Onlayn ictimai-siyasi qəzet
Lukaşenko haqqında ötən il geniş yazı yazmışıq deyə həmin fikirləri, onun pmür yolu haqda qeydləri yenidən təkrarlamağa ehtiyac yoxdur, köhnə yazının linkini vermək kifayətdir. https://musavat.com/mobile/news/vitebskli-mussolini-batka-leqebli-lukasenkonu-duce-nin-aqibeti-gozleyir_876731.html
Bu şəxs uzun illərdir ki, Avropa mediasının gündəmindədir və bunun xeyli tutarlı səbəbləri var.
Birinci səbəb odur ki, Aleksandr Lukaşenko Avropanın şərqində satraplıq yaratmış, ölkəsinin klassik diktatura üsulları ilə idarə edən diktatordur. O, 30 ilə yaxındır ki, hakimiyyətdədir və hakimiyyətdən getməyi ağlına belə gətirmir, kreslosundan dördəlli yapışıb, hakimiyyətdə qalmaq üçün hər yola əl atır.Onun adının Avropada odioz fiqur kimi xroniki hallandırılmasının başqa bir səbəbi odur ki, Lukaşenkonun 5 siyasi rəqibi ilim-ilim itirilib, uzun illərdir öldü-qaldılarından xəbər yoxdur. Böyük bir əminlik var ki, Lukaşenko onları öldürtdürüb və hansısa meşənin dərinliyində basdırdıb. Ancaq bunu sübut etmək üçün heç kəsin əlində sübut yoxdur. Həmin şəxslərin tapılmaması, ümumiyyətlə, axtarılmaması dolayısı ilə onu sübut edir ki, bu işdə böyüklərin barmağı var.
2020-ci ildə Lukaşenkonun prezident seçkilərini açıq-aşkar saxtalaşdırması, etiraz nümayişlərini zorakılıqla dağıtması, Avropaya meydan oxuması onun Avropa ölkələrinin dilinə, dişinə düşməsinin daha bir səbəbidir. Onlar o vaxtdan bəri Belarus prezidentinin legitimliyini şübhə altına alıblar. Daha dəqiqi, avropalı siyasətçilər şübhə etmirlər, əmindirlər ki, Lukaşenko legitim prezident deyil, xalqdan yetərincə səs almayıb, hakimiyyəti qəsb edib.
“Vaqner” özəl hərbi şirkətin qiyamçılarına, xüsusilə də şirkətin sahibi Yevgeni Priqojinə sığınacaq verməsi Lukaşenkonun adını dünya ilə bir etdi, onu tanımayanlar da tanıdı. Məhz o, dövriyyəyə girərək, Putin və Şoyquya qarşı qaldırılmış qiyamın məcrasını dəyişdi, qiyamçıları sakitləşdirdi, ortalığın tozanağını yatırtdı. Hadisədən 3 aya yaxın vaxt keçib, amma ortada nə Priqojin var, nə “Vaqner”. Lukaşenko və Putin isə bir-birinə sevgi dolu baxışlarla baxır, qoşa şəkillər çəkdirirlər.
İndi xəbər yayılıb ki, Avropa Parlamenti Beynəlxalq Cinayət Məhkəməsini (BCM) Lukaşenkonun həbsinə order verməyə çağırıb.
Buna səbəb odur ki, avropalı deputatlar Lukaşenkonu Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bölgələrindən 2150-dən çox uşağın, o cümlədən kimsəsizlərin Belarusdakı sağlamlıq düşərgələrinə məcburi köçürülməsində məsuliyyət daşıyan şəxs sayırlar.
Beynəlxalq qanunlara görə, bir ölkənin əhalisini, xüsusilə də uşaqları girov götürərək başqa bir ölkədə saxlamaq, təcrid etmək genosid aktı sayılır. Məlum olduğu kimi, Haaqa məhkəməsi Rusiya prezidenti Vladimir Putinə və ölkənin uşaq ombudsmanı Mariya Lvova-Belovaya qarşı da məhz uşaqların deportasiyası ilə bağlı ittiham irəli sürüb.
Bundan başqa, Ukraynada müharibə başladığı gündən bura qədər Lukaşenko birmənalı şəkildə Rusiyanın tərəfini tutub, işğala haqq qazandırıb, siyasi, maddi, hərbi planda dəstək verib. Bir ara onun Belarus qoşunlarını Ukraynaya yeridəcəyi məsələsi də aktuallaşmışdı, amma Avropa dövlətləri onu hədələyərək, bu avantüradan çəkindirdilər.
Ondan sonra Lukaşenko müharibədə aktiv şəkildə yox, indiki cür, kənardan hərtərəfli dəstək verməklə iştirak edir, bu isə Avropa dövlətlərinin gözündən yayınmır.
Ona görə də yaxın günlərdə onun barəsində də həbs orderi veriləcək və gələcəkdə Ukrayna dair beynəlxalq hərbi tribunal təşkil olunacaqsa, müttəhimlər kürsüsündə oturan adamlardan biri də Likaşenko olacaq. Elə olsa, onlar, jarqonla desək, türmədə “xlebnik” olacaqlar.
Bu şəxsin başqa yolu yoxdur. O, Putinə, Kremlə çox bağlıdır, bilir ki, yeganə arxa-dayağı Moskvadır. 2020-ci ildə Putin onu başqasıyla əvəzləmək istəsə də, normal adam tapa bilmədi və Belarusun Avropanın nüfuz dairəsinə keçəcəyindən çəkinərək, əlacı kəsilmiş halda yenidən Lukaşenkonu dəstəklədi.
Beləliklə, Putin və Lukaşenko Siam əkizlərinə dönüblər, bir-birindən ayrı hərəkət edə bilmirlər. Onların birini o birindən qoparmaq da mümkün deyil.
Bir şey dəqiqdir ki, Hitler-Mussolini tandeminə qalmayan Avropa onlara da qalmayacaq.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ