Onlayn ictimai-siyasi qəzet
İTV-də nümayiş olunan “Gündəlik” serialından kəsilib paylaşılmış fraqmentlə bağlı qalmaqal iki gerçəyi üzə çıxarıb.
Bunlardan biri son illərdə jurnalistlərin demonizasiyasının bu dərəcədə şiddətlənməsidir. (Demonizasiya - fərdlərin, qrupların və ya siyasi qurumların “şər qüvvələr” kimi səciyyələndirilməsi).
Qalmaqal zamanı aydın oldu ki, gerçəkdən də, bu ölkədə artıq xeyli adam jurnalist peşəsini bütün problemlərin fonunda görür, jurnalistləri “mərdiməzar”, “hər işə burun soxan”, “yalnız öz xeyrini güdən”, “hamını şantaj edən” adamlar hesab edirlər.
Bu tendensiyanın başlanğıc nöqtəsi, güman ki, dövlətin jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı gördüyü tədbirlər olub. Məhz ondan sonra jurnalistlər dilə-dişə düşdülər, yeri gəldi-gəlmədi tənqid-təhqir hədəfi oldular. Birdən-birə bütün ölkə jurnalistləri müzakirə edirdi. Ara səngiyirdi, günün günorta çağı, səmada heç bir bulud yoxkən, bir də görürdün, bekar qalmış qərəzkarın biri götürüb sosial şəbəkədə yazırdı: “Yox e, axı jurnalistlərə niyə ev verilməlidir? Kimdən artıqdırlar?”
Beləcə, fırtına başlayırdı. Biri yazırdı, o biri cavab verirdi, başqası ittiham edirdi, bir başqası əks-iddia elə çıxış edirdi, “at ürkdü, örkən apardı”, “ağız deyəni qulaq eşitmədi” hadisələri baş verirdi. Bu xoşagəlməz tendensiyanın son nəticəsi o oldu ki, axırda hökumət jurnalistlərə ev verilməsi ənənəsinə son qoydu.
Bu məsələdə müvafiq binaların tikintisi zamanı yol verilmiş korrupsiya faktları rol oynamış ola bilərsə də, əsl səbəbin jurnalistlərin demonizasiyası olduğu heç kəsdə şübhə doğurmasın. Çünki lap başından bəri jurnalistlərin bu sayaq aşırı şəkildə dilə-düşə düşməsinin sonda mənfi nəticələr verəcəyini proqnozlaşdıran, “belə getsə, jurnalistlər üçün tikilən 3-cü bina onlara verilməyəcək” deyənlər vardı və onların dedikləri 4 ildən sonra yüzdəyüz doğruldu. Hamının canı dincəldi.
İndi kim oldu mərdiməzar?
Ona görə də hər dəfə bu peşənin adamlarının əsassız yerə hansısa eybəcərliyin baş personajı, əsas baiskarı kimi qələmə verilməsi cəhdi hiddət doğurur. Deyirlər, “reket jurnalistikası yoxdurmu?” Yoxdur. Onlar jurnalist deyillər, heç reket də deyillər. Onlar sadəcə şantajist və dələduzdurlar, ölkədə və dünyada əyri yollarla, fırıldaqla başını dolandırmağa çalışan milyonlardan biridirlər. Bu adamlar özlərini makler, ekspeditor, vergi müfəttişi kimi də təqdim edə bilərlər.
Sözügedən qalmaqal ona görə baş verdi ki, paylaşılan framentdə həmkarlarımız demonizasiyanın əlamətlərini gördülər və cavab atəşi açdılar. Serialın həmin bölümünə bütöv baxılarsa, bəlkə də demonizasiya xeyli yumşaldılmış, malalanmış ola bilər, fəqət gerçək budur ki, dənizin suyunun şor olmasını bilmək üçün hamısını içməyə ehtiyac yoxdur, bir qurtum, bir fraqment də bəs edir.
“Gündəlik” serialı ilə bağlı qalmaqalın ortaya çıxardığı daha bir gerçək isə tamaşaçıların seriallardan üz döndərməsidir. İndi insanlar kütləvi şəkildə “Kurtlar vadisi” və ya “Aşk-i-Memnu” kimi serialların nümayişi zamanı ekran qarşısında əyləşmirlər. Hər serialın özünün öz kiçik auditoriyası var.
Bu da ona görə baş verdi ki, serialların süjet xətti, məzmunu, mövzusu bir-birini təkrar etməkdədir. Zatən, belə bir elmi yanaşma var ki, dünyada yaradıcılıq etmək üçün yarayan 26 mövzu var, əlimiz yetən serialların hamısı isə 5-6 populyar mövzularda inşa edilir.
Hansı seriala baxırsan, mafiozlar əllərində silah bir-birini qırıb çatır, sərvət uğrunda amansız, qanlı mübarizə gedir, pis adamlar vətənlərinə, ailələrinə, dostlarına xəyanət edirlər, hər bölümdə kimlərsə girov götürülür və onlar təvazökar qəhrəmanlar tərəfindən xilas edilirlər. Yaxşı polislərin içində mütləq pis, xain “göstəbək”lər olur, eyni zamanda pis banditlərin içində “yaxşı banditlər” tapılır.
Hər il bu kimi mövzularda yüzlərlə, minlərlə film çəkilir – hamısı da bir-birindən kopi-peyst. Artıq “pis bandit”, “yaxşı rəis”, “fikir babası” rolu oynamaq üzrə ixtisaslaşan aktyorlar var. Mafiozların qapalı məkanda oturub Bjezinski ədası ilə müdrik-müdrik dünya düzənini müzakirə etməsi isə başqa dərddir. Bir də görürsən, öz yanlarından Yaxın Şərqdə dövlət qururlar, Afrika ölkəsində hakimiyyəti dəyişirlər, Ağ Evdən girib Kremldən çıxırlar. Tam bir multfilm.
Bu təmayül ümumilikdə serial industriyasını kölgələyir və bu tipdən olan ekran əsərləri vasitəsilə cəmiyyətə ötürülməli olan xoşməramlı mesajların effektivliyi sıfırlanır.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ