İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçıların məhkəməsi COP29-dan sonra başlayacaq

Hüquqşünas: “30 ildən artıq hər gün, hər saat həyata keçirilən cinayətlərin istintaqı üçün nəinki aylar, hətta ildən də artıq müddət lazım ola bilər”

Qarabağda qondarma separatçı rejimin “prezidentləri” olmuş Bako Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddəti uzadılıb.

Binəqədi Rayon Məhkəməsində onlar barəsində olan həbsqətimkan tədbirinin müddəti daha 5 ay uzadılıb.

Qeyd edək ki, istintaqı Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən davam etdirilən cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub. Həmin şəxslər barəsində müxtəlif illərdə Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və beynəlxalq axtarış verilib. Ötən il keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı da həbs edərək Bakıya gətirib.

Hazırda Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq təcridxanasında saxlanılan separatçılar sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər. Belə görünür ki, məhkəmə dekabr ayından tez başlamayacaq. Yəni proses COP29-dan sonraya qaldı.

Xəyal Bəşirova İMZA-da vəzifə verildi

 Xəyal Bəşirov

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, hüquqşünas Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, erməni separatçı terrorçuların həbs müddədinin uzadılması barədə məhkəmə qərarının verilməsinin Azərbaycanda keçiriləcək COP29 beynəlxalq tədbiri ilə heç bir əlaqəsi yoxdur. Onların həbs müddətlərinin uzadılması barələrində ibtidai istintaqın tələb etdiyi məqamlarla bağlıdır. Bu şəxslər 30 ildən artıq müddət ərzində Azərbaycan ərazisində terrorçuluq fəaliyyətinin, separatizmin, qanlı cinayətlərin, soyqırımı aktlarının, talançılığın və digər ağır cinayətlərin həyata keçirilməsinə rəhbərlik etmiş, bu cinayətləri birbaşa təşkil etmiş, sifariş vermis şəxslərdir. Onların uzun illər ərzində yol verdikləri cinayət əməllərinin miqyası, əhatə dairəsi o dərəcədə böyükdür ki, istintaq araşıdırmasına çox uzun zaman lazımdır: “Bu elə-belə sadə bir məsələ deyil, burada söhbət çox böyük bir cinayətkar şəbəkənin uzun illər ərzində həyata keçirdiyi syasız-hesabsız ağır cinayətlərin dərindən araşdırılması və sonda ən düzgün hüquqi qiymətin verilməsindən gedir. Bu qatillər illər boyu demək olar ki, hər gün Azərbaycan dövlətinə, Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə, təbiətinə qarşı cinayətlər törədiblər. Onların həyata keçirdikləri cinayətlərin miqyasını təsəvvür etmək belə, insanı dəhşətə gətirir. 30 ildən artıq hər gün, hər saat həyata keçirilən cinayətlərin istintaqı üçün təbii ki, nəinki aylar, hətta ildən də artıq müddət lazım ola bilər. Bu şəxslər xüsusilə ağır cinayətlər törədiblər. Qanuna görə, xüsusilə ağır cinayət törətmiş şəxslərin ibtidai istintaq müddəti 19 aya qədər davam edə bilər. Buna görə də hətta indi verilən beş ay müddət də başa çatandan sonra həmin şəxslərin ibtidai istintaqının başa çatmaması halında barələrində daha beş ay da həbs müddəti qərarı verilə bilər. Ona görə də indi həmin şəxslərin barəsində həbs müddətinin 5 ay uzadılması tamamilə düzgündür və qanunidir. İbtidai istintaqdan sonra məhkəmə istintaqı prosesi başlayacaq. Məhkəmənin hökmü elan olunanadək də onlar istintaq təcridxanasında həbsdə saxlanacaqlar. Bütün bunlar cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş məqamlardır”.

Hüquqşünas vurğuladı ki, separatçı qatillərin Azərbaycan tərəfindən həbs edilməsini əslində Ermənistan cəmiyyətinin də əhəmiyyətli hissəsi düzgün addım kimi qəbul edir: “Ermənistan cəmiyyətinin əksəriyyəti anlayır ki, əslində biz onların da canını bu cür cinayətkarlardan, Ermənistan üçün də təhlükə olan cinayətkarlardan qurtarmışıq. Onlar həbs edilməsəydilər, imkan tapsaydılar, Ermənistana qaçacaqdılar və Ermənistanı qarışdıracaqdılar, cinayətkar mahiyyətlərinə uyğun davranışlarını orada başqa formada nümayiş etdirəcəkdilər. Nəticədə Ermənistan xalqı əlavə problemlərlə üz-üzə qalacaqdı. Odur ki, Ermənistan dövləti və xalqı əslində Qarabağ separatçılarının qandallanmasına və məsuliyyətə cəlb olunmasına görə Azərbaycana təşəkkür etməlidir. Bu gün Ermənistanda küçələrdə, meydanlarda hakimiyyətə meydan oxuyan, mitinqlər keçirən, hətta Paşinyanı aradan götürmək çağırışları edən başıpozuq dəstənin sıralarında Qarabağdan qaçmış cinayətkar separatçılar da var. Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan, Ruben Vardanyan və Bakıda istintaq təcridxanasında saxlanan digər qatil ermənilər əgər həbs olunmasaydılar və Ermənistana getsəydilər bu gün onların sıralarında olacaqdılar”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Dekabr 2024

30 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR