İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhəddə 1 nömrəli postumuzu qurduq - Sırada axtarışa verdiyimiz cinayətkarların həbsidir

Aprelin 23-də Ermənistanla sərhəddə, Laçın yolunda nəzarət-buraxılış postumuzun qoyulması ilə Azərbaycan ərazisinə qanunsuz silah-sursatların daşınması ilə yanaşı, sözsüz ki, əcnəbi vətəndaşların (təxribatçı və terrorçular da daxil) nəzarətsiz giriş-çıxışı əngəllənmiş olacaq. Eyni zamanda, Qarabağda kök salmış separatçı ünsürlərin sərbəst hərəkət imkanları minimuma enəcək. Bundan sonra onlar nə Ermənistana, nə də oradan Rusiya və Avropaya (Fransaya), ABŞ-a rahatca gedərək dövlətimiz əleyhinə işlər çevirib təzədən, rahatca geri qayıda bilməyəcəklər.

Məlumdur ki, Azərbaycan separatçıbaşı Araik Arutyunyanı beynəlxalq axtarışa verib. Onun barəsində İkinci Qarabağ müharibəsi zamanı şəhərlərimizə raket zərbələri endirmək əmri verməsi ilə bağlı cinayət işi açılıb. Lakin indiyədək Araiki saxlayıb Azərbaycanın ədalət məhkəməsinə təhvil vermək mümkün olmayıb. Çünki Rusiya və onun Qarabağdakı hərbi kontingenti buna həvəs göstərməyib. 

Araik isə 44 günlük müharibədən sonra dəfələrlə cəzasız şəkildə nəinki Rusiyaya, hətta Fransaya səfərlər edərək, Azərbaycan dövləti əleyhinə tədbirlərə qatılıb, Fransa televiziyalara müsahibələr verib. Bir sözlə, pozucu əməllərini və cinayətlərini davam etdirib, Azərbaycana meydan oxuyub. 

Odur ki, sual yaranır: Azərbaycana qarşı cinayətlər törətmiş Araik Arutunyan, David Babayan, Ruben Vardanyan və digər cinayətkar-separatçılar, özlərini qondarma “nazir”, “baş prokuror”, “parlament spikeri” adlandıranlar Laçında qurulan sərhəd keçid məntəsindən keçərkən saxlanılacaqmı? Bu məsələyə Rusiya sülhməramlı kontingentin yeni komandanı nə dərəcədə əngəl yarada bilər? 

Yeri gəlmişkən, başda Nikol Paşinyan olmaqla, İrəvan rəsmilərinin “Rusiya Laçın dəhlizinə nəzarəti bərpa etməlidir”, “Rusiya sülhməramlılarından başqa heç kim dəhlizə nəzarət etməməlidir” tələblərinə cavab olaraq, aprelin 27-də Rusiya XİN-in sözçüsü Mariya Zaxarova “Laçın dəhlizi ətrafında vəziyyətin qarşılıqlı məqbul həllinin axtarışına rəsmi İrəvan öz töhfəsini verməlidir” deyib. Zaxarova qeyd edib ki, Rusiya bu yöndə lazımi səylər göstərir. “Bu addımlar həm sülhməramlıların xəttilə, həm də siyasi səviyyədə atılır”, - deyə Zaxarova əlavə edib. 

Beləcə, hesab etmək olarmı Moskva əslində Bakının post qoymasına qarşı çıxmayıb? Elədirsə, o zaman həmin postda aparacağımız yoxlamalara da Moskva müdaxilə etməməlidir. 

Polkovnik Rövşən Məhərrəmov: “Vəziyyət durmadan gərginləşməyə doğru gedir”

 Rövşən Məhərrəmov

Hərbi ekspert: “Arutyunyan və digər özünü müxtəlif “vəzifələr daşıyan şəxslər” elan etmiş separatçılar Laçın postundan keçdikləri halda mütləq saxlanılacaqlar”

Hərbi Polisin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Araik Arutyunyan və digər bir sıra separatçılar beynəlxalq axtarışdadır: “Onlar Azərbaycan dövləti tərəfindən İnterpol xətti ilə axtarışa verilib. Buna baxmayaraq indiyə qədər Araik və digər cinayətkar separatçılar Rusiyaya və digər bəzi ölkələrə sərbəst gedib-gəliblər. Artıq Xankəndi-Laçın yolunun başlanğıcında Azərbaycanın gömrük-sərhəd keçid məntəqəsi quraşdırılıb. Məntəqədə pasport rejimi də tətbiq olunacaq. Arutyunyan və başqa özünü müxtəlif ”vəzifələr daşıyan şəxslər" elan etmiş separatçılar oradan keçə bilməzlər. Keçdikləri halda onlar mütləq saxlanılacaqlar. Çünki qanunun tələbi budur. Kimin cinayəti olubsa, kimə cinayət açılıbsa istintaq araşdırılması və məhkəmə prosesi olmalıdır. Azərbaycan xalqına və dövlətinə qarşı cinayət törətmiş bu şəxslər qanun qarşısında cavab verəcəklər. Tülkü kimi rusların sülhməramlı kontingentinin arxasında gizlənib başqa libasda, hərbi kontingentin yük maşınlarının yüklərinin içərisində Azərbaycan ərazisini tərk etməyə çalışa bilərlər. Yəni Araik və ətrafındakı quldurlar Laçındakı gömrük-sərhəd buraxılış məntəqəsindən bəlkə bu cür keçə bilərlər. Başqa heç cür onların həmin nöqtədən yaxalanmamış keçmələri mümkün olmayacaq. 

Lakin Azərbaycan hökuməti sülhməramlıların komandanlığına, Rusiyaya müraciət etməlidir ki, sülhməramlılara təminat daşıyan maşınlarında cinayətkarların keçidinə şərait yaradılmasın. Mariya Zaxarovanın son açıqlaması onu göstərdi ki, Rusiya Azərbaycanın qanunlara uyğun addımlar atmasının fərqindədir. Vladimir Putinin də imza atdığı 10 noyabr üçtərəfli bəyanatındakı 4-cü maddə hələ də ermənilər tərəfindən yerinə yetirilməyib. Moskva erməniləri bu tələbi yerinə yetirməyə məcbur etmək üçün ya özü addımlar atmalıdır, ya da Azərbaycanın atdığı, atacağı addımlara qarşı olmamalıdır".  

Anar Əliyev: “Rusiya həm region xalqlarına və dövlətlərə, həm də beynəlxalq  ictimaiyyətə göstərdi ki...” Pravda.az

Anar Əliyev

Politoloq Anar Əliyev isə bildirdi ki, Azərbaycan 10 noyabr üçtərəfli bəyanatının tələbinə uyğun olaraq beynəlxalq hüququn prinsiplərini əsas götürərək Laçın yolunun başlanğıc hissəsində sərhəd-keçid məntəqəsi quraşdırdıqdan sonra bəzi suallar açıq olaraq qalmaqdaydı: “Ən vacib suallardan biri də bu məntəqənin quraşdırılmasından sonra bölgədə Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasında mövcudluqlarını hələ qoruyub saxlayan separatçı qüvvələrin, Ermənistan ordusunun qalıqlarının bölgəmizdən çıxarılması ilə bağlı məsələdir. Separatçı cinayətkarlar ölkəmizin ərazisini tərk etmək üçün Laçın yolundakı Azərbaycan nəzarət buraxılış məntəqəsindən keçməlidirlər. Bu halda Azərbaycan dövlətinə və xalqına qarşı cinayətlər törətmiş və Azərbaycan dövlətinə qarşı beynəlxalq axtarışa verilmiş terrorçuların məsələsi necə olacaq? Hesab edirəm ki, bu məsələ bölgədə maraqları olan bir sıra dövlətləri də maraqlandıran məsələdir. Çünki onlar üçün həmin cinayətkarların Azərbaycan daxilində qorunub saxlanması onların bölgə ilə bağlı maraqlarının həyata keçirilməsində alət idi. Azərbaycanın qətiyyətli addımları ilə həmin dövlətlər bölgəyə təsir etmək üçün mühüm imkanlarının birindən məhrum olmuş olurlar. Separatçıların Azərbaycanın müvafiq qurumları tərəfindən həbs olunması, müqavimət göstərərlərsə məhv edilməsi onların separatçılar üzərindən gələcəklə bağlı quracaqları planların da məhv olması ilə nəticələnə bilər. Təbii ki, belə bir perspektivlə üzləşməmək üçün həmin güclər tərəfindən biz Azərbaycana müəyyən çağırışların ediləcəyini də gözləyirik. Eyni zamanda separatçı şəxslər artıq bölgə ilə bağlı heç bir perspektivlərinin qalmadığını, əksinə, şəxsi təhlükəsizlik məsələlərinin təmini istiqamətində belə heç bir təminatlarının olmadığını dərk etdikləri üçün isterik və narahat vəziyyətdədirlər. Ona görə də hesab edirəm ki, həmin qüvvələr də ölkə daxilində növbəti təxribatlar törətmək, xüsusilə də dinc erməni sakinlərin Azərbaycana reinteqrasiya prosesinə maneçilik törətməklə onlara qarşı daha aqressiv təzyiq mexanuzmləri reallaşdıra bilərlər. 

Bu da Azərbaycanın müvafiq qurumlarının dinc erməni sakinlərin müraciəti əsasında onların hüquq və təhlükəsizliyinin qorunması istiqamətində növbəti antiterror əməliyyatları üçün hüquqi əsaslar formalaşdırmış olar. Həmçinin Azərbaycan humanist davranışını davam etdirərək bölgədən separatizmin kökünün birdəfəlik qaşınıb atılması müqabilində Ermənistan silahlı qüvvələrinin qalıqlarının və separatçı şəxslərin bölgədən çıxarılması müzakirə oluna bilər".

Politoloq hesab edir ki, hadisələr bir neçə istiqamətdə inkişaf edə bilər: “Birincisi, Azərbaycana qarşı cinayət törətdiyi dəqiq bəlli olan şəxslər istisna olmaqla, digər şəxslərin təhlükəsiz şəkildə Azərbaycan ərazisindən çıxarılması və Azərbaycanın buna razılıq verməsi müzakirə oluna bilər. İkincisi, həmin cinayətkar separatçı şəxslər müxtəlif qiyafələrdə gizlənərək mülki şəxslər adı altında bölgədən qaçmağa çalışacaqlar. Artıq bu barədə ilkin siqnallar da gəlməkdədir. Rusiya sülhməramlı qüvvələrinin avtomobillərində mülki şəxslərin geyimində ölkəmizin ərazisindən qaçışlar artacaq. Bu proses Azərbaycan ərazisində separatizmin kökünün kəsilməsi ilə yekunlaşacaq. Azərbaycanın bütün ərazisində dövlət suverenliyi təmin olunacaq”.   

Etibar SEYİDAĞA
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR