İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə krallığına ittiham: Sərhədçilər afrikalı miqrantları kütləvi şəkildə qətlə yetiriblər

Səudiyyə Ərəbistanının sərhədçiləri Afrikadan gələn miqrantları qətlə yetirməkdə günahlandırılır.

Musavat.com al-monitor.com-a istinadən xəbər verir ki, beynəlxalq insan haqları təşkilatı "Human Rights Watch" Səudiyyə sərhədçilərini atıcı silahlar və partlayıcılardan istifadə edərək yüzlərlə efiopiyalı miqrantı öldürməkdə ittiham edib.

Təşkilatın yeni hesabatına görə, yüzlərlə efiopiyalı miqrant və sığınacaq axtaran şəxs Yəməndən sərhədi keçməyə cəhd edərkən Səudiyyə sərhədçiləri tərəfindən güllələnib.

Səudiyyə Ərəbistanı bu iddiaları rədd edir və Qərb dövlətlərinin hökumətləri bu məsələni gündəmə gətirməməyi üstün tuturlar. Bununla belə, iddiaları beynəlxalq media, o cümlədən “Röyter” xəbər agentliyi də təsdiqləyib.

Middleeasteye.net xəbər verir ki, sağ qalan efiopiyalılar Səudiyyə Ərəbistanı ilə Yəmən sərhədində baş verən qırğınların dəhşətlərindən danışırlar. Tiqrayda müharibədən qaçan miqrantlar atəşlə qarşılandıqlarını və ölülərini sərhəd boyu kütləvi məzarlıqlarda basdırmağa məcbur olduqlarını deyirlər.

“The Guardian” yazır ki, insan haqları müdafiəçiləri peyk görüntülərindən, hadisənin 20-dən çox qurbanının fotoşəkillərindən, sağ qalanların ifadələrindən və gülləborandan yaralı qurtulanların məhkəmə-tibbi ekspertizasından istifadə edərək, sərhədi keçməyə çalışan insanları hədəf alan Səudiyyə krallığına qarşı ittihamların əsaslı olduğu qərarına gəliblər.

Şəhadətdə çoxlu sayda qadın və uşağın atışma nəticəsində öldüyü, ölənlərin cəsədlərinin və bədən əzalarının cığırlara səpələndiyi təsvir edilir.

İnsan haqları müdafiəçilərinin hesabatı Səudiyyə-Yəmən sərhədində insan hüquqlarının son dərəcə ciddi pozuntularına dair artan sübutlar toplusuna əsaslanır. Ötən il BMT-nin xüsusi məruzəçiləri Səudiyyə hökumətinə yüzlərlə miqrantın öldürülməsi ilə bağlı məktub yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR