Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin iclasında çıxış edən komitə sədri Siyavuş Novruzov Avropa İttifaqının və bir sıra Avropa ölkələrinin anti-Azərbaycan siyasətindən danışdı.
Musavat.com-un məlumatına görə deputat bildirdi ki, bu gün Avropa İttifaqına daxil olan və Avropa ölkələrinin bir qrupunun Azərbaycana qarşı ədalətsiz münasibətini müşahidə edirik:
“Avropa ilə ən çox əməkdaşlıq edən Azərbaycandır, Avropanın enerji təminatında iştirak edir, çətin günlərdə bu ölkələrin yanındadır”.
Deputat dedi ki, bütün bunlara baxmayaraq, həmin paytaxtlar Azərbaycana qarşı siyasət yürüdür: “Bu, bir daha onu sübut edir ki, həmin ölkələrin böyük əksəriyyəti müstəqil deyil və müstəqil siyasət yürüdə bilmirlər. Bütün bunlara baxmayaraq, biz mübarizəmizi davam etdirməliyik, həmin ölkələrlə bağlı öz mövqeyimizi ortaya qoymalı, mövqeyimizi çatdırmalıyıq. Biz ədalətli mövqedəyik. Hər kəs bilməlidir ki, biz ermənilərə qarşı hər hansı soyqırım həyata keçirməmişik, əksinə, soyqırma məruz qalmışıq”.
S.Novruzov bildirdi ki, Tehranda baş tutan 3+3 formatlı görüşlərdən sonra ölkəmizə qarşı Avropadan təzyiqlər daha da artacaq. Bütün bunlara rəğmən deputat davamlı fəaliyyətə ehtiyac olduğunu qeyd etdi: “Avropadakı deputatlarla birbaşa əlaqələrin qurulması, onların məlumatlandırılması vacib məsələlərdəndir. Milli Məclis bu istiqamətdə davamlı olaraq işlər aparır. Bu işləri davam etdirmək lazımdır. Biz hər birimiz Prezidentin apardığı siyasətin arxasındayıq, heç bir qüvvə Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləməklə nəyəsə nail ola bilməz”.
E.Paşasoy,
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ