Onlayn ictimai-siyasi qəzet
Dünyanın harasında qlobal səciyyəli, miqyaslı bir hadisə baş verirsə, milyonlarla insan dərhal belə bir sual qoyur: “Görəsən, “Simpsonlar”ın bu xüsusda öncəgörməsi olmuşdumu?”
Ertəsi gün bəlli olur ki, bəli, “Simpsonlar”ın sözügedən hadisə barədə epizodik də olsa cizgi filmi olub və milyonlarla adam da onları izləyib. Sadəcə, heç kəs o görüntülərin nə demək olduğunu, hadisələrin inkişafının necə olacağını kəsdirə bilməyib, hadisə baş verəndən sonra isə hamı görür ki, cizgi filmindəki görüntülərlə baş verən hadisə üst-üstə düşür.
Öncə qısa şəkildə “Simpsonlar”ın kimliyinə diqqət edək. Bu, Mett Groninq tərəfindən “Fox Broadcasting Company” üçün yaradılmış Amerika cizgi filmidir. Cizgi seriyası Homer, Merci, Bart, Lisa və Meqqidən ibarət Simpson ailəsinin təcəssümü olan Amerika həyatının satirik təsviridir. Uydurma Sprinqfild şəhərində qurulan film cəmiyyəti, Qərb mədəniyyətini, televiziyasını və insanların vəziyyətini karikatura edir.
17 dekabr 1989-cu ildə debütündən bəri “Simpsonlar”ın 750-dən çox epizodu yayımlanıb. Bu, həm mövsümlər, həm də epizodların sayı baxımından ən uzun müddət davam edən Amerika cizgi serialıdır.
Bax, “Simpsonlar”ın kəhanəti barədə dünyada yayılmış qənaətin qaynağının sirri də burada, bölümlərin kəmiyyətindədir. Cizgi filminin yaradıcıları ABŞ-də, dünyada gedən proseslərə, ola biləcək hadisələrin çoxsaylı variantlarına dair o qədər animasiya epizodları çəkirlər ki, axırda biri düz gəlir. Bu, nəyə oxşayır? Bir futbol matçı götürək. Bir komanda üçün oyunun üç nəticəsi ola bilər: qələbə, heç-heçə, məğlubiyyət. “Simpsonlar” o oyunun hər üç nəticəsinə dair proqnoz versələr, biri əlbəttə, düz çıxacaq. Düz çıxan proqnoz onların aktivinə yazılır, yanlış çıxan “proqnoz” isə unudulur, gedir, qeydə alınmır.
“Simpsonlar”ın ABŞ-də prezidentliyə namizəd Donald Trampın sui-qəsdə məruz qalması barədə kəhanətinə də bu prizmadan baxmaq lazımdır. Əslində dünyanın elə bir ölkəsi yoxdur ki, orada yerli media Trampın başına belə bir iş gələcəyini prqonozlaşdırmasın. Onun barəsində başqa proqnozlar da vardı: “Prezident seçiləcək”; “həbs ediləcək”; “namizədliyi qeydə alınmayacaq”; “seçkini uduzacaq” və s. Bu “proqnozlar”ın biri, təbii ki, doğrulacaqdı. İndi bu, o deməkdir ki, proqnozu doğrulmuş adamlar kahindir? Xeyr. Sadəcə, onlar olası variantlardan birini öncədə seçiblər.
“Simpsonlar”ın yanlış çıxan proqnozlarına gəlincə, cizgi filminin yaradıcıları 2023-cü ildə nüvə müharibəsi olacağını da proqnozlaşdırmşdılar. Onların kəhanətinə görə, bu müdhiş hadisə 2023-cü ilin dekabr ayında olmalıydı. “Simpsonlar”ın yaydığı animasiya videosunda Homer öz ailəsi üçün ərzaqla dolu bir bunker hazırlayır. Baş qəhrəman tezliklə dəhşətli bir şeyin olacağını hiss edir. Müəllif deyir: "Qısa müddətdən sonra günəş fırtınası Springfildi vurur, səssiz, görünməz fırtına şəhəri dəhşətli nəticələrlə əhatə edir". Bu epizodun nüvə müharibəsinə eyham olduğu iddia edilirdi.
Məlum olduğu kimi, nə günəşdə elə bir fırtına oldu ki, insanlar kütləvi şəkildə bunkerə təpilsinlər, nə də nüvə müharibəsi baş vermədi. Amma ən azı bir taktiki nüvə silahı işlədilsəydi, milyonlarla insan deyəcəkdi: “İşə baxın, Simpsonlar bunu da öncədə göstəribmiş”.
“Simpsonlar”ın daha bir proqnozu isə SSRİ-nin bərpa oluanacağını, hətta daha geniş əraziləri əhatə edəcəyi barədədir.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ