Onlayn ictimai-siyasi qəzet
“Slovakiyanın baş naziri Robert Fitsoya qarşı törədilmiş sui-qəsdin əsl motivi hələlik bəlli deyil. Fitsonun enişli-yoxuşlu siyasi karyerası ona fərdi düşmənlər də qazandırmışdı. Mümkündür ki, bu sui-qəsdin əsl səbəbi fərdi düşmənçilikdən doğub. Bununla belə, hətta Slovakiya rəsmiləri də sui-qəsdin siyasi motivli ola biləcəyini istisna etmirlər. Ölkənin daxili işlər naziri Robert Kalinak kimi, müdafiə naziri Matuş Şutac Eştok da sui-qəsdi “siyasi motivli” adlandırıblar. Şutac Eştok bir az da irəli gedərək, “şübhəlinin terror planını prezident seçkilərindən qısa müddət sonra törətmək qərarına gəldiyini” bildirib. Açığı, məncə də, sui-qəsdin arxasında siyasi amillərin dayanması ehtimalı daha yüksəkdir”.
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında belə deyib.
Dünən sui-qəsdə uğrayaraq ağır yaralanan Slovakiya baş naziri Robert Fitsoya qarşı törədilən terrorun səbəblərini şərh edən Heydər Oğuz slovak müdafiə naziri Matuş Şutac Eştokun hadisənin prezident seçkiləri ərəfəsində planlaşdırıldığını bildirməsini təsadüfi saymır:
“Məlumdur ki, Robert Fitso prezident yox, baş nazirdir. O, baş nazir kimi, prezident seçkilərindən əvvəl indiki postuna yüksəlib. Slovakiyada parlament seçkiləri ötən ilin oktyabr ayında, prezident seçkiləri isə hardasa 1 ay əvvəl keçirilib. Bilirsiniz ki, Slovakiya parlamentli respublikadır. Yəni bu ölkədə baş nazirin səlahiyyəti prezidentdən daha çoxdur. Məntiqlə, parlament seçkiləri də prezident seçkilərindən daha önəmli olmalıdır. O halda, sual ortaya çıxır: Robert Fitsoya qarşı sui-qəsd təşəbbüsü niyə parlament seçkilərindən sonra yox, prezident seçkiləri ərəfəsində planlaşdırılıb?”
Siyasi şərhçi bildirib ki, məhz prezident seçkilərindən sonra Slovakiyanın siyasi təmayülünü Rusiyaya doğru istiqamətləndirən Robert Fitsonun qarşısını ala biləcək heç bir güc qalmamışdı:
“Ötən ayın 7-də ikinci turda prezident seçkilərini Robert Fitsonun ən yaxın silahdaşı Peter Pellegrini qazandı. Bu isə o deməkdir ki, Fitso hökumətinin çıxaracağı hər hansı qərara heç kim veto qoya bilməyəcəkdi. Slovakiyada prezidentin səlahiyyətləri məhdud olsa da, parlamentin çıxardığı qərarlara veto qoymaq hüququ var. Bu zaman isə həmin qərarlar yenidən parlamentə qayıdır və millət vəkillərinin ən azı 3-də 2-nin səsi ilə qanuni qüvvəyə minir. Fitsonun qurduğu koalisiya qüvvələrinin isə belə bir səs üstünlüyü yoxdur”.
Siyasi şərhçi xatırlatdı ki, 11 oktyabr 2023-cü ildə keçirilən parlament seçkilərində Robert Fitsonun “Smert” partiyasi cəmi 23 faiz səs toplamışdı:
“Beləcə, 150 deputatı olan parlamentdə cəmi 42 deputat çıxara bilmişdi. Məcburən hökumət qura bilmək üçün 27 deputat yeri qazanan “Hlas” və 10 deputatı olan Slovak Milli Partiyası ilə koalisyaya getmişdi. Dolayısıyla, Robert Fitsonun qurduğu koalisiya hökumətinin cəmi 79 deputatı var. Bu isə hökumət qurmağa yetsə də, prezidentin veto etdiyi qərarları yenidən təsdiqləmək üçün kifayət deyil. Bunun üçün Fitso hökumətinə 101 səs lazımdır. Odur ki, Peter Pellegrininin prezident seçilməsi Fitso koalisiyasının gücünə güc qatırdı”.
Slovakiyanın hazırkı koalisiya hökumətinin ikinci böyük ortağı “Hlas”a Peter Pellegrininin rəhbərlik etdiyini bildirən Heydər Oğuzun iddiasına görə, ölkənin bir müddətdən sonra vəzifə başına keçəcəyi gözlənilən prezidenti də əslində hökumət koalisiyasının aparıcı liderlərindəndir:
“Peter Pellegrini vaxtilə Robert Fitsonun müavini olub. 2018-ci ildə baş nazir olan Fitsonun adı korrupsiya qalmaqallarında hallananda slovak xalqı ayağa qalmış və o, istefa vermək məcburiyyətində qalmışdı. Həmin vaxt öz yerinə Peter Pellegriniyə buraxmışdı. Bir növ Peter Pellegrini Robert Fitsonun Medvedyevi hesab olunur. Necə ki, Vladimir Putin 2008-ci ildə prezidentlik posunu ən əmin olduğu Dmitri Medvedyevə ötürmüşdü, 2018-ci ildə də Robert Fitsonun ən güvəndiyi adam Peter Pellegrini idi. Yəni bu qədər əmin olduğu adamın nə vaxtsa onun qərarına qarşı çıxması mümkün deyil. Üstəlik, həmin qərarda öz partiyasının da imzası varkən”.
Bəs, faktiki olaraq Slovakiyanın bu qədər güclü hakimiyyəti hansı addımı ata bilər ki, beynəlxalq güc mərkəzləri bundan belə narahatdırlar?
Heydər Oğuzun fikrincə, bir müddətdən sonra Fitso NATO və Aİ-nin yuxularını ərşə çıxaracaq istənilən addımı ata bilərdi və bu da Qərb dünyasını indidən tədbir almağa vadar edə bilər:
“Peter Pellegrinin andiçmə mərasimi gələn ayın ortalarındadır. O, and içib görəvə başladıqdan sonra Fitso istədiyi qərarı parlamentdən keçirə bilər. Hətta NATO-dan, Aİ-dən çıxmaq barədə qərarları belə. Yaxud onun Rusiya ilə münasibətləri Qərbin arzulamadığı səviyyədə bərpa etmək imkanı doğacaqdı. Ən əsası isə Slovakiyada bu qədər güclü hakimiyyətin ortaya çıxması Orta və Şərqi Avropada yeni situasiyanın yaranmasına yaşıl işıq yandıra bilərdi”.
Orta və Şərqi Avropa ölkələrinə “cəbhə xətti” kimi baxan NATO alyansının bu planının getdikcə iflasa uğradığını düşünən həmsöhbətimiz fikrini belə izah etdi:
“Bilirsiniz ki, Ukraynanı çevrələyən Orta və Şərqi Avropa ölkələrində son zamanlar Rusiyaya yaxınlaşma meylləri artıb. Xüsusilə Macarıstan və Serbiya faktiki olaraq Rusiya ilə razılaşdırılmış xarici siyasət yürüdür. Albaniya, Kosova və s. kimi Balkan ölkələri də bu iki dövlətin təsiri altındadır. Polşada 2023-cü ilin dekabr ayında keçirilən parlament seçkilərində Qərbyönümlü mövqeyi ilə seçilən Donald Tusk zorla hökumət qura bildi. Seçkilərdən sonra Polşanın Baş naziri olan Tuskun partiyası cəmi 30,70 faiz səs topladı. Onun rəqibi ruspərəst Mateusz Moravieskinin “Hüquq və Ədalət” partiyası isə 35 faiz səs qazanmışdı. Hətta hökuməti qurmaq səlahiyyəti də ilk əvvəl “Hüquq və Ədalət” partiyasına verilmişdi. Yetərli səs ala bilmədiyindən hökumət qurma növbəsi Tuska keçdi. Tusk isə Qərbyönümlü digər partiyalarla koalisiya qurub 8 illik Moravieski hökumətinə son qoydu. Bir sözlə, Qərbə yaxınlığı ilə seçilən mövcud Polşa hakimiyyətinin taleyi incə tükdən asılıdır. Kiçik bir təlatüm onu dağıda və yenidən rusqafalı iqtidar hakimiyyətə gələ bilər. Bu isə Ukraynanı çevriləyən cəbhə xəttinin Rusiyanın əlinə keçməsi anlamına gəlir. Təbii ki, NATO və Aİ ölkələri bu qorxunc ssenariyə laqeyd qala bilməzdi. Çünki NATO ölkələri bu dövlətlərdə sabah lazım gələrsə, Rusiyaya qarşı savaşacaq ordularını yerləşdirib. Almaniya, Çexiya və ABŞ-ın ən azı 3 min əsgəri Slovakiyadadır. Slovakiya isə Rusiyaya yaxın adamların əlinə keçmişdi”.
Robert Fitsonun sui-qəsdə uğraması ilə Slovakiyada problemin həll olunmadığını bildirən siyasi şərhçi inanır ki, qalıcı çözüm üçün NATO-nun aparıcı dövlətləri bu ölkədə vətəndaş qarşıdurması yarada və mövcud hakimiyyəti istefaya məcbur edə bilər:
“Əslində Slovakiyadakı siyasi vəziyyət də buna uyğundur. Robert Fitsonun cəmi 22 faiz səslə iqtidarı qazanması, bir aydan sonra prezident səlahiyyətlərini icra edəcək Peter Pellegriniyə 1-ci turda seçicilərin cəmi 35 faizin etimad göstərməsi Slovakiyadakı mövcud hakimiyyətin təməllərinin çox da möhkəm olmadığını göstərir. Son sui-qəsddən sonra ölkədə ciddi qütbləşmənin yaranması da uzaq ehtimal deyil. Kiçik bir təkanla Slovakiyada qütbləşməsi dərinləşdirmək və vətəndaş qarşıdurmasına zəmin hazırlamaq mümkündür. Düşünürəm ki, Slovakiya kimi strateji əhəmiyyətə malik dövləti əlindən çıxarmamaq üçün Qərb bu təxribatlara gedəcək”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ