İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimal ölkəsində banan mövsümü – RF-nin reputasiyası yerlə bir olub, bəziləri düzməcə sayır

 

Kiçik Qafqaz ölkələrində 30-32 il öncə yaşanmış siyasi gərginliyin, hərbi qiyam cəhdlərinin, itaətsizliyin eynisinin bu gün Rusiyada yaşanması illərdən bəridir Avropa və ABŞ-la çəkişmədə olan dövlətin reputasiyasına ağır zərbə oldu.

Onsuz da bu dövlətin beynəlxalq arenadakı imici ağ gündə deyildi. Qərbdə onu həqiqi demokratiyadan uzaq, tipik Şərq tiranlığı kimi idarə olunan, 150 il əvvəlin çarları kimi mütləq hakimiyyət sahibi olan birinin əlində əsir-yesir qalmış azman ölkə hesab edirdilər.

İndi ortaya çıxdı ki, tropik meyvələrin yetişmədiyi bu şimal ölkəsi sırf politoloji terminlə “banan respublikası” adlana bilər.

banrus.jpg (142 KB)

Qiyamçı Priqojin ölkəsini və keçmiş məhkum olduğu halda iltifatına sığınaraq hesabına milyonlar qazandığı Putini o günə qoydu.

Bu qara ləkə ölkənin tarixində uzun müddət, yüz illərlə qalacaq. Elə bu hadisə Putinin 23 ildən çoxdur davam edən fasiləsiz hakimiyyətinin də ən qara, ən məyusedici səhifəsidir.

Buraya qədər seçki “triumfları”yla yaxşı gələn, bütün planlarını aram-aram gerçəkləşdirəm, ABŞ-a, Avropaya dirəşərək, özü haqqında “sərt oğlan” imici yaradan Putinin Priqojindən aldığı zərbədən özünü düzəltməsi çətin olacaq.

Bu, yalnız o halda ola bilər ki, hansısa bir rus kəşfiyyatçısı Priqojinin kəsilmiş başını gətirib Putinin ayağı altına atsın və o, böyük ənam alsın və Putin Ukraynada tam və qəti qələbə qazansın.

1750907199_0_43_2004_1170_1920x0_80_0_0_e8ae5afafeb702eb19420ad64dca7810.jpg (201 KB)

Rusiyanın Avropa dəyərlərindən qat-qat uzaq seçki keçirdiyi, hakim partiyanın həmişə haqq-nahaq qalib gəldiyi, ölkənin korrupsiya bataqlığına saplandığı, hüquq-mühafizə orqanlarının qanunçuluq dərdi çəkmədiyi, yalnız öz ciblərini, bizneslərini düşündüyü çoxdan bəlliydi.

Amma həm də hesab olunurdu ki, bu korrupsioner rejim monolitdir, daxili sabitdir, onu nə Navalnı kimi müxalifətçilərin aksiyası, nə cana doymuş xalq kütlələrinin hərəkətlənməsi, nə də bir qrup generalın sui-qəsd sözləşməsi içində olması sarsıda bilməz.

Hesab olunurdu ki, istənilən silahlı anti-hökumət hərəkətlənməsi elə yerindəcə qan gölündə boğular, darmadağın edilər.

potri.JPG (43 KB)

Priqojin və onun qiyam qaldırmış muzdlu əsgərləri isə bir gündə paytaxta doğru 700 kilometr məsafə qət etdilər. Hökumət qüvvələri ona yalnız paytaxtda müqavimət göstərməyi düşünürdülər. Xalqın rəğbəti əsasən qiyamçıların tərəfindəydi. Məmurlar tam bir panika içindəydilər. Moskvanın ətəyində Priqojinin qarşısına çıxarılan ilk hərbi hissə onun tərəfinə keçərdisə, bu şəxs Elba adasından materikə çıxmış Napoleon Bonoparta dönəcəkdi.

İndi bəziləri ağıllı-ağıllı iddia edirlər ki, guya bu “qiyam cəhdi” bir oyun imiş və bunu Putinlə Priqojin özləri düzüb-qoşublarmış.

Bu, nəinki yaşamaq haqqı olmayan versiyadır, hətta onu dilə gətirən şəxs gülüş hədəfi olmaqdan qorxmalıdır. Nə oyun, nə düzməcə?

23 ilin avtoritar liderinin avtoriteti yerlə bir olub, SSRİ-nin keçmiş sərhədlərini bu və ya digər adla bərpa etməyi hədəfləyən neo-imperiya öz paytaxtında barrikada qurmağa məcbur ediləcək qədər aşağılanıb, üstəlik, dövlətə, hakimiyyətə meydan oxumuş adam əlini-qolunu sallayaraq, Kremlə, Rus diyarına minnət qoyaraq, cəzasız şəkildə gəldiyi yerə qayıdıb, iş belə olandan sonra hansısa oyundan danışmaq absurdun absurdudur.

İndilikdə qovğanın qalibi Priqojindir. O, Rusiya Federasiyasının ordusunu demoralizə etdi, göstərdi ki, bu ordu Ukraynada ciddi uğurlara nail ola bilmədiyi kimi, əks-hücuma məruz qalacağı təqdirdə ölkəni müdafiə etmək qabiliyyətində olmayacaq.

demor.jpg (181 KB)

O da aydın oldu ki, Rusiyanın Ukraynaya hücumu gerçəkdən bu ölkənin hərb tarixinin ən məşum və ən qaba səhvidir. Əsrlərcə eyni səngərdə olan xalqların bu gün qatı düşmənlərə çevrilməsi, qarşı duran səngərlərdə ölüm-dirim savaşına girməsi, üstəlik, 3 günə bitəcəyi gözlənilən “xüsusi əməliyyat”ın il yarımdır davam edən ümumi əməliyyata dönməsi əvvəl-axır Rusiyanın daxilini titrətməli, onda məğlubliq sindromunun əlamətlərini yaratmalı idi.

Bu, özünü Priqojinin de-marşında göstərdi. Əgər onun muzdluları Baxmutda və ya cəbhənin başqa cinahında Ukraynanın içərilərinə doğru uzun reyd edə bilsəydilər, Rusiyada qəhrəman elan ediləcəkdilər. Amma ukraynalı döyüşçülər “Vaqner”in burnundan qundaqla vurdular, ona çoxsaylı itkinin nə olduğunu başa saldılar, nəticədə uğursuzluğa düçar olan “Vaqner”in və onun sahibi Priqojinin aqressiyası ordu naziri Şoyquya və qərargah rəisi Gerasimova tuşlandı, oradan da rikoşet edərək Putinə dəydi.

İndi Rusiya özünə gəlməli, toparlanmalı, müharibəni dayandırmalıdır. Yoxsa ayrı-ayrı hərbi birləşmələrin labüd ölümə göndərilməsi kütləvi fərariliyə, itaətsizliyə, ya da ağ bayraq qaldırıb qarşı tərəfə keçənlərin çoxalması ilə nəticələnəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR