Onlayn ictimai-siyasi qəzet
Ölkəmiz bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a evsahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan bu mötəbər tədbirin rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri hazırlıq işlərini həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, COP29 ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. Azərbaycan 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq. Prezident İlham Əliyev də çıxışlarında bu məsələni yüksək qiymətləndirərək deyib: “COP29-a evsahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik”.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə COP29-un yüksək səviyyədə başa çatmasına münasibət bildirərkən daha sonra deyib kmi, genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu.
Hüquq müdafiəçisi bildirib ki, “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış oldu. Çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Bununla yanaşı, müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirildi. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu.
Tanınmış hüquqşünas tədbirdə ən yadda qalan hadisələrdən birinin də karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail oldunduğunu diqqətə çatdırıb: “Ən əsası, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Dövlətimizin başçısı Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirdi. Qeyd etdi ki, COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək. Prezident, həmçinin COP29-a gedən yolda Azərbaycana göstərdikləri dəstəyə görə bütün Tərəflərə, Birləşmiş Millətlər Təşkilatına və UNFCCC-yə minnətdarlığımı bildirdi”.
Ç.Qənizadə Bakıda 1,3 trilyon ABŞ dolları yeni iqlim maliyyəsi hədəfi seçilməsindən söhbət açaraq deyib ki, Bakı Maliyyə Məqsədi əhəmiyyətli artım nümayiş etdirərək 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəf qoyur. Buraya əvvəlki 100 milyard ABŞ dolları həcmində hədəfi üç dəfə üstələyən 300 milyard ABŞ dolları həcmində yeni əsas maliyyə hədəfi daxildir. Azərbaycanın COP29 Sədrliyi olaraq apardığı intensiv çoxtərəfli diplomatiya nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələdi.
Hüquq müdafiəçisi bu gün dünyanın aparıcı mediasının COP29-un yüksək səviyyədə təşkil olunmasından və tədbirin nailiyyətlərindən çoxlu sayda məqalələrin dərc olunduğunu diqqətə çatdıraraq deyib ki, COP29 Sədrliyinin Fəaliyyət gündəliyi daha geniş qrup maraqlı tərəfləri qlobal iqlim fəaliyyətinə töhfə verməyə çağırıb. Fəaliyyət Gündəliyinin Təşəbbüsləri bəzi aktual problemlərə qarşı mübarizə aparır, unudulmuş prioritetlərə işıq salır, ev sahibi ölkənin təcrübəsinə və perspektivinə əsaslanan unikal həllər təklif edir və ardıcıllığı və COP-dan-COP-a davamlılığı möhkəmləndirir. Bu təşəbbüslər bütün maraqlı tərəflərlə məsləhətləşmələr əsasında inklüziv və şəffaf şəkildə hazırlanıb. Onlar mövcud təşəbbüsləri tamamlayır və iqlim çağırışlarına yeni, yaradıcı yanaşmalar gətirir. Bu Təşəbbüslər birlikdə ambisiyalı iqlim fəaliyyətinin həyata keçirilməsini dəstəkləyəcək.
“75-dən çox hökumət və rəqəmsal texnologiya sənayesinin 1100-dən çox üzvü emissiyaları azaltmaq və iqlimə dayanıqlılığını gücləndirmək üçün rəqəmsal vasitələrdən istifadə edən bəyanatı təsdiqlədi. Azərbaycan diplomatiyası COP29-da dünya diplomatiya tarixinə öz adını yazdırdı” – deyə Ç.Qənizadə bildirib.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ