qıcıq yaradıb. Məlumdur ki, Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranzitinə dair müqavilənin müddəti bu il bitir. Bugünlərdə "Bloomberg"ə danışan Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, onun müddəti uzadılmayacaq: “Heç kim Rusiya ilə razılaşmanı davam etdirməyəcək. Bu sondur. Digər şirkətlərdən qaz tranzitinə gəlincə, bəzi avropalı həmkarlarımız istəyərsə,  onların xahişlərinə baxa bilərik”.

Bundan əvvəl Ukrayna prezidenti “Bloomberg”ə müsahibəsində bildirib ki, Ukrayna “Qazprom” ilə tranzit sazişi başa çatdıqdan sonra Azərbaycan qazının öz ərazisi ilə Aİ-yə nəqli imkanlarını öyrənir. “Bloomberg” qeyd edirdi ki, Azərbaycan qazının Rusiya və Ukrayna üzərindən Avropaya nəqli məsələsi üzrə danışıqlar ilkin mərhələdədir və ilin sonuna, “Qazprom”la tranzit müqaviləsinin müddəti başa çatana və Avropa qışı başlayana qədər qərarlar qəbul olunmaya bilər. Danışıqlara döyüş meydanındakı hadisələr də təsir edə bilər. Bir çox detallar hələ razılaşdırılmayıb və müqavilənin bağlanacağına əminlik yoxdur.

Ukraynanın “Naftoqaz” şirkətinin İdarə Heyətinin rəhbəri Aleksey Çernışov bu məlumatı şərh edərkən bildirib ki, Aİ və Ukrayna bu il Ukrayna-Rusiya tranzit müqaviləsinə xitam verildikdən sonra Avropaya davamlı qaz tədarükünü təmin etmək üçün yollar axtarır, onlardan biri Azərbaycan qazının tədarükü ola bilər. Çernışov SOCAR-dan belə bir təklif olduğunu, lakin hələlik real qərar qəbul olunmadığını iddia edib.

Azərbaycan tərəfi məsələ ilə bağlı hər hansı açıqlama verməyib, yayılan məlumatlara münasibət bildirilməyib. Lakin Prezident İlham Əliyev iyulda Şuşada keçirilən beynəlxalq media-forumda tamam fərqli məlumat açıqlayıb. O bildirib ki, Bakı Rusiya qazının Ukrayna ərazisindən keçməklə Avropaya tranzitini saxlamaq üçün Moskva ilə danışıqlar aparır. Onun sözlərinə görə, Ukrayna və Avropa İttifaqının (Aİ) hakimiyyət orqanları ondan sazişin müddəti başa çatana qədər (2024-cü ilin sonunda)sövdələşmənin bağlanmasına kömək etməyi xahiş ediblər: “Görünür, hər iki tərəf (Aİ və Ukrayna) maraqlıdır, çünki Ukraynanın özünə bu qaz lazımdır. Biz Rusiya ilə danışıqlar prosesindəyik. Və əgər kömək edə bilsək, kömək edəcəyik”.

Bundan əlavə, Azərbaycan dövlət başçısı vurğulayıb ki, Rusiya qazının Ukrayna ərazisindən nəqli dayandırılarsa, Avstriya və Slovakiya kimi ölkələr “ciddi problem”lə üzləşəcəklər, çünki qazı əvəz etmək üçün onlar “yüz milyonlarla dollar və ya daha çox” ödəməli olacaqlar.

Bakının öz qazını Rusiya və Ukrayna üzərindən Avropaya nəqli variantı ilə bağlı hər hansı məlumat açıqlamamasına baxmayaraq, Rusiya mətbuatında məsələ gündəmdən düşmür. Müxtəlif ekspertlər diqqəti Azərbaycanın Ukrayna üzərindən Rusiyanın ötürdüyü qədər - ildə 15 milyard kubmetrə yaxın qaz nəql etmək imkanının olmamasına yönəldirlər. Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun analitiki İqor Yuşkovun fikrincə, Azərbaycan qazının tədarükü üçün belə bir sxemin yaradılması ideyası başadüşüləndir - Avropa siyasətçiləri, nəhayət, heç olmasa, Rusiya qazından tamamilə imtina etdiklərini bildirmək istəyirlər: “Yəni bu ideya sırf siyasi xarakter daşıyır, çünki Azərbaycan qazı ilə bağlı heç bir şikayət yoxdur və Rusiyadan gələn hər şey guya zəhərlidir”, - deyə o, Yuşkov “Sputnik Azərbaycan”a bildirib.

Ekspert qeyd edib ki, qazı dövlət yox, kommersiya şirkətləri satır. Və əgər Aİ-nin Azərbaycan qazını yeni marşrutla almaq istədiyi bildirilirsə, o zaman müvafiq kommersiya müqaviləsi imzalanmalıdır: “Bu halda "Qazprom"la köhnə müqavilələrlə nə etməli? Çünki köhnə müqavilə ləğv edilərsə, Avropa şirkətləri on milyardlarla dollara şatacaq cərimə ödəməlidirlər, buna razıdırlarmı?"

Bundan əlavə, o qeyd edib ki, bu layihənin icra planı aydın deyil. Beləliklə, Yuşkov əlavə edib ki, Azərbaycanın Avropa bazarında Rusiya tədarükünü əvəz etmək üçün gücü yoxdur: “Azərbaycan ümumən öz yolu ilə gedir, qaz kəməri çəkib, "Şahdəniz-2" yatağının işlənməsini həyata keçirib, oradan artıq qaz Avropaya nəql olunur: 8 milyard kubmetr İtaliyaya, 1 milyard kubmetr - Yunanıstana və daha 1 milyard kubmetr - Bolqarıstana. Bundan əlavə, bir sıra digər Balkan ölkələrinə də vaxtaşırı qaz verilir. Lakin hazırda Azərbaycanın hasilatı qısa müddətdə 15 milyard kubmetr artırmaq imkanı yoxdur".

Azərbaycan bu ölkəyə vaxtında əlini uzatdı - İqor Yuşkovun AÇIQLAMASI |  KONKRET

 İqor Yuşkov

Ekspertin fikrincə, Azərbaycan qazının Rusiya kəmərləri ilə nəqlinin yeganə variantı mübadilə əməliyyatları şəklində ola bilər: “Yəni kağız üzərində belə görünəcək: "Qazprom" guya Azərbaycana 30 milyard kubmetr qaz verir, eyni zamanda respublika eyni həcmdə qazı Rusiya və Ukrayna vasitəsilə Avropaya ixrac edir. Lakin reallıqda “Qazprom” Avropaya qaz vurub və onu vurmağa davam edəcək. Ukrayna və Avropa ölkələri sərhədində rəsmi satıcı Məsələn, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) olacaq. Bu halda hər şey olduğu kimi qalacaq, yalnız SOCAR bir növ vasitəçi kimi çıxış edəcək və bu vasitəçilik üçün Azərbaycan Dövlət Neft Şirkətinə haqq ödənməli olacaq, ona görə də sonda avropalılar üçün qiymət artacaq. Rusiya bu sxemdən əziyyət çəkməyəcək"

Aİ və Kiyev Ukrayna ərazisindən qaz nəqlinin dayanmamasında maraqlıdılar: həm iqtisadi, həm də infrastruktur baxımından. Belə ki, Rusiya qazının tranzitindən Ukrayna ildə 1,3-1.4 milyard dollar civarında gəlir əldə edir. Eyni zamanda ölkənin ərazisində dünyada olmayan qədər inkişaf etmiş qaz nəqli infrastrukturu var. Bu infrastruktur boş dayanarsa, tezliklə köhnəlməyə məruz qalacaq. Nəhayət, Rusiya qazının nəqlinin dayanmasından sonra Moskvanın bu infrastrukturu hədəf alacağı təhlükəsi kifayət qədər realdır. Nəzərə almaq lazımdır ki, Rusiya Avropanın qaz depolamaq imkanlarını məhdudlaşdırmaq üçün artıq bir neçə dəfə ən böyük yeraltı anbarlara malik Ukraynada bu infrastruktura ardıcıl zərbələr endirib. Ən son zərbə bir neçə gün əvvəl Ukraynanın qərbindəki tutumu 17 milyard kubmetr olan yeraltı anbara endirilib. Bununla Rusiya Avropanın orada qaz toplamasının qarşısını almağa çalışır ki, dekabrda Ukrayna ərazisi ilə öz qazının nəqlinə hazırlıq səviyyəsini aşağı salsın. Aİ Ukraynadan kənardakı anbarları 93 faizə yaxın doldurub. Ötən il Avropa şirkətləri Ukrayna anbarlarına 2 milyard kubmetrdən çox qaz vurmuşdular. İndi Rusiya buna imkan verməməyə çalışır ki, dekabrda müqavilə müddəti bitəndə Avropanın ehtiyatları qış mövsümündən çıxmaq üçün yetərli olmasın. Bu cür siyasət yürüdən Moskvanın dekabrın 31-dən sonra Ukraynanın qaz nəqli sistemini sıradan çıxarmağa çalışmayacağı qeyri-realdır. Buna görə də Brüssel Bakının nüfuzundan və qaz potensialından istifadə etməklə bu perspektivi önləməyə çalışır. Bunun üçün hətta kiçik həcmdə də olsa Azərbaycan qazının Rusiya və Ukrayna üzərindən nəqlinə nail olmaq yetərlidir.

Ukraynada SOCAR şirkətinin premium sinfinə aid yeni yanacaqdoldurma  kompleksi istifadəyə verilib - AZƏRTAC

Xatırladaq ki, 2022-ci ilin iyulunda Avropa Komissiyası Azərbaycanla Avropaya qaz nəqlinin 20 milyard kubmetrə qədər artırılmasına dair anlaşma memorandumu imzalayıb. Bu hadisədən sonra TAP kəmərinin nəql gücünün 20 milyard kubmetrə çatdırılması üçün müzakirələr, danışıqlar başlayıb. Lakin bu iş üçün tələb olunan investisiyaların yatırılması məsələsində Aİ ilə Azərbaycan arasında fikir ayrılığı yaranıb. Belə ki, Aİ qalıq yanacaq olan qazla bağlı layihələrə sərmayə yatırılmamasını nəzərdə tutan akta istinad etməklə TAP-ın genişləndirilməsi prosesinə hər hansı sərmayə qoyuluşu etməmək mövqeyini tutur. Bundan əlavə, Avropa mənşəli maliyyə qurumlarına da belə investisiyalar qadağan olunub. Digər tərəfdən, Aİ 2040-cı ildən etibarən qalıq yanacaq hesab etdiyi təbii qazın istehlakından da imtina etməyi hədəfləyir. Bütün bunlar Azərbaycan tərəfindən haqlı tənqid olunur. Rəsmi Bakı infrastrukturu genişləndirmək üçün bütün xərcləri öz üzərinə götürmək niyyətində olmadığını dəfələrlə Prezident İlham Əliyev səviyyəsində açıqlayıb. Elə Şuşadakı çıxışında o, bu məsələ ilə bağlı kifayət qədər sərt mövqe sərgiləyib: “Onlar istəyirlər ki, biz Cənub Qaz Dəhlizini 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər genişləndirək. Söhbət TANAP-dan gedir və TAP-ı 10 milyarddan 20 milyard kubmetrə çatdıraq. Biz oraya milyardlarla pul yatırmalıyıq”.

Dövlət başçısı onu da əlavə edib ki,  Cənub Qaz Dəhlizinə yatırılan sərmayənin hələ də tam mənfəətini götürməmişik: “Bizim neft-qaz sahəsindən əldə etdiyimiz gəlir hələ də bu borcun ödənilməsinə yönəlib. Onlar gözləyirlər ki, biz oraya milyardlarla vəsait yatıraq və eyni zamanda deyirlər ki, 10 ildən sonra Avropa İttifaqının qaza ehtiyacı yoxdur. Yəni biz ağılsızıq ki, onların ehtiyacı olmadığı qaza 10 milyardlarla vəsait qoyaq?"

Baş verənlər göstərir ki, Aİ Azərbaycanı öz qazının bir hissəsini Rusiya və Ukrayna üzərindən nəqlinə razı salmağa çalışır. Ukraynada SOCAR-la bağlı çağırışlar da buna hesablanmış kampaniya ola bilər: Bakıdan müsbət cavab almaq üçün. Bu təzyiq və təsirlərin hansı nəticə verəcəyini yəqin ki, yaxın zamanlarda biləcəyik. Çünki Aİ-nin vaxtı elə də çox deyil. Dekabra qədər dəqiqləşdirilməli olan məsələlər çoxdur...

Dünya SAKİT,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR