İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sertifikasiya nəticələri niyə gizlədilir? Dərhal cavab verilməlidir!" - Təhsil ekspertindən SƏRT REAKSİYA

"Sertifikasiya müəllimi qiymətləndirməli, inkişaf etdirməli və yönləndirməlidir. Amma hazırda olan tətbiq onu təzyiq altında sındırmaq, susdurmaq, sistemin kənarında buraxmaq üçün bir alətə çevrilib".

Bu barədə Musavat.com-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert qeyd edib ki, sertifikasiya imtahanı ideya olaraq düzgün və vacib addımdır. Müəllimlərin peşə bacarıqlarının yoxlanılması, onların öz üzərində işləməyə sövq edilməsi, təhsilin keyfiyyətinin artırılması baxımından bu proses strateji əhəmiyyət daşıyır:

"Amma həyata keçirilmə forması, tətbiq olunan metodologiya və təşkilati detallar göstərir ki, ortada təkmilləşmə yox, xaotik nəzarət və kənardan idarə olunan rəsmi təzyiq sistemi qurulub. Nəticə olaraq, bu proses müəllimi inkişaf etdirmək əvəzinə onu hədəfə çevirmə, cəzalandırma, alçaltma vasitəsinə dönüb.

kamran.jpg (28 KB)

Müəllimlər illərlə 1–4-cü sinifdə ibtidai təhsil səviyyəsində dərs deyirlər, xüsusilə də dil fənləri üzrə - məsələn, ingilis dili müəllimi yalnız elementar səviyyəli söz ehtiyatı və danışıq bacarıqları öyrədir. Amma sertifikasiya zamanı bu müəllimə 10–11-ci sinif proqramından, akademik qrammatika və yüksək səviyyəli söz ehtiyatı üzrə test tapşırıqları təqdim olunur. Bu, sadəcə uyğunsuzluq deyil - bu, məzmun baxımından imtahanın məqsədindən uzaqlaşması və obyektivliyin pozulmasıdır.

Eyni problem Azərbaycan dili müəllimlərinə yönəlik də müşahidə olunub. İmtahan müddətində 15-ə yaxın geniş mətn təqdim olunur və müəllimlərə zaman çatmır. Bu isə bilik yox, fiziki dözümlülük və sürət testinə çevrilir. Bilik və tədris bacarığı arxa planda qalır. Sual yazan təlimçilərin həmin sualları öz hazırladıqları müəllimlərə əvvəlcədən təqdim etməsi barədə konkret faktlar var — səs yazıları, WhatsApp mesajları, hətta sualların skrinşotları təqdim olunub. Bu, artıq etik və hüquqi yox, cinayət xarakterli pozuntudur".

Kamran Əsədov bildirib ki, imtahanın üzərindən 10 gün keçib, lakin hələ də test tapşırıqları ictimaiyyətə açıqlanmayıb:

"Bəs nə üçün gizlədilir? Əgər hər şey şəffafdırsa, müəllimlərə düşən suallar niyə nümayiş etdirilmir? Müəllim necə apellyasiya versin, əgər o, sualın özünü görmürsə? Bu, hüquqi baxımdan da absurddur və "Azərbaycan Respublikasının İnzibati İcraatı Haqqında Qanun"un şəffaflıq prinsipinə ziddir. Qanunun 10-cu maddəsinə görə, inzibati orqan qəbul etdiyi qərarın əsaslarını şəffaf şəkildə açıqlamalı və ona qarşı çıxan şəxsə cavab verməlidir. Burada isə nə əsas, nə cavab, nə də şəffaflıq var.

İmtahandan bir gün sonra bəzi müəllimlərin zorla məktəbə çağırılıb, onlardan “öz xahişi ilə” işdən çıxma ərizəsi alınması təkcə qeyri-insani münasibət deyil, həm də əmək qanunvericiliyinin kobud şəkildə pozulmasıdır. Əmək Məcəlləsinin 70-ci maddəsinə görə, əmək müqaviləsinə xitam verilməsi yalnız yazılı əsas və ya müvafiq qərardan sonra ola bilər.

Apellyasiya nəticəsi olmadan müəllimin işdən çıxarılması — nə etikdir, nə hüquqi, nə də pedaqoji prinsiplərə uyğundur.

Bütün bunlarla yanaşı, imtahan zallarında müşahidə olunan müəyyən texniki və təşkilati pozuntular da sistemin etibarlılığını sual altına salır. Müəllimlər zala daxil olanda onları istədikləri yerdə əyləşməyə qoymurdular, bəzi yerlər əvvəlcədən "rezerv olunmuşdu". Bu "rezerv" yerlər kimə və nəyə görə ayrılmışdı? Bu sualın cavabı hələ də yoxdur. Bəzi kompüterlərin imtahan zamanı dəfələrlə sönməsi və müəllimin vaxt itirməsi, bəzi zal nəzarətçilərinin açıq şəkildə müəyyən iştirakçılara yardım etməsi, digərlərinə isə sərt müdaxilə etməsi isə bu prosesin "ədalət meyarları" ilə əlaqəsinin olmadığını açıq göstərir.

Sertifikasiya müəllimi qiymətləndirməli, inkişaf etdirməli və yönləndirməlidir. Amma hazırda olan tətbiq onu təzyiq altında sındırmaq, susdurmaq, sistemin kənarında buraxmaq üçün bir alətə çevrilib. Təhsil siyasəti bu cür yürüdülməz. Müəllimlərə etimad, şəffaflıq və dəstək göstərilməlidir, təzyiq, qorxu və qeyri-müəyyənlik deyil.

Əgər bu sistem dəyişməzsə, təhsildə keyfiyyəti artırmaq yox, sadəcə müəllimi itirmək, etibarı məhv etmək və gənc nəsli peşədən uzaqlaşdırmaqla nəticələnəcək. Təhsilin əsasında duran müəllimdir. Əgər onu sınaqdan keçirmək istəyirsinizsə, əvvəlcə sistem şəffaf, imtahan obyektiv, nəticə isə hüquqi olmalıdır. Hazırkı sertifikasiya isə nə müəllimi qiymətləndirir, nə də təhsili yüksəldir, yalnız sistemə inamsızlığı dərinləşdirir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR