İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhəddəki casus missiyasına cinayət işi açıla bilər

Kəşfiyyat məlumatlarının Aİ-yə ötürülməsi Azərbaycan üçün təhlükədir; Bakının hansı qərarı verə biləcəyi açıqlandı

“Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası casusluqla məşğuldur”. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, bunu aprelin 24-də Milli Məclisdə “Cənubi Qafqazda sabitliyə ”sülh missiyası" adlı hibrid hücum" mövzusunda keçirilən ictimai müzakirədə Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov deyib.

“Kəşfiyyat məlumatlarının toplanıb Aİ-yə ötürülməsi casusluqdur. Bu isə birbaşa Azərbaycan üçün təhlükədir. Missiya casusluq fəaliyyəti ilə məşğul olduğu üçün cinayət məsuliyyəti daşıyır və bu cür əməllərə görə 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”.

Deputatın sözlərinə görə, qonşu ölkədə Aİ missiyasının fəaliyyətə başlamasından sonra Ermənistan tərəfindən Azərbaycanla sərhəddə çox sayda hərbi təyinatlı obyektlər tikilib. O bildirib ki, bu faktlar müşahidələr əsasında toplanıb: “Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası müharibədən sonra peyk görüntülərindən istifadə etməklə Azərbaycan-Ermənistan şərti sərhədində və Ermənistan-İran sərhədində baş verənlərlə bağlı təhlillər aparıb, təhlillər Aİ-nin gəlişinə qədər və gələndən sonrakı dövrü əhatə edib.

2020-2022-ci ilə ərzində Ermənistan tərəfindən sərhəddə 20-yə yaxın hərbi təyinatlı tikili inşa edilib. 2022-ci ildən Ermənistana Aİ missiyasının gəlişindən sonra isə sərhəddə 70-ə yaxın hərbi təyinatlı obyektlərdə tikinti və yenilənmə işləri aparılıb. Bunların çoxu Sünik, Tavuş, Ararat və digər sərhəd bölgələrindədir".

Yada salaq ki, Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh sənədi mətninin ən son razılaşdırılan bəndələrdən biri də sərhəddə üçüncü tərəfin hərbi qüvvələrinin yerləşdirilməməsi haqdadır.

Bəs Azərbaycan belə bir addıma gedib missiya üzvlərinə qarşı cinayət işi açarmı? Əgər cinayət işi başlanarsa, Bakı-Brüssel münasibətlərinə təsiri nədən ibarət ola bilər?

Bu suala cavab verən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a deyib ki, Baş Prokurorluğun bu addımı atması mümkündür, amma praktiki olaraq tədbir görülməsi real deyil. Onun bildirdiyinə görə, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığını davam etdirir və enerji sahəsində “köhnə qitə” üçün mühüm əhəmiyyət kəsb edir.

Çingiz Qənizadə: Ermənistanda baş qaldıran revanşistlər “dəmir yumruğ”un  “dadı”nı unutmamalıdırlar - AZƏRTAC

Çingiz Qənizadə

Aİ-nin 9 ölkəsi ilə strateji əməkdaşlıq olduğunu qeyd edən Ç. Qənizadə əlavə edib ki, qurumun baş diplomatı Kaya Kallas da Bakıya gəlib: “Onun nəzərinə çatdırılmalıdır ki, Avropa İttifaqının göndərdiyi missiya sərhəddə hansı oyunlardan çıxır. Xanım Kallas bilməlidir ki, casus şəbəkəsinə çevrilmiş bu monitorinq qrupu balansı pozur və tərəf olduğunu nümayiş etdirir. Amma missiyaya cinayət işi başlanması üçün hərtərəfli təhqiqat aparılmalıdır. İlk növbədə heyət üzvləri müəyyən edilməlidir. Ola bilsin ki, orada rotasiya qaydası tətbiq olunur. Yəni patrul xidmətində olanlar tez-tez əvəzlənir. Məncə, bu məsələdə daha çox diplomatik təzyiqləri artırmağa ehtiyac var. Avropa Birliyinin rəsmiləri qarşısında bu məsələni tez-tez qaldırmalıyıq”.

Hüquq müdafiəçisi hesab edir ki, bu missiya sərhədi tərk etməlidir və onların “ayı xidməti”nə etiraz bildirilməlidir: “Avropa İttifaqının bu missiyası casus fəaliyyəti göstərir. Ərazilərimizi durbinlə izləmək qanunsuzluq faktıdır. Dünyanın heç bir yerində belə iş yoxdur. Yalnız Ermənistan kimi nökər ölkə bunu edə bilər. Çünki sərhədlərinə cavadeh deyil: gah rus qoruyur, gah avropalıları çağırır. Belə bir marionet ölkədən nə desən gözləmək olar”.

Qeyd edək ki, Ermənistan hökumətinin başçısı Nikol Paşinyan delimitasiya edilmiş ərazilərdən missiyanın çıxarılmasını təklif edib. Amma Aİ missiyanın regionda 2027-dək qalmasına qərar verib. Xatırladaq ki, Bakı Aİ missiyasını casusluqda və regionda sabitliyi pozmaqda ittiham edir, ondan şərti sərhəddə dağıdıcı fəaliyyətini dayandırmağı tələb edir. Rusiya rəsmiləri də bu missiyanın kəşfiyyat şəbəkəsi adlandırıb və Cənubi Qafqazda sülhə əngəl adlandırıb.

Belə bir missiyanın məqsədi Azərbaycanın sərhəd təhlükəsizliyi və nəzarət sisteminin qurulması istiqamətində gördüyü işlər barədə məlumat toplamaqdır. Bu məlumatın erməni hərbçilərinə ötürülməyəcəyinə zəmanət haradadır? Axı heç bir sülh müqaviləsi imzalanmayıb - bu, aydın məsələdir.

İkincisi, Ermənistanın artan hərbi potensialı ilə bağlı Bakının narahatlığını aradan qaldıracaq mexanizm yoxdur. Üstəlik, region ölkələri arasında regional balanslara, məqsədəuyğunluğa və həmrəyliyə əsaslanmaq strategiyasına uyğun gələn “3+3" platformasında belə bir mexanizmlə bağlı danışıqlar belə aparılmır.

Ona görə də belə çıxır ki, bu missiya bir tərəfdən Azərbaycanın sərhəd təhlükəsizliyi sistemi üçün risklər yaradır- Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin təhlili üçün səhra məlumatlarının toplanması.

Yada salaq ki, bu günlərdə Avropa İttifaqının (Aİ) Ermənistanla sərhəddə yerləşən “kəşfiyyat qrupu” - mülki missiya adı ilə fəaliyyət göstərən jandarmlar hesabatla çıxış edib. Avropalı “binokl” həvəskarları yayılan hesabatla özlərini biabır ediblər. Aİ missiyası Pasxa bayramı günlərində məsul olduqları ərazilərdə, o cümlədən Ermənistanın Xoznavar, Xnatsax və Aravus kəndlərində patrul xidməti aparıb. Bura qədər yaxşı gələn “casus şəbəkəsi” bəyan edib ki, Xoznavar istiqamətində “mülki infrastruktura zərər vuran iki atəş qeydə alınıb və bu atəş Azərbaycanın mövqelərindən atılmış ola bilər.

Onu da deyək ki, ötən il Prezident İlham Əliyev bu missiyaya etirazını bildirmişdi. Dövlət başçısı vurğulamışdı ki, bu, eyni zamanda, Azərbaycan - Aİ münasibətlərində də etimadsızlıq yaradır. Səbəb çox sadədir - “Avropa müşahidəçilər missiyasının” müddəti ölkəmizin razılığı olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılıb. Dövlətimizin başçısı ritorik sual verib: “Buna nə ehtiyac var idi?!”

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR