Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov İmişli rayonunda baş verən məlum hadisədən bəhs edib.
Musavat.com-un xəbərinə görə, o bildirib ki, heç kəs bilərəkdən kiminsə balasını öldürmək istəməzdi, həmçinin qəzada iştirak edənlər.
S.Novruzov ardınca deyib ki, məktəblilərin həlak olması ilə nəticələnən yol qəzasının baş verdiyi ərazi rayon mərkəzindən 3 km aralıdadır:
“İcra başçısı, polis rəisi, niyə durub gəlmirsən ora? Sadəcə rayon prokuroru gedib. Bu gün hər kəs Prezidentə canını fəda etməyə hazırdır. Bizim hamımızın canı Prezidentə fədadır. Amma çıx camaatın qarşısına, onu başa sal! Niyə camaatdan kənara qaçırsınız?”
Komitə sədri bildirib ki, hadisələr zamanı 18 nəfər həbs olunub, bəziləri əsəblərini cilovlaya bilməyib:
“Mən xahiş edərdim ki, onları da bağışlasınlar. Cavan uşaqlardır, qoy getsinlər ev-eşiklərinə. Amma belə hallarda rayon rəhbərləri, hüquq-mühafizə orqanlarının rəhbərliyi camaatın qarşısına çıxmalıdır. Əgər camaatın qarşısına çıxmağa üzləri yoxdursa, ərizələrini yazsınlar, çıxıb getsinlər evlərinə!”
E.Paşasoy,
Musavat.com
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ