İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin qorxulu Cənubi Qafqaz planı

Siyasi müşahidəçilərə görə, Rusiya ermənilərin “Artsax” adı altında fəaliyyətini legitimləşdirmək üçün Paşinyana təzyiq edir, sülh müqaviləsinin imzalanması üçün “vaxtın yetişmədiyi”ni deyir

Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının kritik mərhələyə daxil olduğu bir vaxtda, Moskvanın regionda fəallaşması diqqət çəkir. Kreml həm Bakıya, həm də İrəvana siyasi və hərbi təzyiqlər göstərməklə, prosesin nəticəsini öz maraqları çərçivəsində dəyişdirməyə çalışır.

Siyasi müşahidəçilərə görə, Rusiya Qarabağdan köçən ermənilərin Ermənistanda “Artsax” adı altında fəaliyyətini legitimləşdirmək üçün Paşinyana təzyiq edir, sülh müqaviləsinin imzalanması üçün “vaxtın yetişmədiyi” mövqeyini qabardır və eyni zamanda Gümrüdə yerləşən 102-ci hərbi bazanı silahlandırmaqla bölgədə yeni hərbi qarşıdurma riski yaradır.

“Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil”.  Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün işlər davam etdirilir: “Bəzən ölkələr kağız üzərində sülh sazişi imzalayır, amma real sülh olmur. Cənubi Qafqazda isə əksinədir - real sülh mövcuddur. Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil. Bəzi mübahisəli məqamlar qalıb - bu da tamamilə normaldır. Bunun üçün də diplomatiya və dialoq var”.

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan sülhə və bölgənin transformasiyasına hazırdır: “Artıq Bakı tərəfindən hazırlanaraq Ermənistana təqdim olunan sülh sazişinin mətni böyük ölçüdə razılaşdırılıb. Bu, çox müsbət haldır ”.

Rusiyadan deportasiya edilən deputat Azər Badamov kimdir? » Azxeber.com

Azər Badamov

Milli Məclisin deputatı Azər Badamov “Yeni Müsavat”a açıqlamasında Rusiyanın bu regionla bağlı əsas məqsədinin nəzarəti əlində saxlamaq olduğunu qeyd etdi: “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı razılaşmaların əldə olunduğu və bəzi məsələlərin icrası üçün müvafiq komissiyalara tapşırıq verilməsi fonunda Ermənistandakı 102-ci hərbi bazaya hərbi yük təyyarələrinin eniş etməsi suallar doğurur. Rusiyanın özü üçün Ukrayna müharibəsində silah- ursata və canlı qüvvəyə kəskin ehtiyac olduğu halda Ermənistana hərbi daşımaların edilməsinin məqsədi nədir? Həm də Altay vilayətinə səfər edən Paşinyan ilk dəfə olaraq Rusiyada duz-çörəklə qarşılanır. Rusiya səfərindən sonra Paşinyan ABŞ-ın neytral şirkətindən imtina etdiyini bildirir və bunun ölkəsinin suverenliyi və yurisdiksiyası çərçivəsində baş verə biləcəyini yenidən gündəmə gətirir. Amma Əbu-Dabiyə səfəri ərəfəsində ABŞ-ın neytral şirkəti tərəfindən Zəngəzur dəhlizində təhlükəsizliyin təmin edilə biləcəyi ilə bağlı fikirlər səsləndirirdi. Bütün bu sualların yeganə cavabı Kremlin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin açılması prosesindən kənarda qalmasından narahat olduğunu göstərir. Rusiya hər vasitə ilə Cənubi Qafqazda nəzarəti əlində saxlamağa çalışır. Ona görə də Paşinyana təzyiq edilir və bölgədə sülhün imzalanması üçün şəraitin yaranmadığını qəbul etdirməyə çalışır. Baş verən bu proseslər onu göstərir ki, Paşinyan öz fikrində qəti deyil və hansı tərəfdən təzyiq olunursa o tərəfə yayılır. Belə ki, Paşinyan gələn il keçiriləcək parlament seçkisi qabağı Rusiya ilə münasibətləri yumşaldaraq ölkə daxilində gərginliyi azaltmağa çalışır və müəyyən tələbləri qəbul etməklə iki stulda oturmaq siyasətini davam etdirir. Paşinyan qəti mövqeyə malik siyasətçi olmadığına görə onunla sülh müqaviləsi imzalayıb qalan məsələləri sonraya saxlamaq mümkün deyil. Bu baxımdan Azərbaycanın sülh müqaviləsini ancaq Ermənistan hökuməti ilə yox, həm də erməni xalqı ilə imzalamaq istədiyini deməsi tamamilə doğru yanaşmadır. Məhz ona görə də sülh müqaviləsi imzalanandan sonra yenidən münaqişəni başlamaq üçün hər hansı bir əsasın saxlanılmaması üçün Ermənistandan konstitusiyasında ölkəmizə qarşı olan ərazi iddialarının çıxarılmasını şərt kimi irəli sürməyimiz düzgün yanaşmadır. Biz davamlı və təhlükəsiz sülhü dəstəkləyirik. Bu baxımdan Ermənistan dediyimiz şərti icra edərək  hazır olduğunu nə zaman bildirəcəksə, biz də o zaman sülhə imza atacağıq”.

Mübariz Göyüşlünün tərcümeyi-halı

Mübariz Göyüşlü

"Cross Media" Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlünün sözlərinə görə, hazırda Cənubi Qafqazda, xüsusən də Azərbaycanla Ermənistan arasında önəmli hadisələr baş verməkdədir: “İki dövlət arasında köklü sülh və sabitlik yaranması üçün şanslar mövcuddur. Bu şansı real prosesə çevirmək üçün rəsmi Bakının cəhdləri ortadadır. Prosesi pozmaq istəyən kənar qüvvələr mövcuddur ki, bunların başında Rusiyanın gəldiyini söyləyə bilərik. Əgər Ermənistan əvvəlki illərdə olduğu kimi Rusiyanın fitvası və qızışdırıcılığı ilə sülh prosesinin gedişatına mane olmağa çalışmazsa, Azərbaycanın şərtlərini yerinə yetirərsə, bölgəyə uzunmüddətli sülh gələcək. Şərtlər isə çox sadədir - konstitusiya və ona bağlı sənədlərdə Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmaq, yalnız sənəd üzərində öz mövcudluğunu saxlayan ATƏT-in Minsk Qrupunun ləğvi üçün birgə müraciət etmək. İki dövlətin rəhbərlərinin Əbu-Dabidəki görüşündən sonra bu prosesin son dərəcə sürətləndiyini söyləmək mümkündür. Bəlkə də son bir neçə yüz ildə ilk dəfə tarixi fürsət yaranıb ki, Azərbaycanla Ermənistan arasında sülh əldə olunsun, münasibətləri qaydaya salmaq mümkün bir prosesə çevrilsin. Rəsmi Bakı da olumlu, sülhü yaxınlaşdıracaq bəyanatlar səsləndirməkdədir. Rusiyanın və bölgənin qarışmasını istəyən kənar qüvvələrə rəğmən hərbi qarşıdurmanın olmayacağını bəyan etmək mənfur planları pozmaq deməkdir. Lakin bu, yalnız Azərbaycanın cəhdləri ilə tezliklə reallaşacaq bir proses deyil. Ermənistanın da buna çalışması lazımdır. Əbu-Dabi görüşündən sonra Paşinyanın Avropaya və Rusiyaya səfərləri prosesin çıxmaz duruma girə biləcəyini göstərən amillərdəndir. Əgər Paşinyan o mərkəzlərdən aldığı pozuculuq fəaliyyətlərini həyata keçirməyə çalışmasa, hər şey gözlənilən kimi ola bilər.

Cənubi Qafqazdakı dövlətlərin özlərinin bölgənin problemlərini həll etməyə çalışması lazımdır. Rusiyanın və bir başqasının burada iştirakına ehtiyac yoxdur. Qafqaz Evini başda Azərbaycan olmaqla, Cənubi Qafqaz dövlətləri və buradakı digər yerli xalqlar, muxtar qurumlar həyata keçirməlidirlər. Belə olarsa bölgəmizə uzunmüddətli sülh və sabitlik gəlmiş olacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR