İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şərq Tərəfdaşlığı”nın uğursuz formulu: ya bizim, ya Rusiyanın yanında...     

Avropa İttifaqı bu proqramı hələ də “bizimlə olmayan bizə qarşıdır” məntiqi ilə davam etdirmək istəyir; 14 il əvvəl “ölü doğulmuş uşaq” adlandırılan layihə Rusiyaya qarşı plan idi, yoxsa... 

Brüsseldə Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçirilib.

Aİ-nin xarici işlər nazirlərinin 6 “Şərq Tərəfdaşlığı” ölkəsindən (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova, Belarus) olan həmkarları ilə birgə iştirak edəcəkləri iclasda ittifaqın xarici siyasət idarəsinin rəhbəri Cozep Borrel sədrlik edib. Toplantıda Aİ-nin genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi də iştirak edib. Aİ Şurasının məlumatına görə, iclasda nazirlər “Şərq Tərəfdaşlığı”, onun uğurlarına və gələcək siyasətinə dair konkret tövsiyələri müzakirə ediblər. 

Yeri gəlmişkən, xarici işlər naziri Ceyhun Bayramov Brüsselə işgüzar səfəri çərçivəsində Aİ xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Jozep Borrellə görüşüb. Görüş zamanı “Şərq Tərəfdaşlığı” çərçivəsi də daxil olmaqla, Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli əlaqələr, habelə regiondakı cari vəziyyət müzakirə mövzusu olub. Görüşdə nazir Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə məlumat verib. Son etimad quruculuğu tədbirlərinin iki ölkə arasında normallaşma prosesinə müsbət təsiri qeyd edilib. Bayramov normallaşma prosesində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçilik səylərinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyi bildirilib. Buna baxmayaraq, bəzi Avropa İttifaqı rəsmiləri tərəfindən verilən qərəzli bəyanatların sözügedən prosesdə Avropa İttifaqının qərəzsiz vasitəçi roluna xələl gətirdiyini də vurğulayıb. 

Bildirək ki, 2009-cu ildə “Şərq Tərəfdaşlığı” proqramı irəli sürülərkən Aİ-nin sərhədləri yaxınlığında olan dövlətlərdə sabitliyin yaradılması, islahatlar və modernləşmənin aparılması, təhlükəsizliyin təmini, azad ticarət zonalarının yaradılması, viza rejiminin sadələşdirilməsi (və sonra ləğvi) kimi məqsədlər qarşıya qoyulurdu. “Şərq Tərəfdaşlığı” təşəbbüsü habelə Avropa İttifaqı və tərəfdaş ölkələr arasında assosiasiya ilə bağlı ikitərəfli anlaşmaların imzalanmasını da nəzərdə tuturdu. Lakin çox qısa müddətdən sonra “Şərq Tərəfdaşlığı”na üzv ölkələr süni dilemma qarşısında qoyuldu: onlar ya irəliyə, “Avropa İttifaqı ilə işıqlı gələcəyə” doğru getməli, ya da “geriləməli” idilər. “Geriləmək” dedikdə Rusiya ilə münasibətlərin mövcud səviyyədə saxlanması nəzərdə tutulurdu. Daha konkret olsaq, “Şərq Tərəfdaşlığı”na üzv ölkələrin istisnasız olaraq hamısından, o cümlədən Azərbaycandan belə mövqe tələb olundu. Tələbin məntiqsizliyi və zərərliyi bir kənara - qlobal siyasəti “ağ-qara” və “biz-onlar” tipli bölgüyə uyğunlaşdırmaq cəhdləri, “bizimlə olmayan bizə qarşıdır” məntiqi ilə davranmaq istəyi, sadəcə, yolverilməz idi. Azərbaycan belə absurd seçimi etmədi və əslində etmək niyyətində də deyildi. Çünki rəsmi Bakı qarşısında qoyulmuş şərt əslində ölkəmizin xarici siyasətinə kobud müdaxilə, dövlətimizə təzyiq cəhdi idi. 

Təsadüfi deyil ki, Kreml bu vəziyyətə ciddi reaksiya verdi. “Şərq Tərəfdaşlığı”na həsr edilmiş 2009-cu il Praqa və 2010-cu il Varşava sammitlərində proqramın reallaşması istiqamətində yeni addımlar daha çox müzakirə edilirdisə və “Şərq Tərəfdaşlığı”nın məzmununda elə bir dəyişiklik nəzərdə tutulmurdusa, 2013-cü il Vilnüs sammiti çox şeyi dəyişdi. Vilnüsdə Ukrayna və Ermənistan assosiativ üzvlük haqqında müqaviləni imzalamadılar. Hətta Ermənistan Rusiyanın dominantlığı altında olan Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə (KTMT) yaxınlaşma və sıx tərəfdaşlıq xəttinin davam etdirilməsini zəruri saydı. Azərbaycan isə tam müstəqil mövqe tutaraq, ümumiyyətlə, assosiativ üzvlüyə mənfi münasibətini ifadə etdi. Beləliklə, 2013-cü ildə “Şərq Tərəfdaşlığı” proqramı ciddi siyasi zərbə aldı. Məlum oldu ki, proqrama daxil olan dövlətləri eyni qəlibə salmaq praktiki olaraq səmərəli deyil. Onda Aİ həmin proqramda tərəfdaş olan ölkələrə qarşı fərdi yanaşmaya üstünlük verməyə başladı. Sonradan Belarus, ümumiyyətlə, bu formatdan uzaqlaşdırıldı. 

Dövlət başçısı İlham Əliyevin Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı ilə bağlı qətiyyətli mövqeyi dəyişməzdir. Rəsmi Bakı Avropa İttifaqı ölkələri ilə strateji xarakter daşıyan və bərabərhüquqlu əməkdaşlığa əsaslanan əlaqələrin inkişafında maraqlıdır.

“Şərq Tərəfdaşlığı” gözləntiləri niyə doğrultmadı? 

Tofiq Abbasov: "BQXK Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir"

Tofiq Abbasov

Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a Avropa Birliyinin “Şərq Tərəfdaşlığı”nın GUAM-la oxşar tale yaşadıqlarını söylədi. Onun sözlərinə görə, ən çox canfəşanlıq edən Polşa, İsveç kimi ölkələr idi və onların qayəsi postsovet dövlətlərini Rusiyanın təsirindən çıxarmağa hesablanmışdı. T.Abbasov xatırlatdı ki, bir neçə il əvvəl Azərbaycan Prezidenti GUAM-ın iqtisadi əməkdaşlıq platformasına çevrilməsi təşəbbüsünü irəli sürmüşdü: “Bu ideya qəbul olundu, amma fəaliyyəti olmadı. İndi də "Şərq Tərəfdaşlığı" proqramı bu cürdür. Onların məqsədi odur ki, bu dövlətlər Rusiya ilə münasibətləri korlasınlar, onların sözü ilə oturub-dursunlar, İranla əlaqələri məhdudlaşdırsınlar... Ukraynanın indiki şəraitini götürək. Hansı demokratiyadan, inkişafdan danışmaq olar? Onun evini yıxanlar elə Amerika, Avropa ölkələri oldu. Onlar istəyirdi ki, qonşusu ilə arasını vursunlar, bu arzularına da çatdılar. İndi 60 milyard dollar vəd verirlər, amma hələ Konqresdən keçirməyiblər". 

Aİ-nin dominant ölkəsinin Fransa olduğunu qeyd edən həmsöhbətimizin sözlərinə görə, Paris bir yandan Ermənistanı, bir tərəfdən Moldovanı silahlandırır: “Onlar çalışırlar ki, Moldova Rusiyaya qarşı cəbhə açsın, sülhməramlıları çıxarsın. Mən bilmirəm bu yaxşıdır, ya yox, amma "Şərq Tərəfdaşlığı" proqramıdırsa, niyə silah-sursat verirsiniz, Rusiya ilə münasibətləri korlayırsınız? Azərbaycan bu mənada tarazlı siyasət aparır, kim maraqlarımıza uyğundursa, istənilən qütblə əməkdaşlıq edirik. Ancaq onlar tərəfdaşlıq adı ilə dövlətləri öz qonşuları ilə üz-göz edirlər. Nə olsun ki, siz böyüksünüz, nüfuzlusunuz, bizim də öz gücümüz var. Hətta yadımdadır ki, fındıq məhsulunu Avropa bazarına çıxarmalı idik. Sonra o qədər bəhanələr tapdılar, müxtəlif səbəblər göstərdilər ki, qarşısını alsınlar. Çünki Avropa bazarları doludur. Onlar öz maraqlarını böyük qısqanclıq və məkrlə güdürlər. Bir tərəfdən də selektiv yanaşma var. Misal üçün, Ermənistan torpağımızı işğal etmişdi, amma indi onlara vizanın sadələşdirilməsinə vəd verirlər, şərait yaradırlar. Xeyir ola, işğalçıya belə imtiyazlar verirsiniz, amma öz cibimizin xərci ilə onların dağıtdığı şəhərləri tikirik. Ona görə də əvvəldən “Şərq Tərəfdaşlığı” proqramı məsələsi səmimi olmayıb, təmənnalı və merkantil bir yanaşma nümayiş etdirilib. Azərbaycan Prezidenti də dedi ki, Avropa İttifaqı ilə sənədin imzalanması 90 faiz razılaşdırılıb, amma anlaşılmazlıq var, ona görə danışıqlar dayanıb. Odur ki, “Şərq Tərəfdaşlığı” proqramından yönlü bir nəticə gözləmirəm. O vaxt gurultulu səs effekti yarada bilərdi, indi səmərəsi yoxdur, mən yaxşı işartı görmürəm". 

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR