Onlayn ictimai-siyasi qəzet
İki gün əvvəl Çinin paytaxtı Pekində Fələstində fəaliyyət göstərən Fəth, Həmas və daha 12 hərbi-siyasi qrup arasında razılaşma imzalandı. Bu razılaşmaya əsasən, 2007-ci ildən faktiki olaraq bölünmüş olan Fələstində müvəqqəti milli birlik hökuməti qurulmasında razılaşır.
Razılaşma Çin Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə əldə olunub. Doğrudur, bundan əvvəl Qahirədə, Əlcəzairdə də oxşar razılaşmalar imzalanmışdı. Ancaq Qəzzada müharibənin davam etdiyi bir vaxtda Çinin bu diplomatik həmləsi xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, bu, Çinin regionda ilk barışıdırıcı missiyası deyil. Bundan əvvəl 2023-cü ilin martında uzun illər davam edən gərginliyin ardınca Pekində İran və Səudiyyə Ərəbistanı arasında barışıq sazişi imzalandı. İndi isə Çin bu həmləsi ilə Yaxın Şərqin mərkəzinə - Fələstin münaqişəsinə daxil olur. Bu, 20 ildir Pekinin Yaxın Şərq və Afrikada möhkəmlənmə siyasətinin bir davamıdır.
Başqa bir tərəfdən, Çinin regionda güclənməsi ABŞ-ın regionda zəifləməsi ilə paralel şəkildə gedir. Yəni başqa sözlə, Çin ABŞ-dan “boşalan” yerlərə daxil olur. ABŞ-ın 2017-ci ilin dekabrında (Donald Trampın prezidentlik dövrü) Qüdsü İsrailin paytaxtı kimi tanıması, daha sonra İranla şiddətli gərginlik və nəhayət, 2023-cü ildə Qəzzada başlayan müharibədə birtərəfli mövqe tutması Vaşinqtonun Yaxın Şərqdə mövqelərinə ciddi şəkildə təsir edib.
Məsələn, “əl-Məcəllə” jurnalında dərc olunan məqalədə deyilir ki, ABŞ-da yerləşən “Ərəb Barometri” (Arab Barometer) adlı sosial sorğu mərkəzinin 16 ərəb ölkəsində apardığı sorğunun nəticələrinə əsasən Qəzza müharibəsindən sonra ABŞ-ın Yaxın Şərqdə nüfuzu xeyli dərəcədə düşüb və bunun müqabilində Çininin nüfuzu yüksəlib.
2021-2022-ci illərdə İordaniyada xalqın 50 faizdən çoxu ABŞ-a müsbət baxdığı halda, 2023-2024-cü illərdə bu rəqəm 28 faizə düşüb. Livanda isə analoji vaxt aralığında ABŞ-a münasibət 42 faizdən 27 faizə düşüb.
Yenə də eyni dövrdə İordaniyada Çinə simpatiya bəsləyənlərin sayı 14 faizdən 34 faizə, Livanda isə 10 faizdən 27 faizə yüksəlib. Hazırda əksər ərəb ölkələrində əhalinin çoxu Yaxın Şərqdə Çinin ABŞ-la müqayisədə daha yaxşı siyasət apardığını düşünür.
Çinin regionda nüfuz qazanmasının bir neçə səbəbi var. İlk növbədə Pekin artıq 20 ildən çoxdur ki, Yaxın Şərq və Afrikaya ciddi sərmayə qoyuluşu həyata keçirir. Səudiyyə Ərəbistanı, BƏƏ və daha bir neçə ölkəsi Çinin regiondakı ticarət tərəfdaşı, həmçinin “bir kəmər, bir yol” layihəsinə qoşulub. Çin artıq Ərəbistan dənizi və Fars körfəzində ərəb ölkələri və İranla birgə hərbi təlimlər keçirir, Cibutidə ilk xarici hərbi bazasını qurub.
İkinci tərəfdən, ABŞ-dan fərqli olaraq, Çin regional münaqişələrə daxil olmur, tərəf tutmaqdan yayınır. Ərəb ölkələri ilə yaxın münasibətlərlə yanaşı Pekin İsraillə çox ciddi iqtisadi və infrastruktur layihələri həyata keçirib. Yəni Pekin rəsmiləri bütün tərəflərlə masa arxasında oturmaq imkanına sahibdir.
Digər tərəfdən, ABŞ-dan fərqli olaraq Çin regionda yeni oyunçudur, ABŞ kimi münaqişəli keçmişi yoxdur. Vaşinqton isə son illərdə regional siyasətində ciddi problemlər yaşayır.
7 oktyabr 2023-cü ildə Qəzzada başlayan müharibədən sonra Çin ABŞ-dan fərqli olaraq Fələstini müdafiə etdi və ilk dəfə olaraq İsrailin aqressiyasını sərt şəkildə tənqid etdi. Bu da Pekinin ərəb ölkələrində nüfuzunun artmasına səbəb oldu.
Vaşinqton isə getdikcə daha çox tənqidlərə səbəb olur. Doğrudur, ABŞ xüsusən də son 50 ildə Yaxın Şərq münaqişəsinin əsas vasitəçisi rolunu üzərinə götürüb. Ancaq 2017-ci ildə Trampın Qüdsü (Yerusəlim) İsrailin paytaxtı olaraq tanıması ərəb ölkələri nəzərində Vaşinqtonun vasitəçi rolunu ciddi şəkildə zədələdi. Halbuki 2003-cü il İraqın işğalından sonra ABŞ regiondakı nüfuzunu çox çətinliklə bərpa etmişdi.
Oktyabrda Həmasın İsrailə hücumu ilə başlayan Qəzza müharibəsi Vaşinqton üçün daha ciddi sınağa çevrildi. ABŞ-ın hazırkı demokrat hökuməti hər nə qədər vasitəçi rolunu üzərinə alsa da, ABŞ-ın İsrailə hərbi-siyasi dəstəyi Vaşinqtonun regiondakı nüfuzunu ciddi şəkildə laxladır. ABŞ əzəli müttəfiqi İsraili hərtərəfli dəstəkləməklə ərəb ölkələri ilə dostluq münasibətlərini saxlayaraq Fələstin münaqişənin ədalətli vasitəçi rolunu eyni anda oynamaqda getdikcə daha çox çətinlik çəkir. Başqa sözlə, iki missiyanı aparmaq getdikcə daha çətin olur. Bayden hökumətinin müharibənin dayandırıb münaqişənin sülh yolu ilə həlli danışıqlarının başlaması cəhdləri İsrailin ifrat sağçı hökumətinin müqaviməti nəticəsində uğursuz oldu. Nəticədə Bayden administrasiyası hələ də Qəzzada passiv sülhə belə nail ola bilmədi. Bu və bu kimi məsələlər ABŞ-ın regiondakı nüfuzunu ciddi şəkildə zədələyir. Həm də ona görə ki, indi regionda Vaşinqtonun hər hərəkətindən ona qarşı istifadə etməyə hazır olan Rusiya və Çin kimi güclü rəqiblər var.
Çin isə bu regionda həm yeni, həm də Rusiya və ABŞ-dan fərqli olaraq, daha sağlam keçmişə malik olması, üstəlik, böyük iqtisadi imkanları ilə sürətlə nüfuz qazanır. İndi Vaşinqtonun büdrədiyi hər yerdə onu əvəz etməyə hazır olan Çin dayanır. Bu isə region üçün ən azı “soyuq müharibə” dövründən sonra yeni reallıqdır.
Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ