İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzovun jurnalistlərə ev təklifi-kim nə deyir?  

   İlk yayım saatı: 09.05.2024, saat 14:00

 

Yenə əleyhinə olan da var, təklifi dəstəkləyən də...

Milli Məclisin deputatı Siyavuş Novruzov mənzilə ehtiyacı olan jurnalistlərin Qarabağa köçürülən məcburi köçkünlərin boşalmış mənzilləri ilə təmin edilməsi ilə bağlı  təklif verib. 

İTV-nin Müşahidə Şurasının üzvü, media eksperti Azər Həsrət Yenicağ.az-a deyib ki, məsələnin gündəmə gətirilməsi mənzilə ciddi ehtiyacı olan jurnalistlər üçün ümid işığı ola bilər. “Çünki təxminən on il öncə ölkədə jurnalistlərin mənzil ehtiyaclarının qarşılanması üçün atılan addımlar təqdir edilirdi. Bəzi həmkarlarımız bu baxımdan ümidlənmişdilər. Ancaq jurnalistlər üçün tikilən üçüncü bina başqa kateqoriyadan olan vətəndaşlara verilməsi üstün tutuldu. Təbii olaraq, bu, müəyyən narazılıq və narahatlıqlara səbəb oldu”, – deyə media eksperti bildirib.

 azerhesret1.jpg (33 KB)

Azər Həsrət torpaqların işğaldan azad edildiyini, keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtdığını diqqətə çatdırıb: “Dövlətimiz məcburi köçkünlər üçün on illər ərzində Bakıda və ətraf ərazilərdə mənzillər tikib. Həmin mənzillər isə artıq boşalmağa başlayıb. Hətta həmin evlərin ucuz qiymətə satışı da təşkil olunur. Belə olan təqdirdə, mənzilə ehtiyacı ciddi şəkildə olan jurnalistlərin evlə təmin edilməsi üçün əlavə addımlar atmağa imkan yaranıb.

Deputat Siyavuş Novruzovun belə bir fikir səsləndirməsi heç də təsadüfi deyil. Nəzərə almaq lazımdır ki, o, hakim Yeni Azərbaycan Partiyasının parlamentdəki təmsilçilərindən biridir. Yəni onlar bir fikir səsləndirərkən mütləq ən üst rəhbərliklə razılaşırlar. Bir sözlə, ümidlər var.

Qarşıdan isə Milli Mətbuat Günü yaxınlaşır. Həmin ərəfədə belə bir addımın atılması yerinə düşərdi. Mənzilə ehtiyacı olan jurnalistlərin evlə təmin edilməsi təqdirlayiq addımdır”.  

 elcin.jpg (174 KB)

Azərbaycan Jurnalistlər Birliyinin sədri, əməkdar jurnalist Elçin Şıxlı  Musavat.com- a bildirdi ki, jurnalistlər üçün tikilən 3-cü bina onlara verilmədiyi təqdirdə, məcburi köçkünlərdən boşalan mənzillərin veriləcəyi sual doğurur: "Mən əvvəldən jurnalistlərə mənzil verilməsinin əleyhinəyəm. Jurnalistlərə sadəcə iki binadan ev verildi. 3-cü binanın taleyi bəllidir. Jurnalistlər üçün tikilən bina jurnalistlərə verilmədi. Sosial mənzillərlə bağlı mənzillərlə bağlı da kifayət qədər narazılıq oldu. Ümumiyyətlə, jurnalistlərə elə şərait yaradılmalıdır ki, özlərinə ev ala bilsinlər. Təbii ki, bunun üçün uyğun gəlir də olmalıdır".

K6m9iMWLETk3YXPwCtca.jpg (22 KB)

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli isə hesab edir ki, bu, vaxtı ötmüş müzakirədir: "Jurnalistlər üçün 3-cü bina tikilmişdi, ətrafında ciddi müzakirələr getdi. Nəticədə binanın şəhid ailələrinə verilməsi qərara alındı.  Siyavuş müəllimin indiki təklifi həmin müzakirələr dövründə səsləndirilsəydi, məncə daha effektiv olardı. Yəni  məcburi köçkünlərin boşaltdığı mənzillər şəhid ailələrinə verilərdi, jurnalistlər üçün tikilmiş 3-cü bina da  media işçilərinin özünə. Mövzu qapadılandan, proses bitəndən sonra fərqli təkliflər vermək nə dərəcədə effektivdir, onu bilmirəm. 

Yeri gəlmişkən qeyd edim ki, indi jurnalistlərin mənzil şəraitini yaxşılaşdırmaq üçün yeni sistem tətbiq edilir. Jurnalistlər güzəştli ipoteka ala bilən sosial zümrələr sırasına daxil edilib.  Bu, dövlətin məqbul yanaşmasıdır, beynəlxalq standartlara da uyğundur. Çalışmaq lazımdır ki, jurnalistlərin bu proqramdan istifadə imkanları artırılsın”.

Nigar Həsənli,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR