Onlayn ictimai-siyasi qəzet
Ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu və ya tamhüquqlu üzv kimi təmsilçiliyi xüsusən Çinin marağındadır
İyulun 3-4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçiriləcək. 2023-cü ilin iyulunda ŞƏT-in Yeni Dehlidə keçirilən sammitində İran təşkilatın tamhüquqlu üzvü olub. Orada Belarus təşkilata üzv dövlət statusu almaq üçün öhdəliklər haqqında memorandum imzalayıb.
İyulda keçiriləcək sammitində Belarus ŞƏT-in tamhüquqlu üzvü olacaq.
ŞƏT 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Qurumun Səmərqənd sammitində İranın tamhüquqlu üzv kimi qəbul edilməsindən sonra ŞƏT üzvlərinin sayı 9 olub. Bunlar Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan və İrandır. Əfqanıstan, Monqolustan, Belarus müşahidəçi üzvlər, Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı dialoq tərəfdaşlarıdır. Təşkilatın əsas məqsədləri sırasına üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılması daxildir.
Dünyada sürətlə dəyişməkdə olan geosiyasi şərait sülh və sabitliyin möhkəmləndirilməsində, iqtisadi inkişafın dəstəklənməsində, ictimai-siyasi tarazlığın qorunmasında, təhlükəsizliyin təmin edilməsində beynəlxalq təşkilatların üzərinə indi daha böyük vəzifələr düşdüyünü göstərir. Bu kontekstdə ŞƏT son illərdə beynəlxalq arenada nüfuzu artan, həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahələrində daha mühüm rol oynamağa başlayan qurum kimi daha çox diqqət cəlb edir.
ŞƏT-də dialoq tərəfdaşı statusuna sahib olan Azərbaycan təşkilatla əməkdaşlığını daha da dərinləşdirmək, müşahidəçi, daha sonra isə tamhüquqlu üzv olmaqda maraqlıdır. Hələ 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Ölkəmizlə əməkdaşlıq ŞƏT-in özü üçün də olduqca cəlbedicidir. Xüsusən Azərbaycanın Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsi, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin qovşağında yerləşməsi, malik olduğu nəqliyyat infrastrukturu ölkəmizin ŞƏT üçün əhəmiyyətini daha da artırır. Zəngəzur dəhlizinin açılması ŞƏT üçün də nəqliyyat-logistika sferasında əlavə üstünlüklər yaradacaq.
Aydın Hüseynov
Bu barədə “Yeni Müsavat”a şərhində Milli Məclisin deputatı Aydın Hüseynov bildirdi ki, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində də Azərbaycanın iştirakı vacibdir: “ŞƏT-in yaratdığı reallıqlardan, imkanlardan faydalanmaq üçün Azərbaycan da bu dəyişən dünyada imkanları dəyərləndirməlidir. Səmərqənddə keçirilən ŞƏT-in zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin çox uğurlu iştirakı yadımızdadır. Eyni zamanda qeyd etməliyik ki, bu gün birqütblü dünyadan çoxqütblü dünyaya keçidin formalaşması və soyuq müharibənin müxtəlif elementləri müşahidə olunmaqdadır. Ona görə də Azərbaycan özünün yerləşdiyi geostrateji bölgənin əhəmiyyətini nəzərə alaraq müxtəlif güc mərkəzləri ilə balanslı mövqedə əməkdaşlığın daha da dərinləşməsini icra etməkdədir. Bu bizim regionumuzun spesifikasıdır. Xarici siyasətimizin həm də uğurlu məqamlarından hesab edilməlidir. Həmçinin Çinlə etibarlı tərəfdaşlığın daha da güclü səviyyədə qurulması üçün ŞƏT-lə əməkdaşlıq zərurətə çevrilmişdir.
Dünyanın yeni düzəni formalaşır və bu mərhələdə müxtəlif beynəlxalq qurumların yeri, çəkisi də dəyişir. Bir sıra siyasi və iqtisadi qurumlar artıq öz nüfuzunu, təsirini itirib. Məsələn, AŞ PA artıq nüfuzsuz bir qurumdur. Habelə, ATƏT-in də imici kifayət qədər zədələnib. Avropa Birliyi ilə bağlı da qarışıqlıq var. Hazırda böyüdülməsi və nüfuzunun artırırlmasına cəhd edilən təşkilatlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır.
Son illərdə Azərbaycanla Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıqğın genişləndirilməsi prosesi gedib. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdarı statusuna malikdir. Azərbaycan təşkilatın artan gücünü diqqətə alır. Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin toplam əhali sayı 3.4 milyarddır. Dünyanın 20 faizi təşkilata üzv dövlətlərin ərazisinə aiddir. Təşkilata üzv dövlətlərdən üçü - Rusiya, Çin və Hindistan nüvə silahına malikdir. Azərbaycan və Ermənistan təşkilatda yer alan dövlətlərlə əsasən ticarət əlaqələrini genişləndirmək və nəqliyyat dəhlizlərində yer almaq istəyirlər".
Qeyd edək ki, 2022-ci ilin martında ŞƏT-in baş katibi Çjan Min Azərbaycanla Ermənistanın müşahidəçi statusu alması məsələsinin ŞƏT-ə üzv dövlətlər tərəfindən fəal şəkildə araşdırıldığı barədə məlumat vermişdi. Baş katib dəqiq vaxt demək mümkün olmadığını desə də bu məsələyə nikbin yanaşdığını açıqlamışdı.
Ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu və ya tamhüquqlu üzv kimi təmsilçiliyi xüsusən Çinin marağındadır. Azərbaycan dialoq tərəfdaşı ölkə kimi ŞƏT-lə əməkdaşlıq edir. Bu isə ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatına tam üzv olması anlamına gəlmir. Dialoq tərəfdaşlığı olan digər ölkələr Türkiyə, Nepal, Kamboca və Ermənistandır. Üzv ölkələrdən fərqli olaraq burada təşkilatla dialoqun qurulması və əməkdaşlıqdan söhbət gedir. Bu, sadəcə, dialoq çərçivəsində əməkdaşlığın gücləndirilməsi anlamına gəlir. Burada əsas məqsəd iqtisadi tərəfdaşlığın inkişaf etdirilməsidir.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ